Həyat xilas edərkən ölümə gedən təcili yardım - Bakıda - VİDEO
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 30-da Neftçilər prospektində baş verib. Belə ki, “Bayraq Meydan”ı istiqamətindən gələn təcili yardım avtomobili əks hərəkət hissəsinə keçərək axına qarşı hərəkət edib. Sol zolaqla gedən avtomobillər yüksək sürətlə gələn təcili yardım avtomobilini son anda görərək qəzadan yayınıblar.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, təcili yardım avtomobilinin sayrışan işıqlarının yanmasına baxmayaraq səs siqnalı sönülü vəziyyətdə olub. Ona görə də həmin avtomobilin gəldiyini son anda görmək mümkün olub.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, operativ nəqliyyat vasitələrinin sürücüləri hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Həmçinin qanunvericilikdə yazılıb ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu qanunun tələblərindən kənara çıxa bilər.
Təcili tibbi yardım avtomobilinin əks yola çıxmasının səbəbi yolda yaranmış tıxacdır. Tıxacın yaranma səbəbi isə “Əl Oyunları” sarayının yanında lüzumsuz quraşdırılmış svetofor obyektidir. Azneft dairəsindən “Bayraq Meydan”ı istiqamətinə gedən sürücülərə 200-300 metr qarşıda geriyə dönmə yeri olduğu üçün “Əl Oyunları” sarayanın yanındakı svetoforun tıxac yaratmaqdan başqa bir funksiyası yoxdur. Yaxınlıqda yeraltı piyada keçidi də olduğundan həmin svetofor obyektinin oradan götürülməsi vacib hesab olunur.
Təbriz