Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO

Öyrənək 3 Mart 2026 11:30
Qəzalar hansı psixoloji səbəblərdən yaranır? - Aqil Rəhimov AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər yol-nəqliyyat hadisələrinin sayının azaldılması istiqamətində müxtəlif maarifləndirici kampaniyalar keçirilsə də, həm sürücülərin, həm də piyadaların davranışındakı problemlər hələ də aktual olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, qəzaların böyük hissəsi texniki nasazlıqdan və ya qaydaları bilməməkdən deyil, insan faktorundan qaynaqlanır. Xüsusilə piyadaların yolu keçərkən diqqətsiz davranışı və sürücülərin aqressiv manevrləri təhlükəsizlik baxımından ciddi risk yaradır.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində çıxışı zamanı həm sürücülərin, həm də piyadaların davranışındakı psixoloji amillərə diqqət çəkib.

Onun sözlərinə görə, bəzi piyadaların yolu avtomobillərə baxmadan keçməsi ciddi təhlükə yaradır. Məşqçi bunu “dəvəquşu sindromu” ilə izah edib:
“Bəzi piyadalar elə düşünür ki, əgər maşına baxmırsa, deməli təhlükə yoxdur. Sanki görmədiyi avtomobil onu vura bilməz. Halbuki bu, son dərəcə yanlış və riskli yanaşmadır”, – deyə o bildirib.

Aqil Rəhimov qeyd edib ki, piyadalar bəzən yolu keçərkən düzgün istiqamətə baxmır, sağdan keçərkən sola baxmaq əvəzinə sağa baxır, yolun ortasına çatdıqda isə əks istiqaməti gec yoxlayırlar. Bu isə qəza riskini artırır.

Məşqçi vurğulayıb ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti bilik çatışmazlığından deyil, məsuliyyətsiz və aqressiv davranışdan qaynaqlanır:

“Ən zəif bilikli sürücü də bilir ki, qırmızı işıqda keçmək olmaz. Hər kəs anlayır ki, piyada keçidində piyadaya yol verilməlidir. Amma buna baxmayaraq qaydalar pozulur. Burada məsələ daha çox mənəm-mənəmlik, “görmürsünüz mən gəlirəm?” və ya “qoymaram” psixologiyası ilə bağlıdır”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün yalnız qaydaları bilmək kifayət deyil. Davranış mədəniyyəti, qarşılıqlı hörmət və psixoloji hazırlıq da əsas şərtlər sırasındadır. O hesab edir ki, həm sürücülər, həm də piyadalar məsuliyyət hissini artırmalı və yolda daha diqqətli davranmalıdırlar.

Eltac Zülfüqaroğlu

Oxunub : 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh