Banner

Benzinə necə qənaət edək? - QAYDALAR

Qaydalar 24 Dekabr 2015 12:16 Oxunub 8817
Benzinə necə qənaət edək? - QAYDALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qənaət üçün qızıl qaydalar

 

Manatın devalvasiyası azərbaycanlıların həyatına, yaşam tərzinə ciddi təsir göstərəcək. Qənaət prinsipləri artıq hər bir ailədə müzakirə mövzusudur. Nəyi, necə qənaət edək ki, ayın əvvəlini sonuna bağlaya bilək? Bu aktual sualın fonunda ekspertlərin və təcrübəli ailə sahiblərinin məsləhətlərini də gözdən qaçırmaq olmaz. Musavat.com insanlarımızı ən çox maraqlandıran bu sual ətrafında gəzişmə edib və ailədə qənaətin maraqlı üsulları ilə bağlı bir dosye hazırlayıb.

Qubad İbadoğlunun 6 qızıl qaydası...

Öncə yerli ekspertlərin bu məsələ ilə bağlı fikirlərinə yer verək. Azərbaycan həyatına daha çox bələd olan şəxslərin dediklərinə. Qubad İbadoğlunun ailə büdcəsinə qənaət etməklə bağlı bir neçə qızıl qaydası var və o, bunu sosial şəbəkədəki statusunda açıqlayıb. Ekspertin fikrincə, bu sahədə daha mütərəqqi üsul ailə xəzinəsidir: “Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir”.

Q.İbadoğlu hesab edir ki, “qənaət məsləhətləri”nin 6 qızıl qaydası var: “Ki, onlardan biri də mağazaya heç vaxt ac getməməkdir, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiz. İkinci qızıl qayda: Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.

Üçüncü qızıl qayda: Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.

Dördüncü qızıl qayda: Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.

Beşinci qızıl qayda: Əgər büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün.

Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.

Altıncı qızıl qayda: Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.

Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür".

Ekspert məsləhət görür ki, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol, xırda-xuruş üçün lazım olan məbləği müəyyənləşdirsin.

Benzinə necə qənaət edək?

Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.

Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə yanacağa 40 faizədək qənaət edərlər.

Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır.

Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır.

Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.

Qış fəslində kondisioner əvəzinə peçi qoşun. Peç benzin aparmır və motorun qızması hesabına işləyir. Ona görə də fikir verin ki, A/C-nın göstəricisi qoşulu olmasın. Bəzi avtomobillərdə A/C qızdırıcını işə salanda avtomatik qoşulur. Onu söndürsəniz, peçə keçmiş sayılır.

 

Pulunuzu 6 kuzədə saxlayın və qazanclı çıxın...

 

Ekspertlərin “kuzə prinsipi”ni də yaddan çıxarmamaq lazımdır. Burda da qeyd olunur ki, birinci kuzə büdcənin 55 faizini təşkil edir. Burada olan pullar gündəlik, kommunal xərclər, həmçinin kirayə, nəqliyyat, vergi  və ərzaq məhsulları üçündür.

İkinci kuzə əyləncə üçündür, büdcənin 10 faizini təşkil etməlidir. Büdcənizin bu hissəsi gec-gec alınan şeylər və nadir hallarda edilən işlər üçündür. Məsələn, Siz xoşunuza gələn bir rəsm əsərini ala, yaxud şənbə-bazar günləri bir yerə istirahətə yollana bilərsiniz. Ümumiyyətlə ürəyiniz necə istəyir elə də xərcləyin.

Üçüncü kuzə isə yığmaq üçün nəzərdə tutulub və büdcənin 10 faizini təşkil edir. Bu sizin gələcək maliyyə müstəqilliyinizin zəmanətidir. Bu bankada olan pullar investisiya, yaxud passiv gəlir mənbəyi üçün istifadə olunacaq.

Dördüncü kuzə təhsil sahəsinə yönəlib. Bu da büdcənin 10 faizidir. Bu qabda olan pullar  sizin gələcək təhsiliniz və şəxsi inkişafınız üçündür. İnvestisiya - pulları qoymaq üçün əla üsuldur, siz isə ən qiymətli aktivsiniz. Bunu heç bir zaman unutmayın. Bu maliyyəni kitab, disk almağa, yaxud kurslara xərcləyin. Bunun əvəzi sonra ödənəcək.

Beşinci kuzə şəxsi ehtiyat üçün nəzərdə tutulub və büdcənin 10 faizini təşkil edir. Bu yığımdan  iri alış-veriş üçün - məsələn, plazma televizoru, yaxud avtomobil almaq üçün istifadə edə bilərsiniz. Bu, daim doldurulmalı olduğunuz rezerv fondunuzdur.

Altıncı kuzə isə xeyriyyəçilik və hədiyyə sahəsinə yönəldilir və büdcənin 5 faizidir. Bu kateqoriyada ad günü, toy və sair bayramlar üçün hədiyyələrə nəzərdə tutulan xərclər yer alır.

 

19 qızıl kimi məsləhət...

 

“Business Insider” saytının araşdırmasında isə qənaətin daha  praktik üsulları yer alıb. Onlara nəzər yetirək:

1. Evdə yemək hazırlayın.  Axşam yeməyini restoran-kafedə yemək sizin məsrəflərinizi artırır.

2. Soyuducu və meyvə-tərəvəz qablarınızı tez-tez təmizlıyin. Bir kənara qoyub unutduğunuz ərzaqları daha sonra çox “gizli” köşələrdən tapa bilərsiniz.

3. Sistemli olaraq satın aldığınız, ehtiyacınız olan  məhsulları topdan almaqla qənaət etmiş olacaqsınız.

4. Təzə məhsullar, tərəvəzlər olduğunu nəzərə alıb, konservləşdirilmiş məhsullar almayın. Onlar daha baha qiymətə olur.

5. İş yerinə evdən yemək aparın. Bu halda nahar məsrəflərini yarı-yarıya azalda bilərsiniz.

6. Kiçik butulkada su almayın. Onun əvəzində evə iri qablarda su alın və onu kiçik butulkaya dolduraraq gündəlik istifadə edin.

7. Aylıq xərclərinizi yazılı şəkiıdə təqib edərək nəyə boş yerə pul xərclədiyinizi tapa bilərsiniz.

8. Özünüzə hədəf qoyun. Müəyyən zaman kəsimi üçün özünüzə hansısa məbləğ çərçivəsində pul yığma hədəfi qoysanız, pulunuzu lazımsız şeylərə xərcləməkdən də qaçmış olacaqsız.

9. Keyfiyyətli mal alın. Hər 6 ayda bir ucuz bir ayaqqabı almaq yerinə keyfiyyətli, amma bir qədər baha olan ayaqqabı almaq daha məqsədəuyğun olacaq.

10. Pul yerinə zamanla düşünün. Əgər saatda 5 manat qazandığınız bir işdə işləyirsinizsə, heç vaxt bir stəkanı 5 manat olan kofe almayın. Bu halda özünüzə təlqin edin ki, sizin bir saatlıq işiniz 1 stəkan kofeyə bərabərdir.

11. Əyləncə xərclərinizi azaldın. Kefiniz üçün etdiyiniz xərcləri topdan kəsmək yerinə onları bir qədər sərhədləndirin. Məsələn, həftədə bir dəfə kinoya gedirdinizsə, bundan sonra ayda bir dəfə gedin.

12. Maaşınızın yarısını kənara qoyun. Bununla da qənaət sisteminə daha çox alışmış olacaqsınız.

13. Kartınızın minimum borcu yerinə bütün borcunu ödəyərək, faiz ödəməkdən qurtula bilərsiniz.

14. İnternet hesabınız vasitəsilə bütün kommunal xərclərinizi avtomatik ödəyin. Bununla da gec ödəmə cəzalarından, faizindən qurtulmuş olacaqsız.

15. 50 manatdan daha bahalı bir məhsulu satın almadan öncə iki gün gözləyin. Bu müddətdə fikrinizi dəyişdirə bilər və ya məhsulu tamamən unuda bilərsiniz.

16. Cib telefonunuzun tariflərini dəyişdirin və daha az pul xərcləyin. İnternet sizə ancaq işdə lazım gəlirsə, internet paketi ləğv edin.

17. Kitab və DVD satın almaq yerinə kitabxanalara getmək daha məqsədəuyğundur. Bu halda pul ödəmədən mütaliə zövqü yaşamaq mümkündür.

18. İkinci əl əşyalar alın. Xüsusən də geyimlərinizi ikinci əl mallar satılan dükandan seçsəniz, xeyli qabağa düşmüş olacaqsınız.

19. İnvestisiya qoymağı öyrənin. Əlinizdə lap kiçik miqdarda pul olsa belə, bunun sizə gəlir gətirəcəyini unutmayın.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh