Sığorta bitən günü sürücüyə cərimə yazıla bilər? - EKSPERTLƏRDƏN AÇIQLAMA - FOTO - VİDEO
Əksər hallarda sürücülər icbari sığorta bitdiyi zaman cərimə tətbiq olunmadığını və onlara möhlət hüququ verildiyini zənn edirlər. Sürücülər çox zaman texniki baxışa verilən 20 gün müddəti, icbari sığortaya da verildiyini düşünürlər. Bəs bununla bağlı qanun nə deyir?
Sürücülərə qaranlıq qalan bu məsələ ilə bağlı Avtosfer.az mütəxəssislərin rəyini öyrənib.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, sürücülərin çoxu texniki baxışın bitmə vaxtı ilə sığortanın bitmə vaxtını qarışdırırlar: “Texniki baxışın vaxtı bitdikdən sonra 20 gün güzəşt müddəti var. Sığortada isə bu güzəşt yoxdur. Sığorta bitdiyi gündən uzadılmalıdır. Bu da sürücünün maraqlarındadır. Bir gün tutaq ki, gecikdiniz həm cərimə yazılacaq, həm də həmin günü sığorta olmadığı halda qəzaya düşmüsünüzsə, deməli siz bütün ödənişi özünüz edəcəksiniz. Hətta məhkəməyə verib, qəzanın ödənişini sizdən ala bilərlər. Amma bilirsiniz ki, əgər başqasına zərər vurmusunuzsa sığorta 5 min manata qədər zərəri qarşılayır. Ona görə sığortanın vaxtında edilməsi sürücülər üçün vacib bir prosesdir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, qaydalara görə, mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün nəqliyyat vasitələrinin hamısı icbari sığorta olunmalıdır: “İcbari sığortası olmayan nəqliyyat vasitələri cərimə olunur. İcbari sığorta bir il müddətində qüvvədə olur və onun qiyməti differensiallaşdırılıb. Yəni burada artıq sürücünün təcrübəsi və avtomobilin yaşı nəzərə alınır. Sığorta müddətinin bitməyinə 20 gün qalmış, sms vasitəsi ilə sürücüyə xəbərdarlıq edilir. Qanuna görə də sığorta vaxtı ötürsə, sürücüyə cərimə tətbiq olunur”.
Eltac Zülfüqaroğlu