Azərbaycanda ilk! Skuter və moped sürücüləri cərimələnəcək – NAZİRLİKDƏN AÇIQLAMA

Qaydalar 19 İyul 2024 13:08 Oxunub 286
Azərbaycanda ilk!  Skuter və moped sürücüləri cərimələnəcək – NAZİRLİKDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkədə ilk dəfə skuter və moped sürücüləri, eləcə də onların satışının, kirayələnməsinin təşkili ilə məşğul olan şirkətlər cərimələnəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin keçirdiyi tədbirdə bildirilib. Açıqlamada qeyd olunub ki, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə müəyyən edilib. Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilib.

 

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının sərxoş vəziyyətdə pozulması ilə bağlıdır. Pozuntu alkoqoldan istifadə olunması nəticəsində törədilərsə, 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə, 200 manat məbləğində cərimə müəyyən edilib.

 

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə müəyyən edilir. Bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə müəyyənləşib.

 

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilib. Bundan əlavə, velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilib.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh