Reklam

MTK-lar ölkədə “at oynadır” – AÇIQLAMA - FOTO

Qaydalar 8 İyul 2024 12:35 Oxunub 1340
MTK-lar ölkədə “at oynadır” –  AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər ölkədəki tikinti şirkətləri, onların rəhbərləri barədə qanun pozuntuları əsas müzakirə obyektinə çevrilib. Ötən ay Xətai rayonunda liftin qırılması nəticəsində sakinlərin zərər çəkməsi, ötən həftə ərzində MTK-lardan birinin vətəndaşın evini başına uçurması, iyulun 4-ü gecə saatlarında Yasamalda MTK-nın vətəndaşın əmlakını yerlə bir etməsi və iyulun 7-si paralimpiyaçı Ramin Əliyevin Sumqayıt şəhəri Nizami küçəsində yerləşən binanın tikinti şirkəti tərəfindən uçurulması və sakinlərin təhdid edilməsi ilə bağlı açıqlaması bu istiqamətdə təcili işlər görülməsinə ehtiyac olduğunu göstərir.

Avtosfer.az xəbər verir ki, problemlə əlaqədar hər dəfə hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra belə özbaşınalıqların qarşısı alınır. Lakin bir müddət sonra hansısa yeni, əlinə 3-5 milyon keçən sahibkar göydələn ucaltmağa çalışdıqda eyni hal təkrarlanır. Yenə ərazi mənimsənir, yenə vətəndaşa saymazyana münasibət, əmlaka zərər və s...

Problemlə əlaqədar saytımıza açıqlama verən əmlak məslələri üzrə ekspert Vüsal Məstəliyev deyib ki, bütün əmtəələr kimi daşınmaz əmlakın da istehlak və mübadilə dəyəri mövcuddur.

“İstehlak dəyəri mənzil sahibi üçün mühüm rol oynayır. Həmin mənzilin yerləşmə yeri, mülkiyyətçi üçün rahatlığı, mərkəzə və ictimai yerlərə yaxınlığı və s. sakinlər üçün yüksək istehlak dəyərinə malikdir.  Mülkiyyətin bütün növləri qanunla dövlət tərəfindən qorunur. Hansısa MTK bunu çox gözəl başa düşür və gələcəkdə inşa etmək istədiyi binanın müvafiq orqanlardan icazəsini aldıqdan, eləcə də, həmin ərazidə yaşayan mülkiyyətçilərlə razılığa gəldikdən sonra tikintiyə başlamalıdır. Yoxsa sakinlərin 80%-nin razılığını alıb binanı sökmək qeyri qanunidi. Bəs MTK nə edir? Baxır ki, 3 otaqlı mənzil 69-70 kvadrat-metrdir, mülkiyyətçiyə deyir ki, mən sənə bunun əvəzində 90-95 kvadrat-metrlik mənzil verəcəm. Həmin mənzilə isə gələcəkdə çıxarış alanda 75-80 kvadrat-metr kimi qeydiyyata alınır. MTK-lar təkcə alacaqları mənzillərin sahələrinə deyil, həm də həmin ailənin sosial rifahına da düzgün  yanaşmalıdırlar. Çünki ailə var ki, 3 otaqlı mənzildə 2-3 uşaq böyüdür. MTK-nın təklif etdiyi sahə və mənzil bu ailənin gələcəkdə mənzil tələbatını ödəmir. 3 otaqlı mənzilin əvəzində 1 və ya 2 otaq təklif edir, özü də təmirsiz və eskizsiz. Dəfələrlə MTK ilə razılaşmayan mülkiyyətçilər 15-20 dəqiqəlik evindən kənarlaşıb geri qayıdarkən evinin söküldüyün şahidi olub. Bu birbaşa cinayətdir. Belə halların qarşını almaq üçün həmin əmlak sahiblərinin hamısı birlik olub binanın sakinlərinin son nəfərinə kimi razı salınmasını təmin etməlidirlər, sonra binanı boşaltmalıdırlar. İndiki dövrdə bina sahiblərindən bəziləri şəraitdən sui-istifadə edərək birbaşa varlanmaq istəyir”.

Ekspert onu da vurğulayıb ki, MTK ən son məqama qədər əmlak sahibi ilə razılığa gəlməyə cəhd etməlidir. Əgər mülkiyyətçi razılığa gəlmirsə, o zaman MTK onu məhkəməyə verə bilər.

Məsələ ilə əlaqədar vəkil Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan hüquq dövlətidir və burda həyata keçirilən bütün hərkətlər yalnız qanun çərçivəsində ola bilər.

“Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əasasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əgər ərazidə hansısa dövlət əhəmiyyətli inşaat işləri aparılırsa, o zaman aidiyyəti dövlət qurumları tərəfindən vətəndaşlara məlumat xarakterli bildiriş göndərilir. Bu bildirişdə, həmin ərazinin dövlət tərəfindən geri götürülməsi və burada hansısa inşaat işlərinin görülməsi ilə bağlı vətəndaşlara məlumat verilir. Dövlət ehtiyacları dedikdə, kommunikasiya xətləri, neft-qaz boru xətləri, sərhəd boyu zolaqlar, müdafiə və təhlükəsizlik tipli obyektlər, dağ-mədən və dəniz limanı kimi müəyyən obyektlərin inşası nəzərdə tutulur. Bu hallarda mülkiyyətçilərin hüquqları tamamilə təmin olunmaqla, əmlakları bazar dəyərində qiymətləndirilərək mülkiyyətləri alına bilər”.

Hüquqşünas həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda MTK-lar “at oynadırlar”.

“Tikinti şirkətləri indi heç nəyə fikir vermirlər. Onları qətiyyən maraqlandırmır ki, sökdükləri özəl mülkiyyətdir, sənədlidir, yoxsa sənədsizdir. Onlar üçün sadəcə bir qayda var, hər kəsi eyni şəkildə aldadırlar ki, burada pilot layihə icra olunur və məhz bu layihə əsasında burada tikinti işləri həyat keçirilir. Nazirlər Kabinetinin 2006-cı il 25 Fevral tarixli qərarı ilə “Pilot layihələr haqqında” layihə qəbul edilmişdi. Bir müddət sonra vətəndaşların bu ad altında aldadılması faktları artdığı üçün 2019-cu ilin 18 dekabr tarixində Nazirlər Kabineti MTK və tikinti şirkətlərinin pilot layihə adı altında vətəndaşlara fırıldaq gəlməsini qadağan edən qərarı qəbul etdi. Vətəndaşların tam hüququ var ki, ərazidə söküntü işləri başlayan zaman, məhkəməyə müraciət edərək, həmin ərazidə söküntü aparma işlərinin qadağan olunması ilə bağlı müvəqqəti təminat tədbiri əldə eləsinlər. Vətəndaşlar eyni zamanda tikinti şirkətinə icra hakimiyyəti tərəfindən tikinti işlərinə dair verilən sərəncamı da ləğv etdirə bilərlər. Qanun qarşısında hər kəs bərabərdir. Vətəndaşalr bilməlidirlər ki, yaşadıqları ərazi ilə bağlı hansısa tikinti şirkətinin dediyi kimi, onların yaşadıqları ərazidə hansısa uçqun olacaq və bu şirkətlər sanki bir mələkdir, onları xilas etyməyə gəlib, fikirlərinə aldanmaq olmaz”.

Ramil Süleymanov sonda onu da qeyd edib ki, məhkəmənin verdiyi müvəqqəti təminat tədbirinin qərardatını tələblərini icra etməyən tikinti şirkətinin rəhbərliyi qanun qarşısında inzibati və cinayət məsuliyyəti daşıyır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh