Banner

Normal hərəkət şəraiti yoxdursa bu halda sürücü cərimələnə bilməz - EKSPERT AÇIQLADI - VİDEO

Qaydalar 5 Dekabr 2025 12:00 Oxunub 410
Normal hərəkət şəraiti yoxdursa bu halda sürücü cərimələnə bilməz - EKSPERT AÇIQLADI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə Baş Dövlət Yol Polisi İdarəsi sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərlə bağlı görüntülər yaydı. Videoda sürücülərin əksəriyyətinin sol zolaqla hərəkəti diqqət çəkən məsələlərdən biri oldu. İdarənin məlumatında qeyd olundu ki, qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır.

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məsələyə aydınlıq gətirib. O bildirib ki, sürücülərin bu tələbə riayət etmələri üçün əvvəlcə yollarla bağlı problem həll edilməlidir.

“Əvvəlcə “Yol hərəkəti haqqında” Qanun 49-cu maddəsində qeyd olunur ki, normal hərəkət şəraitində sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər. Diqqət edirsizsə, cümlədə “normal hərəkət şəraiti” fikri öz əksini tapır. Bu o deməkdir ki, əgər hərəkət şəraiti normal deyilsə, o zaman sürücü sol zolaqla hərəkət edə bilər. Bəzən sürücülər soruşur ki, mən sol zolaqla aşağı sürətlə irəliləyirəm, arxadan gələn sürücü işıqla işarə edir, siqnal verib yol istəyir, belə olan halda nə etməliyəm. Həmin sürücülər bilməlidir ki, sağ zolağa keçib yol verməlidirlər. Bilmirsən ki, o sürücü səndən niyə yol istəyir. Harasa tələsə bilər. Maşında təcili yardıma ehtiyacı olan şəxs ola bilər və s. hallar baş verə bilər. Əgər qayda pozursa, məsuliyyət onun boynundadır. Ona görə də mümkün qədər sağ zolağa çəkilib yol vermək lazımdır. Bu, bir mədəniyyətdir. Sol zolağın qanunda adı da var: sürətlənmə zolağı. Sən əgər o zolaqda oynaya-oynaya gedirsənsə, bu düzgün deyil. Doğrudur, bu, qayda pozuntusu kimi qəbul edilmir, çünki qanunda onun bir izahı yoxdur”.

Ekspert qeyd edib ki, əsas problem yararsız vəziyyətdə olan yollardır. İşıq dirəklərini iki istiqamətli yolun ortasına quraşdırırlar, ən sağ zolaqlar işıqlanmadığı üçün sürücülər oradakı vəziyyəti görmür, o zolaqda da vəziyyət bərbad olduğu üçün sürmək çətinləşir:

“Məsələn, Bakı-Qazax, Şamaxı-İsmayıllı-Qəbələ yolu. Bu yollar bərbad vəziyyətdədir. Maşınla hərəkət edəndə hiss edirsən ki, yellənir. Bakı-Quba yolunda da o vəziyyət idi. Hətta bir neçə il əvvəl bir ailə avtomobilin idarəsinin itirilməsi nəticəsində o yoldakı çökəyə düşüb məhv oldu. Hadisədən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verdi ki, o yolda heç bir problem yoxdur, amma 3 gündən sonra da gedib təmir etdilər. Əgər problem yox idisə, onda niyə gedib təmir edirdilər, bax bu saulın da cavabı o dövrdə açıq qaldı. Əgər qanundan danışırıqsa, o zaman bu cür kələ-kötür yolda sol zolaqla hərəkət edən sürücü cərimə oluna bilməz. Yəni, normal hərəkət şəraiti təşkil edilməyibsə, sürücü cərimə oluna bilməz, olunmamalıdır”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh