Satdığınız maşın adınızda qalıbsa nə etməlisiniz? - Qaydalar belədir - VİDEO
Əksər sürücülər avtomobili satan zaman vaxt itirmək istəmədikləri üçün etibarnamə ilə satmağı üstün götürürlər. Bu variant həm satan, həm də alan tərəf üçün rahat görünə bilər. Lakin etibarnamə ilə avtomobili satmaq alqı-satqı sayılmır. Etibarnamə yalnız avtomobili digər şəxsə etibar etmək üçün olan sənəddir.
Etibarnamə ilə maşın alıb-satmaq hər iki tərəfə rahat olduğu kimi, çətinə salan durumları da olur. Bəzən avtomobili etibarnamə ilə alır və bir müddətdən sonra məlum olur ki, satan şəxsin kredit və ya aliment borcu olduğu üçün məhkəmə tərəfindən həbs qoyulub. Bundan sonra sürücü rahat şəkildə aldığı avtomobili həbsdən çıxarmağı mümkünsüz və çətin olur.
Bəzən isə avtomobili satan şəxs bir müddətdən sonra görür ki, avtomobil hələ də onun adında qalıb. Həmin şəxsi tapıb avtomobili adından çıxarmağa çalışsa da mümkünsüz olur. Elə hallar olur ki, etibarnamənin vaxtı bitdiyindən cərimələr etibarnamə verən şəxsin adına gəlir. Bu zaman avtomobili satdığı adamı axtarmağa çalışsa da tapa bilmir.
Belə olan halda avtomobili adınızdan necə çıxara bilərsiniz?
Bunun üçün iki yol var: Ya etibarnamə verdiyiniz şəxsi tapmalısınız, ya da ki, etibarnaməni verdiyiniz notariat kontoruna yaxınlaşaraq etibarnaməni ləğv etdirməli, daha sonra isə Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə müraciət edərək avtomobilin duracağa yerləşdirilməsini tələb etməlisiniz. Bundan sonra avtomobil hərəkətdə olan zaman yol polisi əməkdaşları tərəfindən saxlanılıb mühafizə olunan duracağa yerləşdiriləcək. Avtomobil həmin şəxsin istifadəsindən alındıqdan sonra onunla razılığa gəlib alqı-satqı vasitəsilə adına keçirilməsini tələb etməlisiniz.
Bütün bunların baş verməməsi üçün avtomobili öncədən alqı-satqı vasitəsilə satmağınız tövsiyə olunur.
Nurlan Sakitoğlu
Nərmin Əkbər