“BakuBus”ın sürücüləri bir-biri ilə yarışır; Təlimlərdə onlara nə öyrədilir? – RƏSMİ AÇIQLAMA - VİDEO

Son günlər Bakıda ictimai nəqliyyat sürücülərinin hərəkət tərzi ilə bağlı narazılıqlar sosial şəbəkələrdə diqqət mərkəzindədir. Xüsusilə “BakuBus” sürücülərinin avtobus zolağında hərəkət edərkən qarşısında digər avtobus olan kimi tez-tez zolaq dəyişməsi və daha sonra yenidən digər zolağa keçməsi halları tənqidə səbəb olub. Bu davranış yalnız digər nəqliyyat vasitə sürücülərinin narazılığına yol açmır, həm də şəhər nəqliyyatında təhlükəsizlik və nizam-intizam məsələlərini gündəmə gətirir. Sosial şəbəkələrdə yayılan görüntülər isə Bakıda avtobus sürücülərinin təlimlərinin keyfiyyəti və məsuliyyət anlayışı barədə ciddi suallar doğurur.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a verdiyi müsahibədə bildirib ki, bəzi sürücülərin məsuliyyətsiz davranışları hələ də problemlər yaradır:
“Görüntü təəssüf hissi doğurur. Çünki bu avtobuslar kifayət qədər bahalıdır. Dövlət milyonlarla manat xərcləyir, komfortlu avtobuslar alır. Lakin nəticə etibarilə bəzi sürücülər bu boyda əziyyətin üzərindən xətt çəkməyə çalışır. Ümumilikdə, dövlət işin yaxşılaşması üçün ciddi addımlar atır. Amma hansısa sürücü depoya gedəndə, evə tələsəndə və ya yeyib-içməyə qaçanda belə hərəkətlərə yol verirsə, bu, bütün sistemin pis vəziyyətdə olduğunu göstərmir. Ancaq təəssüf ki, bu qədər təlim və nəzarət mexanizmlərinə baxmayaraq bəzi sürücülər hələ də məsuliyyətsiz hərəkətlər edir. Onlar cəzalanır, işdən çıxarılır, əmək haqlarında kəsintilər edilir, digər inzibati tədbirlər tətbiq olunur, amma yenə də belə hərəkətlərə yol verənlər var. Görünür, daha ciddi təlimlər keçirilməli və məsuliyyət mexanizmləri gücləndirilməlidir. Təəssüf hissi ilə deyə bilərəm ki, belə sürücülər hələ də mövcuddur”.

Məsələ ilə bağlı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a bildirilib ki, şirkətdə sürücülərin peşəkar hazırlığı məqsədilə kompleks və mərhələli təlim prosesi tətbiq olunur. Təlimlər sürücülərin işə qəbulundan əvvəl və fəaliyyət dövründə müvafiq qaydalara uyğun olaraq mütəmadi şəkildə həyata keçirilir:
“Təlim proqramı nəzəri və praktiki mərhələləri əhatə edir və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi, avtobus zolaqlarında düzgün hərəkət, təhlükəsiz idarəetmə, etik davranış və sərnişinlərlə ünsiyyət bacarıqlarının formalaşdırılmasına yönəlib. Bununla yanaşı, il ərzində ixtisasartırma və təkrar təlimlər təşkil olunur. Sosial şəbəkələrdə yayılan görüntü ilə bağlı bildiririk ki, sözügedən sürücü aidiyyəti şöbə tərəfindən dəvət olunacaq, onunla təkrar avtobus zolaqlarında hərəkət və yol hərəkəti qaydalarına uyğun idarəetmə mövzusunda izahat və təlimatlandırma aparılacaq, eləcə də yenidən təlim prosesinə cəlb ediləcək. “BakuBus” MMC tərəfindən bu kimi hallar davamlı nəzarətdə saxlanılır, hər bir fakt obyektiv şəkildə araşdırılır və nəticələrə uyğun olaraq profilaktik və təlim yönümlü tədbirlər görülür. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC üçün əsas və dəyişməz məsələdir və bu istiqamətdə nəzarət və təkmilləşdirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir”.
Nurcan Babək
Qırmızı işıqda yolayrıcına girən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO
Qaraçuxurda “Tofaş”la “hoqqa” çıxaran sürücü ard-arda təhlükə yaratdı - VİDEO
Bu küçədə hər gün xaos yaşanır – Zolaq və səki zəbt olunur - VİDEO
Qaranlıqda təhlükə saçan sürücü: İşıqforu görməzdən gəlib yolayrıcına girdi - VİDEO
Qusarda narkoman sürücü həbs edildi - 38-BX-530 - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəza riski yaratdı - VİDEO
Maşını cərgədən kənara çıxarıb təkərləri yola fırladan sürücü maneə yaratdı - VİDEO
Tanınmış iş adamı yol hərəkəti qaydalarını belə pozdu - FOTO - VİDEO
Yol verməklə arası olmayan sürücü Azneft dairəsində qaydaları pozdu - VİDEO











