Banner

Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub? - FOTO

Qaydalar 22 Oktyabr 2024 11:07 Oxunub 344
Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aparıcı İlkin Həsəninin paylaşdığı bir video müzakirələrə səbəb olub. O, polis orqanlarına xitabən paylaşdığı həmin videoda siqaret kötüyünü maşınından yola atan sürücünün cərimələnməsini istəyib:

"Tərif etdiyim kimi tənqidim də var. Zəhmət olmasa, bu görüntü əsasında tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə sürücünü 300 manat cərimələyin və mənə cərimə haqqında məlumat verin". 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. 

Eyni zamanda nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədərsə, bu dəfə 700 manat cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Qeyd edək ki, aparıcı İlkin Həsəni “sürücünü 300 manat cərimələyin və mənə cərimə haqqında məlumat verin” imperativi ilə yanlışlığa yol verib. Belə ki, Milli Məclisin 8 oktyabr 2024-cü il tarixdə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik hələlik birinci oxunuşda qəbul edilib.

İddia: “Fərdi məlumatlar haqqında” qanun pozulub

Paylaşımla “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikası qanununun pozulduğu ilə bağlı iddialar var. İddialara görə, maşının nömrəsi fərdi məlumatdır, bu nömrə ilə şəxsin kimliyini müəyyən etmək mümkündür. Odur ki, aparıcı gördüyü, çəkdiyi məlumatı yaymamalı, sadəcə polisə xəbər etməli idi. Hətta maşının markası onun sahibinin kimliyini müəyyən edirsə, məsələn, nadir rast gəlinən markalardandırsa, onda onun görüntülərinin yayılmamalı olduğunu düşünənlər var.

(avtomobilin dövlət nömrə nişanı tərəfimizdən gizlədilib)

Bu videonun şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verdiyini düşünənlər hesab edirlər ki, bu, media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmasıdır ki, qanunun 2.1.12-ci maddəsi ilə məsuliyyət yaradır.

Qanunla fərdi məlumatların toplanılması və işlənilməsi yalnız müəyyən şərtlərlə həyata keçirilə bilər. Məsələn, məlumatlarının toplanılmasına və işlənilməsinə şəxs öz razılığını verdikdə, bu məlumatlar açıq kateqoriyalı olduqda, yaxud fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə icazə verilə bilər.

İddiaya görə, belə faktlar çəkilib paylaşılmalı deyil, hüquq-mühafizə orqanlarına göndərilməlidir.

“Məlumatı yayan nəinki məsuliyyətə cəlb edilməli, əksinə mükafatlandırılmalıdır”

Keçmiş polis əməkdaşı, polkovnik-leytenant Surxay Cəfərov bildirib ki, məlumatı verən nəinki məsuliyyətə cəlb edilir, əksinə, məlumatı verən şəxs kimi 60 manat mükafatlandırılır. Onun sözlərinə görə, dünya ölkələrinin böyük əksəriyyətindən çoxsaylı nümayəndələrin iştirak edəcəyi COP29 tədbirləri ərəfəsində, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ilində atmosferi və yeri zibilləyənlərə qarşı hər kəs mübariz olmalıdır: “Yeni qanun qüvvəyə minəndən sonra maşından tullantı atanlar 200 manat, siqaret atanlar 300 manat məbləğində cərimə ediləcək”.

S.Cəfərov məlumatın polisə sosial hesablardan verilməsinə də münasibət bildirib: “Paylaşımda hər hansı fərdi məlumat yoxdur. Maşın subyektin öz maşını olmaya da bilər”.

Avtoekspert Elməddin Muradlı da səslənən iddialarla razılaşmayıb.  

O, açıqlamasında deyib ki, aparıcı İlkin Həsəninin tələbində haqsız olduğu yeganə məqam cərimənin məbləğidir: “Ölkə rəhbəri çıxışında da dəfələrlə qeyd edib. İctimai nəzarət, ictimai iştirakçılıq haqqında qanuna əsaslanaraq məsələyə yanaşsaq, bu, tamamilə normal haldır. Dünyanın bir çox ölkələrində məsələlər məhz bu cür tənzimlənir. Vətəndaş bilir ki, neqativ hərəkətə yol versə, onu polisdən əvvəl vətəndaşlar cəzalandıracaq. Bizdə buna düzgün yanaşılmır. İctimai qınaq tərsinə yönəlib. Neqativ hərəkətə qarşı addım atanlar qınaq obyektinə çevrilir, məsələni şəxsi problemə çevirir, həmin şəxsə təzyiq göstərir, küçə sözləri ilə “işverən” kimi ifadələrlə təhqir edirlər”.

E.Muradlı deyib ki, sürücünün davranışı ictimai qayda pozuntusudur, şəxsi məlumat deyil: “Kobud xətaya yol verib, küçəni zibilləyib, bunun paylaşılmasında problem görmürəm. Adam küçədə qanunla məsuliyyət yaradan hərəkətə yol verir, biz ondan icazə istəməliyik ki, icazə verin sizin qanunu pozduğunuzu çəkib paylaşaq? Belələri ilə məhz bu mübarizə üsulu effektivdir. Nəinki qınamıram, əksinə, ictimaiyyətin bir nümayəndəsi kimi, hamını fəal olmağa çağırıram”.

Şəxsiyyətinin açıqlanmasına gəlincə, E.Muradlı deyir ki, belə faktlarda şəxslərin adları açıqlanmalıdır ki, utansınlar.

Problem o vaxt ola bilərdi ki...

“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynovun fikrincə, fərdi məlumatlar müxtəlifdir: “Fərdi məlumatlar müxtəlif olur. Məsələn, ad, soyad, ata adı açıq fərdi məlumatdır və onu yaymaq problem deyil. Foto, video, səs yazıb yaymağa isə icazə tələb edilir.

Sözügedən paylaşımda avtomobilin dövlət qeydiyyat nişanı görünür, dövlət qeydiyyat nişanı isə kodlaşdırılmış məlumatdır. Bu kod altında kimlərin olduğunu ancaq dövlət orqanları bilir, bu, hər kəsə açıq məlumat deyil. Nömrə ilə maşını kimin sürdüyünü, hansı orqanın maşını olduğunu heç kim bilmir. Yəni, videoda maşının nömrəsinin görünməsində problem yoxdu. Problem o vaxt ola bilərdi ki, adamın üzü görünsün, səsi yazılsın. Bu halda onun icazəsi olmadan yayılmış fərdi məlumat kimi hər hansı məsuliyyətdən söhbət gedə bilərdi. Yaxud, foto və ya videosu yayılan şəxs hansısa qanunazidd hərəkəti, cinayəti törətməkdə ittiham olunursa, təqsirsizlik prizumpsiyasının pozulması olardı. Bu şəkildə foto və videosunun yayılmasında ciddi hüquq pozuntusu yoxdur. Amma yaxşı olar ki,belə məlumatlar yayılmasın, dövlət orqanlarına birbaşa göndərilsin”.

Nəticə: 

- “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikası qanununu pozulmayıb;

- Mütəxəssislər hesab edir ki, aparıcı İlkin Həsəninin yaydığı videda fərdi məlumat yoxdur və “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikası qanunununun tələbləri pozulmayıb. Ad, soyad, ata adı məxfi məlumat deyil. Fərdi məlumatın yayılmasında icazə şəxsin üzünün görünməsi, səsinin yazılması halında tələb olunur;

- Hər halda yaxşı olar ki, belə məlumatlar yayılmasın, dövlət orqanlarına birbaşa göndərilsin.

(Faktyoxla.Lab)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh