Sürücünün hadisə yerindən yayınması sığorta ödənişinə necə təsir edir?

Öyrənək 9 Fevral 2021 14:23 Oxunub 3132
Sürücünün hadisə yerindən yayınması sığorta ödənişinə necə təsir edir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Bu barədə hüquqşünas Tural Ağayev yazıb.

Məsələn, Mamed "A" avtomobilini "Risk" sığorta şirkətində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" sığorta növü üzrə sığortalayıb. Mamed yolda hərəkətdə olarkən, piyadaya yol verməyərək, yol nəqliyyat hadisəsi törədir. Nəticədə piyada Əli bədən xəsarət alır (tutaq ki, az ağır xəsarət alır). Mamed Əliyə heç bir ilkin tibbi yardım göstərmir, nə polis orqanına, nə də sığorta şirkətinə məlumat vermədən, hadisə yerindən uzaqlaşır. Bu zaman "Risk" sığorta şirkəti Əlinin aldığı az ağır xəsarətə görə 1500 manat sığorta ödənişi həyata keçirdikdən sonra, etdiyi sığorta ödəniş məbləğində (1500 manat həcmində) Mamedə qarşı tələb etmək (iddia) hüququ əldə edir.

Bəs hadisə yerindən yayınma dedikdə nə başa düşülməlidir?

Avtonəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;

2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli:

  • “Təcili tibbi yardım” maşını çağırmalı,
  • Zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, sonra hadisə yerinə qayıtmalıdır;

3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli (red. məsələn, üzərində olan smartfonla, fotoaparatla və digər cihazlarla hadisə yerinin foto, video çəkilişini apara bilər) və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;

4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir;

5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində:

  • heç kim xəsarət almamışdırsa (söhbət sağlamlığa dəyən zərərdən gedir),
  • maddi zərər cüzidirsə,
  • nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa,
  • yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə,
  • hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (polisə) gəlməlidirlər.

Burada “Cüzi zərər” dedikdə sığorta anlamında 1000 manatdan çox olmayan dəymiş zərər məbləği başa düşülür.

Yuxarda qeyd olunanlar sürücünün mütləq vəzifəsidir. Əgər sürücü hadisədən sonra üzərinə düşən bu tələblərə əməl etməyərək, hadisə yerindən uzaqlaşarsa, hadisə yerindən yayınmış və ya qaçmış hesab edilir.

Hadisə yerindən yayınma faktı özü ayrı müstəqil inzibati və ya cinayət məsuliyyəti yaradır:

1. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” adlı 327-ci maddəsinin: 6-cı bəndinə əsasən, Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - sürcücü yüz manat məbləğində cərimə edilir.

 Bu bəndə əlavə olunan Qeyd hissəyə görə: zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.

Bu maddədə qeyd olunan xəta, müvafiq dövlət orqanını məlumatlandırmadan hadisə yerini tərk etdikdə, törədilmiş hesab edilir. Bu maddənin əsas tələbi – hadisə anından dərhal sonra və ya mümkün ən qısa zaman ərzində yol nəqliyyat hadisəsi barədə dövlət (polis) orqanına hadisə barədə məlumat verilməsidir. Lakin qeyd hissəyə əsasən, sürücü zərər çəkmiş şəxsə kömək etmək məqsədi ilə hadisə yerindən polis orqanına məlumat vermədən getdiyi halda, onun hərəkətləri “hadisə yerindən yayınma” kimi qiymətləndirilmir.

Təcrübədə hadisə yerindən yayınmış şəxslər asanlıqla tapılır, çünki indiki dövürdə bütün yollarda, küçələrdə və prospektlərdə müşahidə kameraları mövcuddur. Kamera olmasa da belə hal şahidi mütləq tapılacaqdır. Odur ki, Əziz sürücülər, yol nəqliyyat hadisəsi yerindən yayınmayın. Hadisə yerindən yayındıqda, öz məsuliyyətinizi (cəzanızı) artırmış (sərtləşdirmiş), habelə sığortaçıda özünüzə qarşı subroqasiya hüququ yaratmış olursunuz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh