Banner

Əlil sürücülər üçün qaydalar sərtləşdi

Qaydalar 4 Fevral 2017 13:30 Oxunub 3379
Əlil sürücülər üçün qaydalar sərtləşdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs qanun kimə o nişandan istifadə hüququnu verir?

Ötən ilin dekabrın 16-da “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər bu gündən etibarən qüvvəyə minib. Avtosfer.az xəbər verir ki, qanuna edilən əsas dəyişikliklərdən biri “Əlil” tanınma nişanından istifadə qaydaları ilə bağlıdır. Belə ki, öz avtomobilində “Əlil” tanınma nişanından qanunsuz istifadə edən şəxslər 40 manat məbləğində, “Əlil” tanınma nişanlı avtomobillər üçün nəzərdə tutulan parklanma yerində parklanan digər nəqliyyat vasitələrinin sürücüləri isə 10 manat məbləğində cərimə olunacaqlar. Dəyişikliklərlə bağlı ekspert Ərşad Hüseynov qeyd edib ki, sözügedən dəyişikliklər ölkəmizdə avtomobillər üzərində “Əlil” tanınma nişanının vurulması məsələsini aktuallaşdıracaq:

“Hazırda bu məsələ ilə bağlı ciddi pərakəndəlik var, hətta şəxsən mən mikroavtobusun da üstünə “Əlil” tanınma nişanının vurulduğunu görmüşəm.

Bəs qanun kimə o nişandan istifadə hüququnu verir?

“Yol hərəkəti haqqında” Qanunun 72-ci maddəsinin 5-ci bəndində deyilir:

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur:

5) “Əlil” – I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında – tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində.

Bu məsələləri tənzimləyən digər bir normativ akt isə DİN-in 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” təlimatdır. Bu təlimatın 2.15-ci bəndində deyilir ki, 1-ci və 2-ci qrup əlillərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir.

Göründüyü kimi, qanunvericilik heç də hər kəsin, hətta 1-ci və 2-ci qrup əlilliyi olan istənilən şəxsin də bu tanınma nişanından istifadəsinə icazə vermir. Bunun üçün aşağıdakı konkret şərtlər var:

- belə avtomobildə əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış olmalıdır;

- belə avtomobil I və II qrup əlillər tərəfindən idarə edilməlidir (yəni sürücü özü əlil olmalıdır);

- belə avtomobilin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir” ifadəsi yazılmış olmalıdır.

Yuxarıda göstərilən şərtlərdən hər hansı biri olmadıqda nəqliyyat vasitəsinin üzərinə “Əlil” tanınma nişanı bərkidilə bilməz. Yəni məsələn, konkret şəxs faktiki olaraq 1-ci və ya 2-ci qrup əlil olsa da, onun avtomobili xüsusi avadanlıqlarla təchiz edilməyibsə, ona bu tanınma nişanından istifadə hüququ verilməyəcək.

Yuxarıda qeyd olunanlar hazırki qanunvericiliyin birmənalı mövqeyidir. Lakin düşünürəm ki, “Əlil” tanınma nişanından istifadə ilə bağlı məsələ xüsusi aktuallıq kəsb edərsə, qanunvericiliyin şərh olunan tələblərinə yenidən baxılması zəruri olacaq. Məsələ burasındadır ki, dünyanın bir çox ölkələrində təkcə əlillərin özlərinin idarə etdiyi avtomobillərə yox, həm də onlara xidmət edən avtomobillərə də belə tanınma nişanı verilir. Çünki sürücülük üçün şəxsin sağlamlığı da konkret tələblərə cavab verməlidir. 1-ci və ya 2-ci qrup əlilliyi olan xeyli şəxslər var ki, onların əlilliyinə səbəb olan sağlamlıqdakı məhdudiyyət sürücü olmağa da imkan vermir. Belə şəxslər özləri idarə etməsələr də, onlara xidmət edəcək avtomobilin eyni güzəştdən istifadə etməsi məntiqlidir. Düşünürəm ki, gələcəkdə ən azı bu müddəa ilə bağlı qanunvericiliyə düzəliş olunmalıdır”.

Ə.Hüseynov əlavə edib ki, digər dəyişikliyə əsasən, parkomatdan istifadə qaydasını pozanlar (ödənişsiz parklananlar və s.) barəsində xüsusi elektron protokol tərtib olunacaq:

“Özü də bunu etmək üçün ən müasir parkomatlar (parklanma yerində baş verən hər şeyi avtomatik qeydə alan, emal edən və və hətta elektron protokol üçün məlumatı Mərkəzi informasiya sisteminə ötürə bilən və s.) lazımdır. Belə olsa, Bakıda hazırda görüdüyümüz parkomatlar istifadəyə yararsız olur, onlar ya təzəsi ilə əvəzlənməli, ya da onlara tam yeni funksiyalar və təbii ki, müvafiq avadanlıq, proqram təminatı əlavə olunmalıdır. Bu isə milyonlarla dollar deməkdir. Ən maraqlısı odur ki, belə parkomatlar yoxdursa, ödənişli parklanma olmaz. Yəni məsələn, Gədəbəydə də belə parkomat qoyub, sonra ödənişli parklanma yeri təşkil etmək olar. Qanuna bu dəyişiklik də qəbul edilib. Ancaq onu tətbiq etmək mümkün olmayacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh