Hüquqşünasdan deputata tutarlı cavab: Qanunda yanlış məqamlar var
Dünən hüquqşünas Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə yarımçıq qalan məqamların və qüsurların olduğunu bildirmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov hüquqşünas Ərşad Hüseynovun fikrini şərh edib. K.Cəfərov Ərşad Hüseynovun İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklə bağlı şərhinin ictimaiyyətdə çaşqınlıq yaradacağını bildirərək onun fikirləri ilə razılaşmayıb.
Avtosfer.az xəbər verir ki, Hüquqşünas Ərşad Hüseynov bu gün sosial şəbəkə hesabında məlumat yazaraq deputatın arqumentlərinin əsassız olduğunu bildirib.
"Dünən İXM-yə edilən düzəlişdəki ciddi qüsur və natamamlıqla bağlı iradlarımdan ibarət bir yazı yazmışdım. Milli Məclisin deputatı iradlarımı təkzib etməyə cəhd edib. Amma hörmətli deputatın arqumentlərini əsassız sayıram, ona görə də cavabımı yazdım.
Milli Məclisin deputatı Kamal Cəfərov iradlarımı təkzib etməyə, hər şeyin qaydasında olduğunu izah etməyə çalışıb.
Öncə hörmətli deputata belə operativ reaksiya üçün təşəkkür edirəm. Amma onun şərhi mənim iradlarımı nəinki təkzib etdi, hətta əksinə, fikrimi bir qədər də qətiləşdirməyimə, xüsusən də bu məsələdə belə yanlışlığa yol verilməsinin haradan qaynaqlandığını aydınlaşdırmağıma kömək etdi.
Cənab deputat deyir ki, mənim şərhim ictimaiyyətdə çaşqınlıq yarada bilər. Lakin həmin şərh heç bir çaşqınlıq yaratmayacaq, çünki qanunvericikdə yol verilmiş onlarla belə boşluq, natamamlıq, məntiqsizlik təcrübədə müxtəlif üsullarla aradan qaldırılır. Qeyd etmişdim ki, bu qüsurlu düzəlişin hərfi mənası əsas götürülsə, yol vərəqəsi ilə sürülən avtomobillər cərimə meydançasına qoyulmalı olacaq. Lakin hər kəsə aydındır ki, bu belə olmayacaq və belə edilməsi də mümkün deyil. Çünki elə DYP-nin patrul avtomobilləri, Milli Məclisin və başqa dövlət qurumlarının rəhbər şəxslərinə xidmət üçün ayrılan xidməti avtomobillər (apponentimin qeyd etdiyi kimi, təkcə yük və ya sərnişindaşımada istifadə edilən avtomobillər yox) yol hərəkətinə yol vərəqəsi ilə buraxılır.
Mənim iradım çaşqınlıq yaratmağa yox, qanun layihəsindəki qüsuru və natamamlığı vaxtında aradan qaldırmağa yönəlib...
Daha sonra hörmətli deputat hesab edir ki, mən bu layihəni diqqətlə oxumamışam və bu səbəbdən oradakı “nəqliyyat vasitəsini idarə etmək hüququ” ifadəsinə diqqət etməmişəm. Guya ki, həmin ifadə yol vərəqəsi ilə avtomobil idarə edilməsini aydın şəkildə ehtiva edir.
Lakin apponentimə xatırlatmaq istəyirəm ki, “Yol hərəkəti haqqında” Qanunun (YHQ) bütöv bir fəsli (4-cü fəsil), xüsusən də 33-cü maddə nəqliyyat vasitəsini idarə etmək hüququndan bəhs edir. Həmin fəsildən tam dəqiqliyi ilə aydın olur ki, bu ifadə istisnasız olaraq, müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olmanı (vəsiqə tələb edilməyən nəqliyyat vasitələri, məsələn, velosiped və moped barəsində isə konkret yaş həddinə çatmanı) ehtiva edir. Layihədə işlədilən bu ifadəni (“nəqliyyat vasitəsini idarə etmək hüququ”) geniş mənada təfsir etməyə, iddia edildiyi kimi, yol vərəqəsi üzrə avtomobil idarə etmə kimi başa düşməyə yer yoxdur. Çünki YHQ-nin həmin fəslində “yol vərəqəsi” və ya onu ehtiva edə biləcək hər hansı fikir mövcud deyil.
Hörmətli deputat mənə təklif edir ki, İXM-in 96.1.1-ci maddəsinin köhnə (yəni hələlik qüvvədə olan) redaksiyasına diqqət edim, köhnə redaksiyadakı “yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” sözləri yol vərəqəsini ehtiva edir. Şübhəsiz ki, bu ifadəyə diqqət etmişəm, hətta bu ifadəni bir kitabımda şərh də etmişəm. Lakin deputat bu ifadəyə lazımi diqqət etməyib, çünki, bu ifadə bqtövlükdə belədir “sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas”. Fərqi hiss etdiniz yəqin ki. Fərq odur ki, təxminən 21 il əvvəl qəbul olunan bu normanı təfsir edəndə vurğulayırdıq ki, qanunverici nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsi) adını çəkdikdən sonra “yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” ifadəsini işlətməklə həm də etibarnamə, icarə müqaviləsi, yol vərəqəsi kimi konkret nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini, yəni ondan istifadə etmək hüququnu ehtiva edib. Buradakı həlledici ifadə isa “həmin nəqliyyat vasitəsini” ifadəsidir. Köhnə redaksiyadakı bu ifadə, özü də onun sürüclük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi sadalandıqdan sonra işlədilməsi konkret nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti kimi təfsir edilə bilər. Həm də unutmayaq ki, köhnə redaksiyada nə etibarnamənin və ya icarə müqaviləsinin, nə də sahiblik hüququnun adı çəkilmir. Bu səbəbdən “yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas” ifadəsini hazırkı məzmunda təkcə yol vərəqəsini yox, həm etibarnaməni və icarə müqaviləsini ehtiva edən hesab edirik, başqa cür, dar mənada təfsir mümkün deyil.
Lakin yeni layihədə vurğu sənədlərə yox, hüquqa edilir. Bu zaman “nəqliyyat vasitəsini idarə etmək hüququ” ilə yanaşı “nəqliyyat vasitəsinə sahiblik hüququ” ifadəsi işlədilir. Hörmətli deputatın dediyi ki, “nəqliyyat vasitəsini idarə etmək hüququ” yol vərəqəsini ehtiva edirsə, bu mənada da işlədilirsə, onda qeydiyyat şəhadətnaməsi, etibarnamə, icarə müqaviləsi kimi sənədləri daha aydın və dəqiq ifadə edirmiş kimi sayılmalıdır. Belə olan təqdirdə, həmin ifadələr (“nəqliyyat vasitəsini idarə etmək hüququ” və “nəqliyyat vasitəsinə sahiblik hüququ”) niyə yanaşı işlədilir, nəyə görə qanunda taftalogiyaya yol verilir?
Hörmətli deputatın bu istiqamətdəki iradlarının yersiz olduğunu təsdiqləmək üçün gətirdiyim arqumentlər yetərlidir. İş burasındadır ki, yol vərəqəsi əsasında avtomobil idarə etmə ilə bağlı məsələ həm YHQ-də, həm də İXM-də həmişə arxa planda qalıb. Ona görə bu layhədə də belə bir sənəd barədə unudulub və fərqinə varmadan düzəliş edilib.
Hörmətli deputat vurğulayır ki, “dəyişikliyin məqsədi ondan ibarət idi ki, əvvəllər sürücülük vəsiqəsi, etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas fiziki olaraq sürücüdə olmasa idi, bu, nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması üçün əsas yaradırdı. İndi isə qeyd edilən sənədlərin fiziki olması tələb edilmir, yol polisi əməkdaşları bu məlumatları bort kompüterləri vasitəsilə dəqiqləşdirə bilərlər.”
Mən dünənki yazımda da vurğulamışdım ki, ilk baxışdan gözəldir, çünki ideya əladır, pozitivdir, Buna çoxdan ehtiyac var. Hətta mən çox istərdim ki, bəzi sənədlər rəqəmsallaşdırılsın, fiziki olaraq dövriyyədən çıxarılsın.
Deyildiyi kimi, bu düzəlişlərdə məqsəd sürücülərin məsuliyyəti ilə bağlı dəqiqləşdirmələr aparmaqdır. Amma bu iş niyə yarımçıq olmalıdır ki?..
Nəzərə çatdırmaq istəyirəm ki, sürücünün özü ilə hansı sənədi gəzdirməsi, DYP ilə ünsiyyət, ona hansı sənədi təqdim etməli olması İXM-in deyil, YHQ-nin predmetidir. İXM inzibati məsuliyyətlə bağlı məsələləri tənzimləyir (İXM-in 1-ci və 2-ci maddələri).
Sürücüyə dair tələblər, onun özü ilə hansı sənədi gəzdirməsi, DYP ilə ünsiyyət, ona hansı sənədi təqdim etməli olması və məsuliyyətə qədərki bütün bu kimi məsələlər isə YHQ-nin tənzimləmə predmetidir. YHQ-nin 37-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində sürücünün özündə saxlamalı olduğu sənədlər (yeri gəlmişkən onların sırasında yol vərəqəsi də var) sadalanır, daha sonra həmin hissənin 2-ci bəndində sürücünü DYP əməkdaşı saxlayarkən həmin sənədləri bu əməkdaşa təqdim etmək vəzifəsi göstərilir. YHQ-nin 85-ci maddəsinin 3-cü bəndi bir az da irəli gedərək göstərir ki, sürücü nəqliyyat vasitəsini dayandırdıqda DYP əməkdaşı 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi ondan tələb edir. Cənab deputatdan soruşmaq istərdim, bütün bu normalar qüvvədə qala-qala necə demək olar ki, etdiyimiz dəyişiklidən sonra qeyd edilən sənədlərin sürücüdə fiziki olması tələb edilmir. Axı belə gözəl ideya və xəyallar əvvəlcə qanunda əks olunmalıdır. Sabah DYP ilə sürücü arasında mübahisə yarananda necə olacaq? Həm də sənədlərin fiziki olmasını istisna edən düzəlişdən sonra, DYP-sürücü ünsüyyətinin yeni alqoritmi də qanunda birbaşa və aydın yazılmlıdır (belə sistemin artıq mövcud olduğu ölkələrdə həmin ünsiyyətin alqoritmi aydın təsbit edilib, onlardan nümunə götürmək olardı).
Bu məslələri tam aydınlaşdırmaq və mənim çoxdan istədiyim həmin ideyaları həyata keçirmək üçün eyni qanunvericilik zərfində olan YHQ-yə də uyğun və məntiqli dəyişiklik olmalıydı, İXM-in əlavələri isə daha mükəmməl, təcrübədə heç bir mübahisə doğurmayan məzmunda olmalıydı.
Nə isə... Vaxtınızı çox aldım, üzürlü sayın.
Amma mənim əsas hədəfim hüquqi aydınlığın olmasıdır. Dünənki yazımdakı iradlar həmin qüsur və çatışmazlıqları aradan qaldırmağa çağırışdır. Bunu illərdir görürüəm. Fürsət düşmüşkən, dəyişiklik edərkən hamısını qaydaya salmaq daha yaxşı olardı."
Sizə dərin hörmətlə.