Keçidin 10-50 metrliyində qayda pozan piyadalar ölümə gedir - VİDEO
Yolun ortasında hərəkət edən piyadalar görüntülənib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın bir neçə yerində qeydə alınıb.
Şah İsmayıl Xətai küçəsində, Təhsil Nazirliyinin yanında yolun ortasında, qoşa xətt olan hissədə piyada parkdaymış kimi gəzir. Həmçinin yolun sağ və solunda səkinin olmasına baxmayaraq piyada yolun ortasında hərəkət edir. Digər anoloji hal İstiqlaliyyət küçəsində, İçərişəhər metrosunun yanında baş verib. Belə ki, yaxınlıqda yeraltı piyada keçidi olsa da, piyada yolun ortasında dayanaraq qarşı tərəfə keçir. Bir bənzər hadisə də inşaatçılar prospektində qeydə alınıb. Piyada azyaşlı uşağı ilə birlikdə qaçaraq qarşı tərəfə keçib. Qeyd edilən bütün hallarda piyadalar öz həyatlarını ciddi təhlükəyə atıb.
Təəssüf ki, dəfələrlə piyada keçidindən istifadə etməyən piyadaların ölümünə, yaralanmalarına, qəzalara səbəb olduğuna şahid olmuşuq. Əksər hadisələrdə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan belə piyadaların sonu ölümlə nəticələnir. Piyadalar keçid və səkilərdən istifadə etmirlər. Maraqlısı budur ki, sonu ölüm olan bu səhv tez-tez təkrarlanır.
Məhəbbət Tərlanoğlu