Paytaxtda tikilən binalar arasındakı məsafə nə qədər olmalıdır? – ekspertlərdən həyəcan təbili
Bakının Baş Planı bir neçə il çəkən müzakirələrdən sonra bu ilin yanvar ayında təsdiqləndi. Lakin Baş Planda hələ də müəmmalı qalan məsələlər də var. Belə ki, paytaxtın bir çox ərazilərində bir-birinə yaxın tikilən göydələnlər ucaldılmaqda davam edir.
Məsələ ilə bağlı əmlak eksperti Vüsal Məstəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yeni tikililərdə ən vacib problem binalar arasındakı məsafədir. Lakin belə binaların sahibləri bu məsələyə ciddi yanaşmır.
“Bu problemlə daha çox Yeni Yasamal, Nizami və Xətai rayonu ərazilərində rast gəlmək mümkündür. Standarlar ondan ibarətdir ki, binalar arasında onların hündürlüyü qədər məsafə olması mütləqdir. Bakının yeni təsdiqlənmiş Baş planında yeniliklərin olmasına baxmayaraq, mövcud problemin 2040-cı ilə qədər də həll olunacağı gözlənilmir. Yeni Baş planda əksər köhnə tikililərin sökülməsi nəzərdə tutulub.”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti üzrə ekspert Vüqar Əlövsət saytımıza açıqlamasında bildirib ki, baş verə biləcək fövqəladə halın, yanğının qonşu binalara keçməsinin qarşısının asanlıqla alınması və ya ümumiyyətlə keçməməsi üçün binalar arasında məsafələr müəyyən normativ aktlarla tənzimlənir.
“Binadakı mənzillərin eyvanları, açılan pəncərələri bir-birindən müəyyən məsafədə olmalıdır ki, bu insanların yaşam komfortları və insan haqlarına hansısa müdaxiləyə imkan verməsin. Şəhərin əksər yerlərində bu məsafə məsləsinə əməl edilmədiyini görə bilərik. Hətta elə binalar var ki, onların həyətinə təcili yardım, yanğınsöndürən maşınları belə girməkdə çətinlik çəkir. Binalar arasındakı məsafəyə gəlincə, bu, müəyyən əmsallar əsasında hesablanır. Məsələn, binanın xarici divarları 20 metrdirsə, o zaman binalar arası məsafə 12 metr olmalıdır, 40 metrdirsə, 24 metr, 50 metrdirsə məsafə 30 metr olmalıdır. Paytaxtdakı göydələnlərin əksəriyyəti əsasən 15-20 mərtəbəlidir, yəni binanın karkası 40-60 metr hündürlükdə olur. Ortalama ədəd olaraq ifadə etsək, binalar arasındakı məsafə təqribən 30 metr olmalıdır”.
Ekspert qeyd edib ki, Bakının 2040-cı ilədək olan Baş planında şəhər ərazisindəki binalar arasında məsafə ilə bağlı da yeni qaydalar var.
“Yeni Baş planda yaşıllııq sahələrinin artırılması, tikinti işlərinin əvvəlki illərlə müqayisədə azaldılaması göstərir ki, planın qarşısındakı əsas məqsəd yeni qəbul edilən qaydalara əməl etməkdir. Qeyd olunan problemin həlli üçün, əvvəlki illərdə tikilən binalarla bağlı qayda pozuntularının nəzarətə götürülməsi və bu prosesdə şəffaflığın təmin olunması üçün yeni təftiş komissiyası yaradılmalıdır. Qardaş ölkə Türkiyədə ötən il baş verən zəlzələ zamanı binalar arasındakı məsafələrə və tikintidə təhlükəsizlik qaydalarına nəzarət edilməməsi belə ərazilərdə təhlükəsizliyin təmini məsələsində xeyli problemlər yarandığının şahidi olduq. Beləliklə, ölkəmizdə də bu məsələ daim diqqətdə saxlanılmalıdır ki, belə hallar zamanı hansısa ciddi dağıntlılar, fəlakətlərə səbəb olmasın”.
Ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir ki, paytaxtda standartlara cavab verməyən, təhlükəsizlik qaydalarına nəzarət etməyən çoxmənzilli binaların, eləcə də fərdi yaşayış evlərinin söküntüsünə başlanıb.
“Ermənistan ərazisini tərk etməyə məcbur olan azərbaycanlıların, eləcə də 1-ci Qarabağ müharibəsi zamanı məcburi köçkünlərin bir hissəsinin paytaxtda yerləşməsinin yaratdığı çətinliklər 1986-cı ildə təsdiqlənən Baş planı həyata keçirməyə mane olub. Ümid edirəm ki, 2040-cı ilə qədər həyata keçirilməsi planlaşdırılan Baş plana riayət edilər. Əks halda indiyə qədər var olan və sonrakı illərdə yaranan problemlərin həlli mümkün olmayacaq, yaxud 100 milyonlarla manat vəsait büdcədən məhz bu problemlərin həllinə yönəldilməli olacaq. Tikinti sahəsindəki kobud qayda pozuntuları, binalar arasındakı məsafələrə nəzarət edilməməsi, əksər binaların qarajlarının olmaması, istifadə müddətini başa vuran binaların hələ də istifadə edilməsi yol infrastrukturuna, eləcə də belə ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi məsələsində probelmlərə səbəb olur”.
Mütəxəssislərin fikrincə, əgər əvvəlki illərdə tikilən binalar arasındakı məsafə, həmçinin binalardakı təhlükəsizlik məsələləri ilə bağlı hansısa problem yaransa, paytaxtın Baş planı ilə bağlı dəyişikliklər də edilə bilər.
Səfər Əlizadə