Banner

Asan yolla qazanılan "saxta" pullar – SIĞORTA MƏSƏLƏSİ

Qaydalar 2 İyun 2015 11:57 Oxunub 2333
Asan yolla qazanılan "saxta" pullar – SIĞORTA MƏSƏLƏSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta sahəsində şikayətlərə operativ baxılması üçün xüsusi proqram təminatı yaradılıb

Sığorta məsələləri ilə bağlı daxil olan müraciətlərə baxılması işinin operativliyini, keyfiyyətini və səmərəliliyini yüksəltmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytının “Məktub yazmaq” bölməsinə xüsusi proqram təminatı tətbiq edilib. Bu proqram təminatı vasitəsilə Dövlət Xidmətinə elektron qaydada ünvanlanan şikayət xarakterli müraciətlərin eyni zamanda, qurumun şikayətlə bağlı məlumat və sənədlərin təqdim edilməsi barədə məktubu ilə birlikdə avtomatik olaraq müvafiq sığorta şirkətinin də e-ünvanına göndərilməsi təmin olunur.

DSNX nümayəndələri bildiriblər ki, qeyd olunan proqram təminatının tətbiqi şikayətlərə baxılması proseduru üçün tələb olunan müddətin xeyli azalmasına imkan verir. Saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün “Məktub yazmaq” bölməsinə daxil olmaq və ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, “şikayət” sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra istifadəçinin e-ünvanına şikayətin qəbul olunması barədə məlumat göndərilir.

DSNX-yə sayt vasitəsilə elektron qaydada daxil olan şikayət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin e-ünvanına həmin məktubun müvafiq formatda elektron surəti göndərilir. İstifadəyə verilən yeni texniki imkan müraciətlərə daha qısa müddətdə baxılmasını təmin etməsi ilə əlaqədar, müraciətlərin DSNX-yə sayt vasitəsilə elektron qaydada ünvanlanması tövsiyə olunur.

Amma bu məsələ ekspertlər və ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Onların fikrincə, indi sığorta sistemində xeyli ciddi problemlər var və bu sahədə adi vətəndaşlar çox böyük əziyyət çəkirlər. Maliyyə Nazirliyinin yaratdığı xidmətin mövcud problemlərin həllinə heç bir faydası olmayacaq. Burada məsuliyyət həm Dövlət Yol Polisi (DYP), həm də sığorta şirkətlərinin üzərinə düşür.

Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov anspress-ə sığorta ödənişlərlə bağlı problemlərin, şikayətlərin artdığını bildirib. O deyib ki, avtomibil sığortası ilə bağlı ölkəmizdə KASKO sığorta və icbari sığorta mövcuddur. Bu iki sığorta ilə bağlı şikayətlərin sayı artıb və ciddi problemlər var. KASKO ilə bağlı problemlər onunla bağlıdır ki, bu, könüllü sığortadır və Azərbaycanda bunun bazarı demək olar yoxdur. Yəni könüllü sığorta bizdə yox səviyyəsindədir. Bunu ancaq o şəxslər edirlər ki, avtomobilləri ya lizinq, ya da kredit yolu ilə alırlar. Bundan başqa könüllü avtomobil sığorta etdirən yoxdur.

Ekspert vurğulayıb ki, qanunvericiliyə görə, KASKO sığorta məcburidir. Vətəndaş gedib kreditlə maşın alır. Sığorta şirkəti kredit müqaviləsində özünə sərf edən şəkildə şərtlər qoyur. Sığorta etdirən isə bunu normal oxuya bilmir. Sabah sığorta hadisəsi baş verəndə şirkət müqaviləni fakt kimi şikayətçinin qarşısına qoyur. Yəni qanuni yolla, mədəni şəkildə sığorta olunanlar müqavilə şərtləri ilə aldadılırlar.

Ekspertin fikrincə, icbari sığorta ilə bağlı iki problem var- sənədləşmə və sığorta hadisəsi baş verəndə ziyanın qiymətləndirilməsi. Bunun ikisi də narahatlıq doğurur. Sənədləşmədə daha çox sığorta şirkəti yox, DYP-nin adını çəkmək lazımdır. Çünki qanunvericilikdə sığorta ödənişini almaq üçün DYP-nin arayışı lazımıdır. Arayış o zaman tələb olunmur ki, qəza hadisəsi zamanı ölüm faktı olmayıb, tərəflər mübahisə olmadan özləri razılaşırlar və maddi ziyan 1000 manat həcmində olur. Belə olan halda protokol əsasında sığorta almaq mümkündür. Amma qalan hallarda sığorta ödənişi üçün mütləq yol polisindən arayışı lazımdır. 

Ə.Hüseynov deyib ki, istənilən halda vətəndaşları süründürmək olmaz: "Sığorta hadisəsi, yəni nəqliyyat qəzası baş verəndə yol polisi inzibati araşdırma aparmalı, protokol tərtib etməli, qərar çıxarmalıdır. Sonra sığorta şirkətinin sorğusuna əsasən arayış verilməlidir. Mülki Məcəllədə DYP-yə şirkətin sorğusu daxil olandan 10 gün ərzində arayış verməlidir. DYP məktubu bəzən hadisənin 9-10-cu günü poçtla göndərilir, məktub 15 gündən sonra sığorta şirkətinə çatır. Sığorta şirkəti də sorğunu 2 günə hazırlayır. Belə olan halda vətəndaş hadisədən bir ay sonra sığorta haqqı almaq şansı qazanır. Bu, açıq-aşkar qanun çərçivəsində süründürmçəçilikdir. Maliyyə Nazirliyinin yaratdığı xidmətin bu süründürməçiliyə heç bir xeyri olmayacaq. Bundan əlavə, qiymətləndirməyə gəlincə, sığorta şirkəti vurulmuş ziyanın az miqdarda qiymətləndirilməsində maraqlıdır. Ona görə ki, az vəsait ödəsin, özünə mənfəət, gəlir daha çox qalsın, itkiləri az olsun. Yəni hər vəchlə qiymətləndirmədə öz xeyirlərini güdürlər. Sığorta şirkətlərinin təmir sahələri ilə müqavilələri var. Elə sistem qurulub ki, zədələnmiş avtomobilin təmiri zamanı keyfiyyətsiz detallardan istifadə olunur, aşağı keyfiyyətli iş görənlərə təmir etdirirlər. Nəticədə zərərçəkən hərtərəfli ziyan çəkir. İki min manatlıq işi sığorta şirkəti 1000 manata gördürür. Belə olan halda iş keyfiyyətli olmur, şikayət edəndə də deyirlər ki, bunun real qiyməti belədir. Bir sözlə, qiymətləndirmədə vicdan məsələsi mühüm rol oynamalıdır. Detalların bazar qiyməti elə müəyyənləşdirilməlidir ki, heç kim ziyan çəkməsin, keyfiyyət yüksək olsun. 

Ə.Hüseynov belə vzəiyyətlərin yaranmaması üçün çıxış yolunu da təklif edib: "Ən yaxşı yol elektron sistemin tətbiqidir. Yəni yol nəqliyyat hadisəsi baş veribsə, avtomatik olaraq DYP-də qeydə alınan məlumat bir gündən gec olmayaraq sığorta şirkətinə elektron formada ötürülür. DYP bir gün ərzində arayışı elektron qaydada doldurub sığorta şirkətinə göndərilir. Sığorta şirkəti isə avtomobilə dəyən zərəri qiymətləndirib operativ ödəniş etməlidir. Bundan əlavə, sığorta şirkətləri üzərinə düşən işləri vaxtında və zərəçəkəni qane edəcək şəkildə həll etməməsi halında lisenziyasına xitam verilməsi çıxış yollarından biridir. Çünki, belə olan halda bu sahə ilə məşğul olan şirkətlərə nümunə ola bilər.

Ümumiyyətlə, qonşu Gürcüstanda sığorta bir gündən gec olmayaraq ödənilir və heç bir problem yaranmır. Yəni hər şey özümüzdən, vəzifə sahiblərinin vicdanından aslıdır. Bizdə bəzi hallarda istər dövlət müəssisəsi olsun, istər özəl, hər bir rəhbər, ilk növbədə vətəndaşları yox, öz şəxsi gəlirini, mənafeyini güdür. Belə olan halda nəyinsə düzələcəyinə əminlik azdır.

Xatırladaq ki, Maliyyə Nazirliyi icbari sığorta növləri üzrə tariflərin artırılması imkanlarını nəzərdən keçirir. Nazir Samir Şərifov bir müddət əvvəl mətbuata açıqlama vermişdi ki, icbari sığorta növləri üzrə sığorta haqqının artırılması imkanları müzakirə edilib, amma hələ konkret qərar qəbul olunmayıb. Bu məsələ ilə bağlı sığorta şirkətlərindən müvafiq müraciətlər daxil olur. Söhbət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh