Reklam

Avtobus zolağı olan yollarda kobud qayda pozurlar: Qurumların da günahı var - VİDEO

Qaydalar 7 Noyabr 2024 13:30 Oxunub 3386
Avtobus zolağı olan yollarda kobud qayda pozurlar: Qurumların da günahı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər avtobus zolağı olan yollarda sərnişin mindirib-düşürmək üçün dayanaraq qaydaları kobud şəkildə pozurlar. Avtosfer.az xəbər verir ki, cərimədən yayınmaq istəyən sürücülər ikinci cərgədə dayanıb sərnişinləri götürürlər. Bu isə həm digər sürücülərin hərəkətinə mane olur, həm də yolda tıxaca səbəb olur.

Paytaxtın Tbilisi prospektində (20 Yanvar metrostansiyasının yaxınlığında) ikinci cərgədə dayanan sürücülər yolda hərəkəti məhdudlaşdırırlar. Həmin görüntülər kameraya düşüb. Belə ki, 45-BK-410 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü nəinki sərnişin götürür, hətta rahat şəkildə maşından düşərək sərnişinlərin yüklərini də avtomobilə yerləşdirir. Görüntünü qeydə alan sürücü irad bildirən zaman isə həmin sürücü yaxınlaşaraq özünə haqq qazandırıb. Arxada dayanan 90-FV-780 qeydiyyat nişanlı "Opel" markalı və qarşıda dayanan 99-VU-960 qeydiyyat nişanlı "Toyota Prius" markalı, 44-CE-304 qeydiyyat nişanlı "Ford" markalı avtomobillərin sürücüləri də ikinci cərgədə dayanaraq qaydaları pozublar.

Avtobus zolağının yanında dayanıb sərnişin mindirib-düşürən sürücülər elə düşünürlər ki, həmin zolağa daxil olmadıqları üçün məsuliyyətdən azad olunurlar. Lakin qeyd edək ki, bu qayda pozuntusuna görə, onlar İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə oluna bilərlər.

Paytaxt ərazisində təşkil edilən avtobus zolaqları digər zolaqlardan bütöv xətlə ayrıldığı üçün ora daxil olmaq və dayanmaq qadağandır. Lakin bu zolaqlar təşkil olunan zaman digər sürücülərin qısa vaxt ərzində həmin zolağa daxil olaraq sərnişin mindirib-düşürməsinə şərait yaradılmalı idi. Buna qanun da icazə verir. Belə ki, "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, avtobus zolaqları digər zolaqlardan qırıq-qırıq xətlə ayırılıbsa, sərnişin mindirib-düşürmək istəyən sürücülər avtobusların hərəkətinə mane olmadan həmin zolağa daxil ola bilərlər. Lakin çox təəssüf ki, paytaxt yollarında qanunun bu tələbini nəzərə alan olmayıb. Azneft dairəsindən başlayaraq 8 Noyabr prospektinə qədər uzanan yolda avtobus zolağı təşkil edilib. Lakin digər sürücülərin sərnişin mindirib-düşürməsi üçün heç bir şərait yaradılmayıb. Bunun kimi də digər küçə və prospektlərdə eyni vəziyyətdir. Sual yaranır: Bəs həmin sərnişinlər harada düşürülməlidir?

Bu sualların yaranmaması üçün hərəkət təşkil olunmamışdan əvvəl həmin məsələlər də müzakirə edilməli idi.

Ümid edirik ki, sürücülərin çoxsaylı şikayətlərinə yenidən baxılaraq avtobus zolağı olan yollarda sərnişinlərin mindirilib-düşürülməsi üçün şərait yaradılacaq.

 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh