Cərimələr təsdiq edildi - İnzibati Xətalar Məcəlləsində
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb. Qanuna əsasən İnzibati Xətalar Məcəlləsində aşağıdakı məzmunda 445-1-ci maddə əlavə edilir:
“Maddə 445-1. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması
445-1.1 Satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, yəni:
445-1.1.1. satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə;
445-1.1.2. satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə;
445-1.1.3. satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasının ayrı-ayrı müqavilələrə bölünməsinə;
445-1.1.4. satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilməsinə;
445-1.1.5. satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı barədə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə -
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
445-1.2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin Qanunun tələblərinin pozulması ilə tender təklifinin qalib elan edilməsinə görə -
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
445-1.3. Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:
445-1.3.1. satınalan təşkilat tərəfindən malgöndərənin (podratçının) ixtisasına dair “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan tələblərin irəli sürülməsinə;
445-1.3.2. ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə -
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
445-1.4. Satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların pozulmasına, yəni:
445-1.4.1. satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun və tenderin əsas şərtlər toplusunun “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə;
445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə;
445-1.4.3. satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərəndən (podratçıdan) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının satınalan təşkilat tərəfindən alınmamasına;
445-1.4.4. satınalan təşkilat tərəfindən tender və xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı tenderin əsas şərtlər toplusunda və xidmət təklifləri sorğusunda nəzərdə tutulmuş tələblərə cavab verən yerli mallar (işlər və ya xidmətlər) üzrə tender və ya xidmət təkliflərinin xeyrinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli düzəlişin edilməməsinə;
445-1.4.5. satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
445-1.5. Malgöndərən (podratçı) tərəfindən dövlət satınalma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə -
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 445-1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
2. Bu Məcəllənin 445-1-ci maddəsində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.”.