Reklam

Post-taksi və ictimai nəqliyyat dövrü - Bakı sakinlərini nə gözləyir?

Öyrənək 7 İyun 2024 15:24 Oxunub 372
Post-taksi və ictimai nəqliyyat dövrü - Bakı sakinlərini nə gözləyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gələn aydan paytaxt sakinlərinin el diliylə desək, ayağını yerdən götürən “manatlıq taksilər”in dövrü bitir. Yeni qaydalar şəxsi minik avtmobili ilə taksi xidməti göstərənlərin işini çətinləşdirəcək. Tətbiq olunan rüsumları ödəmək istəməyən sürücülərin çoxu bu sahədən uzaqlaşacaq. Təklifin azalması isə xidmət sektorunda qiymətlərin artmasına gətirib çıxaracaq.

Aidiyyəti qurumlar sərnişindaşımada yeni mərhələyə hazırdırmı? Bakıda ictimai nəqliyyatda xidmətin keyfiyyəti 90-lara qayıdacaq?

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı TNS-ə deyib ki, yeni qaydalar ictimai nəqliyyatı 90-lara qaytarmayacaq: “Biz o dövrü yaşamışıq. O zaman sərnişindaşımada “qazel”lər, xırda “Mercedes”lər populyar idi. Çox narahat idi, əyilib iki qat olurduq, mənzil başına çətinliklə çatırdıq. İndi avtobus parkı yenilənib, xəttə yeni nəqliyyat vasitələri buraxılıb. İritutumlu avtobuslar xidmətdədir, sadəcə onların sayı yetərli deyil. Say az olduğundan insanlar şəxsi avtomobil almağa maraq göstərir, taksilərə üz tutur. Problem də bunda özünü göstərir. İctimai nəqliyyat bu gün öz işinin öhdəsindən tam gələ bilmir. Yəni, 60-70 faiz gəlır. İctimai nəqliyyat bu gün öz işinin öhdəsindən tam gələ bilsəydi, yeni metro stansiyalarının tikilməsi planlaşdırılmazdı. Bakının baş planında metro stansiyalarının sayının 50-yə çatdırılması nəzərdə tutulub. Paytaxtda 2 min avtobus gündəlik xəttə çıxmalı, 200-ü də ehtiyatda qalmalı idi. Hesab edirəm ki, Bakıda nə zamansa problem aradan qaldırılacaq. Ancaq buna illər lazımdır. Çünki metro stansiyalarının tikilməsi vaxt aparır. Ən yaxşı halda metro stansiyasını 5 ilə tikirlər”.

Ekspert bildirib ki, Bakıda iri meqapolislərdə populyar nəqliyyat vasitəsi olan metrobus şəbəkəsi yaradıla bilər: “Biz bununla bağlı təkilflər vermiş, layihə də hazırlamışdıq. Bakı-Sumqayıt arası metrobus şəbəkəsinin qurulması təklifi var idi. Biz “Xaliq Faiqoğlu” şirkəti ilə birlikdə bunu təklif etdik. Lakin qəti qərar çıxmadı. Dövlətin burada hansısa dəstəyi lazım idi. Amma bu dəstək olmadı və bu layihə kənarda qaldı. Hesab edirəm ki, bu şəbəkəni qurmaq olar. Metro stansiyalarının bu qədər inkişafı hədsiz dərəcədə vaxt aparır. Amma yerüstü nəqliyyatı inkişaf etdirmək daha yaxşı olardı. Metro yalnız yeraltı ola bilməz, olmamalıdır da. Bakı-Sumqayıt arası metrobus xəttinin qurulması çox vacibdir. Qatarlar işə düşəndən Bakı-Sumqayıt arasında sərnişin sıxlığının xeyli azaldığını müşahidə etdik”.

Bakıda tramvay xətlərinin bərpası da müzakirə olunur. Lakin ekspert deyib ki, Bakıya tramvay qayıtsa belə, sərnişin sıxlığını aradan qaldırmaq mümkün olmayacaq: “Çünki bütün küçələrə tramvay xətlərinin çəkilməsi mümkün deyil. Vaxtilə tramvayların mövcud olduğu küçələrdə belə bu gün o şəbəkəni qurmaq xəyal kimi görünür. Bunu mümkün hesab etmirəm. 2040-cı ildən tez bu xətləri qurmaq olarmı? Məncə, bir qurum bütün bu işləri görəcək səlahiyyətlərə malik deyil. Mütləq hansısa sənəd digər qurumlarla razılaşdırılmaldır. O sənəd isə həmin qurumda ilişib qalır, ləngiyir. Beləliklə, aylar keçir, məsələ operativ həllini tapmır, problem özünə dərin kök salır”.

Bakıda ictimai nəqliyyatın problemlərindən biri də avtobus zolaqlarının şəxsi minik maşınları tərəfindən zəbt olunmasıdır. Ekspert bildirib ki, bu məsələ inzibati yollarla həll edilməlidir: “Bakıda avtobuslar üçün ayrıca zolaqlar çəkilir və səmərəli də istifadə olunur. Düzdür, bu zolaqlar bütün küçələri əhatə etmir. Mümkün olan yollarda yaradılıb. Xeyli ərazidə bu zolaqlar var. Bəzilərində də avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulur. Sadəcə, avtobus zolaqlarının qorunması problem olaraq qalır. Çünki bəzi sürücülər üçün 40 manatlıq cərimə xırda bir məsələ kimi görünür. Onlar avtobus zolaqlarna girir. Hətta bəzən sürücülər avtobus zolağında əks istiqamətdə hərəkət edir. Bakı-Sumqayıt yolunda kameraların yerini bilən sürücülər var ki, onlar avtobus zolaqlarına girirlər. Bu, bizi narahat edir, dəfələrlə bildirmişik ki, zolaqları qorumaq üçün kameraların sayı artırılsın. Hesab edirəm ki, kameraların sayı və cərimələr artırılmalıdır”.

Paytaxtda xəttə buraxılan avtobuslardakı sanitar-gigiyenik durum da sərnişinləri naraz salan faktordur.

“Bakıda xəttə 2 min avtobus buraxılır. Bunun da təxminən 1000-ə yaxını istismara yararsızdır. Bunu müvafiq qurumlar da etiraf edir.

Bakı şəhərinin nəqliyyat sisteminə isə təxminən 2600 ədəd avtobus lazımdır. 1800 yeni avtobus alınmalıdır. Aidiyyəti qurumlar sərnişindaşımadakı nəqliyyat vasitələrini elektriklə işləyən avtobuslarla əvəz etmək istəyir. Onun da biri 500-600 min manat civarındadır. Hələ Çin istehsalı olanlardan danışırıq. Bir də onların servis məsələsi var. Detalları da çox bahadır. 600 min manata dizellə işləyən 2-3 avtobus almaq olar. Bu il ölkəyə 160 elektriklə işləyən avtobusun gətirilməsi nəzərdə tutulur. 1800-ə qarşı 160 avtobus problemi həll etmir. Ona görə də qalmışıq salonu çirkli, yayda soyutma, qışda isitmə sistemi olmayan avtobusların ümidinə. 500-ə yaxın avtobusda kart sistemini tətbiq etmək mümkün deyil. Çünki o avtobuslara kart-varidator sistemini quraşdıranda avtobusa minib-düşmək çətinləşir. Ona görə də kart sisteminə keçid mümkün olmur. Bütün bunlar insanları ictimai nəqliyyatdan didərgin salır. Hesab edirəm ki, COP29 ərəfəsində bu sahədə ciddi düşünmək lazımdır. 160 avtobusla iş düzəlməyəcək. 160 avtobusu gətirdik, şəhərin mərkəzində sürdük, bəs kənardakılar nə edəcək? Daşıyıcı şirkətlərə dövlət tərəfindən subsidiyaların ayrılmasını təklif edirik.  Ötən il barmaq sayı qədər avtobus alındı. Halbuki ötən illərdə yüzlərlə avtobus alınırdı”, -deyə E. Muradlı bildirib.

Araşdırmaçı jurnalist, sosioloq Elçin Bayramlı isə TNS-ə deyib ki, paytaxtın nəqliyyat sistemində, daha doğrusu şəhərdaxili avtobus nəqliyyatında həyata keçirilən islahatlar problemi həll edə bilməyib: “Son vaxtlar bəzi şəhər küçələrində xüsusi avtobus zolaqlarının yaradılmasını alqışlamaq olar, bunun nəticəsində problemin kəskinliyi bir qədər azalıb. Həmin xüsusi zolaqlar yaradılan küçələrdə avtobuslar tıxac vaxtları belə normal hərəkət edə bilir. Təəssüf ki, heç də bütün küçələrdə belə zolaqlar yaratmaq mümkün deyil, lakin mümkün olan küçə və prospektlərdə bunun yaradılması vacibdir”.

Elçin Bayramlı hesab edir ki, sərnişindaşımanın daha bir paradoksal və problemli cəhəti marşrutların düzgün təşkil edilməməsidir.

“Təəccüblüdür ki, metrodan-metroya marşrutlar daha çox paylanıb, metro olmayan yerlərə isə əksinə, daha az marşrut işləyir. Bundan başqa, marşrut xətlərinin bir çoxu ləğv edilib, hərəkət xətləri qısaldılıb. Bu da sərnişindaşımada böyük disbalans yaradır. Bəzi ərazilərdə yaşayanlar şəhərin başqa yerinə getmək üçün azı 2-3 marşrut dəyişməyə məcbur olurlar ki, bu da əlavə vaxt və pul itkisi deməkdir.

İldən ilə avtobusların sayının artmasına baxmayaraq, əksər marşrutlarda sərnişinlər ayaq üstə getməyə belə yer tapmırlar. Marşrutların və avtobusların sayı, intervalı tələbata uyğun deyil. Konkret olaraq, marşrut sahiblərinə şərti olaraq 1000 sərnişini 20 avtobusla daşımaqdansa, 10 avtobusla daşımaq sərf edir. Əlavə avtobus isə əlavə xərclər deməkdir”, - E.Bayramlı bildirib.

Onun sözlərinə görə, tramvay və trolleybus kimi səmərəli, ucuz, ekoloji təmiz nəqliyyat sistemlərinin ləğv edilməsi ilə Bakıda böyük problem yaranıb: “İndi bu boşluğu havaya tonlarla zəhərli qazlar buraxan, şəhərdə tıxaclar yaradan avtobuslar doldurur. Bir də metro, hansı ki, uzun illərdir, vaqonlarında sərnişinlər bir-birinin “belində” gedir. Yeri gəlmişkən, pik saatlarda metroda da həddən artıq sıxlıq olur. Qatarların hərəkət cədvəli isə onsuz da maksimum tezlikdə tərtib olunub, bundan artıq yüklənməsi mümkün deyil. Yerüstü nəqliyyat normal tənzimlənsə, metronun da yükü azalar. Metro stansiyalarının sayının artıırılması vacibdir və bu işi sürətləndirməyə ehtiyac var”.

“Taksi nəqliyyatı təxminlərimə görə, yerüstü sərnişin axınının ən azı yarısını daşıyır”, - deyən ekspertin fikrincə, taksilərin sayının azaldılması, bu sahədə tələblərin artırılması problemi daha da ağırlaşdıracaq: “Yolüstü taksilər də şəhərin sərnişin axınının əhəmiyyətli hissəsini daşıyır. Əgər onlar olmasa, sərnişinlərin çoxu avtobuslara minməyə belə yer tapa bilməz.

Bakı dünyada kütləvi yerüstü sərnişin nəqliyyatı yalnız avtobuslardan ibarət olan bəlkə də yeganə iri şəhərdir. Problemi həll etmək üçün paytaxtın şəhərdaxili sərnişin nəqliyyatında əsaslı islahatlar aparılmalıdır. Tramvay və trolleybuslar, şəhərətrafı elektrik qatarları sistemi bərpa edilməlidir. Bu nəqliyyat sistemləri həm ekoloji təmiz, həm gedişhaqqının avtobuslara nisbətən ucuz olması, həm daha çox sərnişin daşıma qabiliyyəti ilə seçilir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh