Bu qaydanı pozsanız 2500 manat cərimə ödəyəcəksiz - Sürücülərin DİQQƏTİNƏ
Yüksək musiqi sədaları altında avtomobil idarə edən sürücülər böyük məbləğdə cərimə edilə bilərlər. Belə ki, həmin şəxslər etdikləri səhvə görə böyük məbləğdə xərcə düşə bilərlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Ednews-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qanun var. “Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00.00- 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ifa etmək, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd edib ki, bu yeni qərar deyil. “İnzibati Xətalar Məcəlləsində illərdir ki, bu öz əksini tapıb. Vətəndaşlar hüquq mühafizə orqanlarına müraciət etdikdə bu cəza minlərlə şəxsə tətbiq olunur. Maarifləndirmə üçün bu məsələni bir daha diqqətə çatdırmaq istəyirik ki, ictimai yerlərdə, məhəllələrdə, yolda yüksək səslə musiqi səsləndirmək asayişin pozulmasına səbəb olur. Bu məsələ sürücülərin üzərində daha çox fokuslanıb. Gecə 12-dən sonra bəzi insanlar yüksək musiqi səsləndirməklə əhalini narahat etməsin. Şəhərin mərkəzi küçələrində yaşayan insanlar daha çox əziyyət çəkir. Mütəmadi olaraq sosial şəbəkələrdə insanların bu mövzuda nə qədər əziyyət çəkməsi ilə bağlı rəylər yazılır. Bununla bağlı bir sıra tədbirlərin görülməsini istəyirlər”.
Ekspert həmçinin qeyd edib ki, əhalinin çoxu bu qanundan məsələdən xəbərsizdir. “Görünən odur ki, əhali bu məsələdən çox narahatdır. Bununla bağlı təbliğat işlərinin aparılmasında polisin üzərinə məsuliyyət düşür. Sosial şəbəkələrdə, televiziyalarda, bir çox informasiya resursları vasitəsilə təbliğat işləri aparılmalıdır ki, bu məsələdən məlumatsız olanlar bilgilənsin. Bu qanunu küçələrdə səs gücləndirici vasitələri ilə musiqi səsləndirənlərin diqqətinə çatdırmaq lazımdır. Eyni zamanda yaşayış yerlərində də insanlar bu qaydaya əməl etməlidirlər”.