Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? – RƏSMİ

Öyrənək 4 İyul 2024 14:25 Oxunub 232
Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS  qalıb? – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər Azərbaycanda avtobus parkı genişlənsə,  yeni avtobusların gətirilməsi istiqamətində ciddi işlər aparılsa da, marşrutların kart sisteminə keçirilməsi aktual olaraq qalır. Paytaxtda hələ də nağd ödənişlə fəaliyyət göstərən avtobuslara rast gəlirik. Xüsuilə Bakıətrafı qəsəbələrdə vəziyyət bərbad durumdadır. Ətraf qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarda 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Halbuki cavabdeh qurum hələ 2019-cu ildə bütün avtobusların il sonuna qədər kart sisteminə keçəcəyini açıqlamışdı. Həmin müddətdən 5 il keçməsinə baxmayaraq, problem eyni qalır. 

Məsələ burasındadır ki, yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən dayanacaqlarda saxlamayan, bir-birləri ilə qəpik yarışına çıxan, belə avtobuslar səbəb olurlar.

Bəs, maraqlıdır, paytaxtda nağd ödənişlə fəaliyyət göstərən avtobusların sayı nə qədərdir?

Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

“Ümumilikdə  115  marşrut üzrə  1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64%-ində nağdsız ödəniş sistemi tətbiq olunur”.

AYNA-nın açıqlamasından belə aydın olur ki, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Qurum nağd ödənişlə işləyən avtobusların  konkret sayını açıqlamasa da, kiçik hesablama kifayət edir ki, bu rəqəmin neçə olduğunu bilək. Hesablamalarımıza görə kartsız işləyən avtobusların sayı 1026 -dır. 
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı 2021-ci ildə Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirmişdi ki, kartsız işləyən marşurutların sayı 90-dır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh