Diqqət: Bu əmələ görə 800 manat cərimə olunacaqsınız

Qaydalar 14 Sentyabr 2017 23:00 Oxunub 12181
Diqqət: Bu əmələ görə 800 manat cərimə olunacaqsınız
WhatsApp kanalımıza abunə ola bilərsiniz
300-ə yaxın şəxsin işi məhkəmələrə yönləndirilib

Son zamanlar avtomobil yollarında qarşımıza tez-tez sayrışan işıqlardan, fərqli səs siqnallarından istifadə edən avtomobillər çıxır. Rəngli sayrışan işıqlardan, sirena səsində istifadə edən sürücülər yollarda bu siqnallardan istifadə edərək, yol açmağa çalışır, sanki digər sürücülərdən üstün olduqlarını göstərirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Sputnik Azərbaycan-a açıqlamasına görə, sayrışan işıqlar rənglərinə görə bölünür: "Onlardan ancaq operativ nəqliyyat vasitələri istifadə edə bilər. Polisin, Təcili Tibbi Yardımın, Yanğından Mühafizə Xidmətinin sayrışan işıqları fərqlidir".

"Məsələn, polisə qırmızı-göy rənglər verilir. Kimsə bu işıqlardan götürüb istifadə edirsə, bu, qanunun tələblərini pozmaq deməkdir və yolverilməzdir" — ekspert bildirib.

Əsədov hesab edir ki, sayrışan işıqların avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır və bunu edənlər təbii ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılır: "Sayrışan işıqlar o qədər də dəbdə deyil. Əsasən gənclər buna üstünlük verirlər. Ancaq nəzərə alınmalıdır ki, sayrışan işıqların vurulması əlavə avadanlıq quraşdırılması deməkdir və yaxud standartların tələblərinin pozulmasıdır".

"Avtomobilin qəflətən alışma ehtimalı var. Əgər lazım bilsəydi, istehsalçı zavod özü bunu qoyardı. Sarışan işıq akkumulyatordan qidalanır. Akkumulyatordan naqillərin o sayrışan işıqlara çəkilməsi, işıqların təyinatı üzrə yandırılması və neçə müddət yanması hesablanmalı, standartların tələblərinə uyğun olmalıdır. Bunlar hesablanmayanda, sayrışan işıqlarda gərginliyin azalması, çoxalması faktı yaranır. Bu da naqillərin qızmasına və naqillərin qızması hesabına avtomobilin qəflətən alışmasına səbəb ola bilər" — müsahibimiz diqqətə çatdırır.

Qurumun sözçüsü bildirir ki, sayrışan işıqların avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır və bunu da edənlər qanunvercilikdə tutulmuş qaydada cəzalandırlır: "Ötən il ərzində Bakı şəhərində sayrışan işıq səbəbi ilə 8 avtomobil yanıb. Onlar arasında Opel, Mercedes, avtobus və bir də VAZ 21-07 yadıma gəlir. Opel avtomobili dayandığı yerdə alışmışdı. Sürücü avtomobilini söndürmədən mağazaya getmişdi, qayıdanda görmüşdü ki, avtomobil qəfil alışıb. Mən sayrışan işıqların satışı ilə bağlı danışmaq istəmirəm, amma avtomobilinə sayrışan işıq qoyan şəxslər hər şeyi nəzərə almalıdır. Sayrışan işıqlar ancaq operativ nəqliyyat vasitələrinə verilir. Əgər kimsə düşünürsə ki, sayrışan işıq vurmaqla digər nəqliyyat vasitələrinin qarşısına keçə biləcək, səhv düşünür. Ən azında həmin şəxslər polisin nəzərindən qaça bilməz".

Vaqif Əsədovun sözlərinə görə, əvvəllər səs siqnallardan istifadə daha çox olub: "Sürücülər təyyarə səsi, tank səsi, gur səslər, filmlərdən sitatlar və s. səs siqnallarından istifadə edirmişlər. Ancaq son dövrlər həm "Yol hərəkəti haqqında" qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər, eyni zamanda tətbiq ediləm tənbeh tədbirlərinin sərtləşdirilməsi problemi avtomatik həll edib. Artıq qanuna əsasən, belə səs siqnalları müsadirə edilir. Yüksək tonlu, çoxavazlı, səsi artırıb azaldan sirena və ya musiqi səsli siqnalların avtomobillərə tətbiq edilməsi və onlardan istifadə edilməsi qanunla tənzimlənir".

Əsədov qeyd edir ki, insanlar belə səs siqnalı verməklə bir-birini çağırır, sevinir, əylənir, evlənir, sanki bir-biri ilə danışır: "Qanunda isə səs siqnalından yalnız iki halda istifadə edilməsinə icazə verilir. Bu, nə dərəcədə düzgündür? "Yol hərəkəti haqqında" qanuna görə, səs siqanllarından lüzumsuz olaraq istifadə edilməməlidir. Səs siqnallarından iki halda istifadə etmək olar: yaşayış məntəqəsindən kənarda ötmə əməliyyatı aparmaq niyyəti ilə qarşıda hərəkət edən sürücünü xəbərdar etmək məqsədi ilə, yaxud da yol nəqliyyat hərəkəti baş verməməsi üçün".

"Səs siqnalları istehsalçı zavodun müəyyən etdiyi birtonlu olmalıdır. Bizdə isə səs siqnallarından harada gəldi, istifadə edirlər. Tıxacda, yollarda, hər yerdə istifadə edilir. Əgər səs siqnalları ilə sıxlığın, tıxacın qarşısını almaq mümkün olsaydı, elə yol polisi özü bundan istifadə edərdi" — DYP rəsmisi qeyd edir.

Onun dediyinə görə, səs siqnallarından istifadə bizim mentalitetimizə bağlı olan təhlükəli vərdişdir: "Məsələn, toy günündə səs siqnallarından istifadə edirlər. Sanki səs siqnalı iki gəncin xoşbəxtliyi deməkdir. Hətta istehsalçı zavodun təyin etdiyi bir tonlu səs siqnalını belə, lüzumsuz yerə istifadə etməyə görə, inzibati tənbeh tədbirləri seçilir. Şəhərin mərkəzində adi qaydada siqnal versən, inzibati tənbeh edilə bilərsən. Onu da qeyd edim ki, səs siqnalları ilə bağlı bu günə qədər 300-ə yaxın avtomobil sürücüsünün işi məhkəmələrə yönləndirilib".

Hüquqşünas Tağı Hüseynov də Sputnik Azərbaycan-a deyib ki, İnzibati Xətalar Məcəlləsinin 329.3. maddəsi ilə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat cərimə tətbiq edilir: "Bununla yanaşı, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə tənzimlənir".

"342.9-a görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir" — hüquqşünas bildirir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh