"Zəngəzur dəhlizinin açılması istiqamətində siyasi və iqtisadi işlər görülür"

Gündəm 18 İyun 2024 13:56 Oxunub 296
"Zəngəzur dəhlizinin açılması istiqamətində siyasi və iqtisadi işlər görülür"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılmaqla şəhər və yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdıldı, milli-mədəni irsimiz məhv edildi. Təbii sərvətlərimiz talan edildi, iqtisadiyyatımıza böyük ölçüdə zərər vurulmaqla, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın son təxribatına cavab olaraq, 27 sentyabr 2020-ci il tarixində başladılan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilməklə, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bununla da işğaldan azad edilən torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işləri ilə səciyyələnən, dayanıqlı sülhə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoyduq. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb və davam edir.

“Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır: "İşğaldan azad edilmiş ərazilərin nəqliyyat-kommunikasiya imkanları təkcə regional miqyasda deyil, böyük qitələri birləşdirəcək, regionun və iqtisadi fürsətlərdən istifadə edəcək bütün ölkələr üçün inteqrasiya və iqtisadi fürsətlər yaradacaq. Buna görə də Zəngəzur dəhlizinin açılması və infrastrukturun qurulması istiqamətində böyük siyasi və iqtisadi işlər görülür".

Politoloq vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin qurulması və böyük qayıdışın təmin olunması üçün 2030-cu ilədək Milli Prioritet sənədi hazırlanıb. Hazırda “Böyük Qayıdış” Prezident İlham Əliyev tərəfindən imzalanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” adlı Dövlət proqramı əsasında həyata keçirilir.

“İmzalanmış sənəd, yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sərəncamdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkəmizin inkişafında mühüm imkanlara malik olan ərazidir. Dövlət Proqramına uyğun olaraq bu gün müxtəlif təyinatlı milli və beynəlxalq əhəmiyyətli layihələr icra olunur. Ərazinin coğrafi üstünlükləri ilə yanaşı təbii sərvətləri, hal-hazırda dünyada aktual olan yaşıl enerjinin əldə olunması imkanları genişdir. Buna görə su, külək və günəş enerji stansiyaları yaradılır. Ərazidə fəaliyyət göstərən və göstərəcək iqtisadi subyektlər üçün geniş güzəştlər və imkanlar (dəstək) tədbiq edilir. Böyük vergi güzəştləri və subsidiyalar əraziyə kapital qoyuluşunu təşviq edən faktorlardandır”-deyə politoloq qeyd edib.

Yalçın Hacızadənin fikrincə, “Böyük Qayıdışın” təmin olunması sahəsində dövlətin həyata keçirdiyi bərpa, quruculuq işləri həm də ərazilərin kimə məxsus olduğunu da sübut edir. İşğal müddətində təkcə fiziki obyektləri deyil də, meşə təsərrüfatını, flora və faunanı da məhv etməyə çalışan düşməndən fərqli olaraq Azərbaycan dövləti və xalqı onun üçün müqqədəs olan torpaqlara həyat gətirməklə, sevinclə “Böyük Qayıdışı” təmin edir.

“Əmnəm ki, tezliklə “Böyük Qayıdış” böyük inkişafa səbəb olacaq”-deyə Yalçın Hacızadə vurğulayıb.

Qeyd edək ki, Prioritet məsələlərdən biri də Azərbaycanda 30 ildən artıq Ermənistanın işğalı altında olan rayonların azad edilməsindən sonra həyata keçirilən “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. Qarabağ torpaqları Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra rayonda genişmiqyaslı işlər aparılır.

İşğaldan azad edilən rayonlarda minaların təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel olaraq işğaldan azad edilmiş rayona köçmüş Azərbaycan vətəndaşlarının işlə təmin olunması istiqamətində işlər aparılır.

2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirilib, həvəsləndirmə paketləri təsdiq edilib. İşəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Rayona köçən vətəndaşlara vergi, sosial təminat və əməkhaqqı güzəştləri verilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh