DYP xəbərdarlıq edir: Köhnə avtomobillərlə şəhərə çıxmaq qanun pozuntusudur
Azərbaycanda köhnə, istismar müddətini bitirmiş avtomobillərin utilizasiya sistemi mövcud deyil. Buna görə, bəzən avtomobillər istismar müddətini bitirdiyi zaman bağçalarda, həyətlərdə, yol kənarında atılıb qalır.
Digər ölkələrdə isə avtomobillərin utilizasiya sistemi mövcuddur. Məsələn, Rusiyada uzun illərdir ki, bu proqram var. Proqramın 2017-ci ildə qəbul edilmiş qaydalarına görə, avtomobilini utlizasiyaya təhvil vermiş sürücülər, yeni avtomobil almaq üçün müəyyən qədər vəsait və ya güzəşt əldə edə bilirlər.
Rusiyada bu proqrama avtomobil istehsalçıları da dəstək olur. Belə ki, avtomobil istehsalı ilə məşğul olan firmaların dilerləri sürücülərlə müqavilə bağlayır, bundan sonra avtomobil vəziyyətinə və formasına görə dəyərləndirilir. Müqavilə bağlandıqdan sonra avtomobili hərəkətə gətirmək olmaz. Avtomobil evakuatorla utlizasiya məntəqəsinə daşınır. Utilizasiya edilmiş avtomobilin əvəzində, nəqliyyat vasitəsinin sahibi avtomobil istehsal edən firmadan 1500 – 10000 min manata qədər güzəştlə yeni avtomobil ala bilir.
Nəqliyyat eksperti Azər Allahverənov deyir ki, avtomobillərin utilizasiyası çox məsrəf tələb edən bir proqramdır. Buna görə də, dünyanın inkişaf etmiş dövlətlərində, xüsusilə Avropa ölkələrində utilizasiya proqramı ən yüksək səviyyədə dəstəklənən proqramlardan biri olsa da, Azərbaycanda yox vəziyyətindədir. Ekspertə görə, bu proqramın konkret hədəfi avtomobil parkının vaxtaşırı yenilənməsidir. Digər tərəfdən isə ölkənin ekoloji mühitini qoruyan bir proqramdır.
Mütəxəssis bildirir ki, bu ölkələrdə insanlar avtomobillərini utilizasiyaya verməyə xüsusi maraqlıdır: "Çünki avtomobillər utilizasiyaya verilən zaman avtomobil sürücüsünə kifayət qədər yüksək məbləğ ödənilir. Avtomobil sürücüləri bu məbləğə yeni avtomobil də ala bilirlər. Azərbaycanda da bunun olması önəmlidir. Amma digər tərəfdən, ölkədə sənaye kompleksləri olmalıdır ki, təhvil verilən avtomobillər təkrar emala göndərilə bilsin".
Allahverənovun sözlərinə görə, vaxtilə avtomobillər üçün belə utilizasiya yeri olub: "Vətəndaşlar avtomobillərini təhvil verib, kifayət qədər pul alırdılar və həmin tullantılar təkrar emala yönləndirilirdi. Azərbaycanda avtomobil zavodları fəaliyyət göstərir. Dövlət elə bir proqram yarada bilər ki, vətəndaşlar Azərbaycan istehsalı olan avtomobilləri güzəştli kreditlərlə əldə edə bilərlər. Bununla həm avtomobil satışı artar, həm sahibkarların maraqlarına cavab verər, həm də avtomobilini təhvil vermiş insanlar nəqliyyat vasitəsi ala bilərlər".
"Hər şey iqtisadi vəziyyətə bağlı olduğu üçün belə proqramlar hələ müzakirə səviyyəsindədir. Bu kimi proqramların olduğunu və müzakirə edildiyini eşitmişəm, amma reallaşması hələ sual altındadır. Bu proqramın reallaşması üçün təkrar emal fasiləsiz işləməlidir. Ola bilər ki, təkrar emal zavodu açılsın, bir müddət fəaliyyət göstərib dayansın. Bu sistemin mütəmadi olaraq işləməsini təmin etmək lazımdır. Əgər işləməsə, bu, maksimum 20-30 min avtomobilin dəyişməsinə səbəb ola bilər" — həmsöhbətimiz vurğulayır.
A. Allahverənov onu da diqqətə ki, hazırda köhnə avtomobillər, ya yolların kənarına atılır, ya da kiminsə bağçasında saxlanılır: "Hətta, mən elə hallara şahid olmuşam ki, avtomobilin banını qaldırıb qoyublar evin damına orada quş saxlayırlar. Rayon yerlərində isə köhnə avtomobillərin banını at arabası əvəzi işlədirlər. İstənilən halda, bu, qəbuledilməzdir. Düzdür, insanlar öz avtomobillərindən istədikləri kimi istifadə edə bilərlər. Buna görə də, proqram elə işləməlidir ki, insanlar avtomobillərini təhvil verməyə maraqlı olsunlar".
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, nəqliyyat vasitəsinin utilizasiya edilməsi üçün qanuna müvafiq tələblər var: "Avtomobil sahibi özünə məxsus avtomobilin vəziyyəti haqqında Dövlət Yol Polisinə məlumat verib, nəqliyyat vasitəsinin dövlət nömrə nişanını, qeydiyyat şəhadətnaməsi ilə birlikdə təhvil verib, DYP-yə müraciət edir. Bundan sonra DYP-də avtomobilin utilizasiyaya verilməsi qeydiyyata alınır. Ondan sonra bu avtomobillər çıxdaş edilir. Avtomobil çıxdaş edilirsə, avtomobil "metalloma" verilir".
V. Əsədov deyir ki, kimsə qəzaya uğramış avtomobilin hissələrini bazara qoyub satırsa, bu vəziyyət qanunvericiliklə tənzimlənir: "Tutaq ki, bir avtomobilin mühərriki "metalloma" verilmir, bazarda satılır. Axı hər bir mühərrikin nömrəsi olur. Bu mühərriki alan adam gələcəkdə sorğu-sual edilməmək üçün DYP-dən avtomobilin çıxdaş olunması ilə bağlı sənədi də almalıdır. Çünki texniki pasportda mühərrikin nömrəsi qeyd olunur. İkincisi, ola bilər ki, mühərrik yararlıdır. Ancaq çıxdaş olunan nəqliyyat vasitəsi bütünlüklə istismar müddətini bitirdiyi üçün çıxdaş olunur".
"Maşınını utilizasiya etmək istəyən sürücülər qanuna riayət etməlidirlər. Belə olarsa, avtomobili alıb-satanlar da əziyyət çəkməzlər. Amma DYP-nin arayışı olmadan kimsə qəza keçirmiş, əzilmiş avtomobili alıb-satırsa, onlar hansısa cinayəti ört-basdır etmiş sayılır. DYP-nin cərimə meydançalarında istismar müddətini ötmüş onlarla avtomobil var və DYP bununla bağlı dəfələrlə müraciət edib. Artıq bu günə qədər 600-ya yaxın avtomobilin utilizasiya edilməsinə nail olunub. Onlar arasında sovet avtomobilləri "Qaz-24", "Qaz-31", "Vaz 21-06", "Vaz 21-07", "UAZ", "ZİL", "Tofaş", "KaMAZ" və böyük tipli avtobuslar var" — DYP sözçüsü vurğulayır.
Əsədov qeyd edir ki, mərkəzi küçələrə, çürümüş, işıqları görünməyən, yararsız vəziyyətdə, istismar müddətini ötən avtomobillərin çıxması qanunun tələblərinin pozulması deməkdir: "İkincisi, belə avtomobilləri idarə etmək çox təhlükəlidir. Belə avtomobillərin idarə edilməsi yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur və şərait yaradır. Belə avtomobillərin hərəkətdə olması digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Özünüz düşünün, Neftçilər prospektində belə avtomobillərin idarə edilməsi ölkə haqqında xoş olmayan fikirlər yarada bilər".
V. Əsədovun sözlərinə görə, utilizasiya ilə bağlı qanunda konkret maddə göstərilməsə də, avtomobil sahibi özü idarə etdiyi avtomobilin nə olduğunu çox yaxşı bilir.
Qeyd edək ki, paytaxtın Əhməd Rəcəbli 308 ünvanında, qəza keçirmiş, hər hansı səbəbdən əzilmiş avtomobillərin bərpası, sökülməsi, ehtiyat hissələrinin satıldığı bazar fəaliyyət göstərir. Bazarda çalışanların sözlərinə görə, bütün avtomobillər DYP-nin arayışı ilə qəbul edilir. Əzilmiş, qəzalı avtomobillərin sahibləri bazara müraciət etsə də, arayış təqdim edilmədiyi halda avtomobil qəbul edilmir.
Özünü təqdim etmək istəməyən satıcı Sputnik Azərbaycan-a deyir ki, avtomobillər vəziyyətinə, modelinə, ilinə görə qiymətləndirilir. Məsələn, 2013-cü ilin "Hyundai İ20"-si əzilibsə, satıcı buna 3500-4500 manat pul verə bilər.
"20-30 yaşlı qəzalı avtomobillərin qiyməti isə daha ucuzdur. Dediyim kimi, əvvəlcə baş vermiş qəza haqqında arayış tələb edirik, sonra DYP nəzarəti altında avtomobili alqı-satqı müqaviləsi ilə özününküləşdiririk. Bəzən belə əzilmiş avtomobillərdən yeni avtomobil yığmaq mümkün olur. Avtomobilin zərər görmüş yerlərini dəyişir, yeniləyib satırıq" — satıcı bildirir.
Bazarda çalışanlar onu da deyirlər ki, bazarda avtomobillər utilizasiya edilmir: "Burada avtomobillər yenidən yığılır, təmir edilir. Utilizasiya isə avtomobilin tamamilə yox edilməsi deməkdir".