Velosipedçilərin NƏZƏRİNƏ: Hansı halda cərimə edilə bilərsiniz?

Öyrənək 8 İyun 2022 16:58 Oxunub 2440
Velosipedçilərin NƏZƏRİNƏ:  Hansı halda cərimə edilə bilərsiniz?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünyada ekoloji cəhətdən təmiz və maliyyə baxımından az xərc tələb edən nəqliyyat vasitələrinə üstünlük verilir.

Oxu.Az bu yazısında həmin nəqliyyat vasitələrindən biri – velosiped – haqqında bəhs edəcək.

Azərbaycanın yollarında da bu nəqliyyat vasitələri ilə hərəkət edənləri görürük.

“Nəqliyyat vasitəsi” sözünü əbəs yerə işlətmədik. Velosiped əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Nəqliyyat vasitələri üçün qanunla müəyyən edilən tələblər və yol nişanları velosipedlər üçün də keçərlidir, amma düşüncələrdə tamamilə fərqli təsəvvürlər mövcuddur.

Bunu sadə şəkildə izah etməyə çalışaq. Velosiped hərəkət istiqamətinin əksinə çıxa bilməz, o, sürülən zaman velosiped üçün təyin olunan zolaqda, bu olmadıqda isə yolun sağ kənar zolağında və piyadalara maneə yaratmamaq şərtilə yol çiynində hərəkət edə bilər.

Velosipedi səki ilə, piyada keçidinin üstü ilə sürmək qadağandır, amma biz reallıqda tamamilə fərqli mənzərə ilə qarşılaşırıq.

Təkcə velosipedçilər yox, digər nəqliyyat vasitələrinin sürücüləri də velosipedə qanundankənar yanaşma ilə baxırlar. Yəqin ki, velosiped sürərkən “çıx səkidə sür də” deyən sürücülərin giley-güzarını az eşitməmişik.

Kimsə mülkündə olan velosipedi səkidə və piyada keçidinin üstü ilə hərəkət etdirmək istəyirsə, həmin zaman o, piyadaya çevrilməlidir, yəni piyada kimi velosipedi təyin olunan yerlərlə aparmalıdır.

Velosipedlə bağlı o qədər yanlış təsəvvürlər var ki, onları bir yazıya sığdırmaq da çətindir.

Məsələn, bir də görürsən, kimsə başında dəbilqə olmadan, velosipedi nasaz vəziyyətdə idarə edir, halbuki, bu, “Yol hərəkəti haqqında” qanunla ziddiyyət təşkil edir.

İkincisi, 14 yaşına çatmamış uşaqlara velosipedlə yola çıxmaq qadağandır, amma buna da əyani şahidlik edirik (həyətlər, parklar və bu kimi yerlərdə sürə bilərlər).

Velosipedçiyə uzunu və eni üzrə qabariti 0.5 metrdən çox olan yük daşımaq, sərnişin daşımaq qadağandır. Amma bunun əksi olan hallarla da rastlaşırıq.

Bəlkə də, çoxu düşünür ki, velosipedçilər üçün hüquqi məsuliyyət yoxdur və arxayınlıq yaranır, amma qanunun baxışı fərqlidir.

İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən, velosipedçilər üçün cəza müəyyən olunub.

Velosipedçilər:

- işıqforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

- sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

 - yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

 - nasaz velosipeddən istifadə etməyə;

- piyadaların hərəkətinə maneə yaradılmasına;

- keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə

40 manat məbləğində cərimə edilə bilərlər.

Heç də düşünməyək ki, velosipedçilər heç bir halda hərəkət üstünlüyünə malik deyillər. Əgər siz velosipedlə yolayrıcına daxil olursunuzsa, bu zaman siz yol nişanlarını, bunlar olmadıqda isə “sağ əl” prinsipini əsas tutub hərəkəti davam etdirməlisiniz.

Yəni siz baş yoldasınızsa, yolayrıcında hərəkət üstünlüyünə maliksiniz, eyni əhəmiyyətli yolların kəsişməsində isə digər nəqliyyat vasitəsinin sağındasınızsa, o zaman siz üstünlüyə maliksiniz.

Ola bilər ki, siz velosiped idarə edərkən velosiped zolağı ilə rastlaşırsınız. Amma bu, sizə üstünlük tanımır. Siz yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlisiniz.

Bəs velosiped sola və ya geriyə dönə bilərmi? “Yol hərəkəti haqqında” qanuna əsasən, velosiped birdən artıq zolağı olan yollarda sola və geriyə dönə bilməz. Yəni bir zolaq olduqda bu, mümkündür.

Velosipedin hərəkətinin ümumiyyətlə qadağan edildiyi yollar da var. Bunlar müvafiq olaraq “avtomagistral” və “avtomobil üçün yol” nişanları ilə işarələnmiş yollardır.

Velosiped sürmək sağlamlıqdır, bu sağlamlığı təhlükələrə qurban verməyək!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh