“Parkovşik”lər yoxa çıxsa da, maşın saxlamaq günə 8-10 manata başa gəlir
Məlum olduğu kimi, avqust ayının əvvəlindən etibarən Bakıda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş parklanma qaydaları tətbiq olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, paytaxtın mərkəzində parklanmanın 1 saatı 1 AZN, digər zonalarda, uyğun olaraq, 1 saatı 70, 40 və 30 qəpik məbləğində müəyyənləşdirilib. Artıq parkinq işarəsi qoyulan ərazilərdə qollarında sarğı pul yığan “parkovşik”lər də yavaş-yavaş yoxa çıxır. Əvvəlki illərdən fərqli olaraq yeni qaydalarda parklanmaya görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir, bununla bağlı mobil tətbiq – “AzParking” də istifadəyə verilib.
İllərdir müxtəlif qurumların bir-birinin üzərinə atdığı, yığılan pulların hara getdiyi bəlli olmayan şəhərin parkinq probleminin dəyişiklikdən sonra öz həllini tapacağı gözlənilirdi. Lakin yeni sistem tam formalaşmamış artıq xeyli yeni problem də ortaya çıxıb. Belə ki, bir neçə gündür sosial şəbəkələrdə yeni parklama qaydaları ilə bağlı narazılıqlara rast gəlirik. İstifadəçilərin sözlərinə görə, əvvəllər dayanma-durmanın sərbəst olduğu əksər küçələr hazırda parkinq üçün ayrılıb. Vətəndaşlar, xüsusən iş yeri şəhər mərkəzində olanlar hər gün təxminən 8-10 manat arası dayanacaq ödənişi etməli olurlar ki, bu da aya 200-250 AZN deməkdir. İctimai nəqliyyat şəbəkəsinin bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu imkanlarla yeni qaydaların nə qədər effektiv olacağı sual doğurur.
Yeni parklanma qaydaları hazırkı durumda nə dərəcədə effektivdir? Şəhərin mobilliyini təmin edə biləcəkmi?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, parklanma siyasəti, parklanmaların təşkili, ödənişlər, tariflərlərlə bağlı gözləntiləri qiymətləndirmək hələ tezdir. Ekspertin “Qafqazinfo”ya bildirdiyinə görə, hələ ki, bu sistem iki aydır tətbiq olunur və bütün şəhəri əhatə etmir: “Parklanmaların təşkili, düzgün idarə olunması həmin yaşayış məntəqəsində mobillik planının vacib tərkib hissələrindən biridir. Bu istiqamətdə digər tədbirlər də həyata keçirilməlidir, onlar da yerində olarsa, hər şey gözəl olar. Şəhərin harasında ki, ictimai nəqliyyat mükəmməldir, metro var, avtobus xətləri var və tam qrafiklə işləyir, orada bir qayda olaraq, fərdi avtomobillərin istifadəsini məhdudlaşdırmağa yönələn tədbirlər görülür. Bu tədbirlərdən biri də parklanmaların ödənişli olmasıdır. Avtobus və metro var, buyurun işə onlarla gəlin, fərdi avomobillərinizi başqa yerdə qoyun.
İkincisi, şəhərin harasında parklanmaya ehtiyac var, lakin yerlər məhduddur, orada ödənişli parklanma yerləri tətbiq edirlər. Parklanma qiymətləri ilə onu da nizama salırlar ki, ədalətlilik olsun. Hər şey yerində olanda, ictimai nəqliyyat qaydasında olanda burada problem olmur. Ərazidə avtomobillərin sayı azalır, mobillik yaxşılaşır. İnsanlar daha çox ictimai nəqliyyatdan istifadə edirlər və ya piyada hərəkət edirlər. Bakıda iki digər komponentlə bağlı suallar var. Heç kim deyə bilməz ki, Bakı şəhərində ictimai nəqliyyat mükəmməldir. Bu səbəbdən ortaya xeyli suallar çıxır. Nəqliyyat gərək bir-birini tamamlaya. Ona görə də, bu gələcəyə yönəlik bir addımdır və görək nəticəsi nə olacaq”.
Həmin ərazilərdə güzəşt məsələlərinə gəlincə isə, ekspert hesab edir ki, bu parklanmaları tənzimləyən qurumun işidir: “Vətəndaşlar tərəfindən müraciətlər daxil olarsa, Nazirlər Kabineti baxıb qiymətləndirə bilər”.
İctimai nəqliyyatın vəziyyətinin qaydaların tətbiqinə imkan yaratması ilə bağlı sualı cavablandıran Ə. Hüseynov bunun yalnız şəhərin mərkəzi hissələrində qaydaların tətbiqinə imkan yaratdığını açıqlayıb: “Şəhərin mərkəzində ictimai nəqliyyatın vəziyyəti qaydaların tətbiqinə imkan verir, amma kənarlarda suallar çoxdur. İdeal model parklanmalar vasitəsilə mobilliyi təmin eləmək – ictimai nəqliyyata dəstək vermək, fərdi avtomobillərdən istifadəni azaltmaqdır ki, bugünkü gün bizim ictimai nəqliyyat həmin o ideal vəziyyətdə deyil. Ona görə də o sxem inkişaf eləmiş nəqliyyat sistemi olan şəhərlərdə - Hollaniyanın, Yaponiyanın və s ölkənin şəhəri səviyyəsində deyil”.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir: "Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Qeyd edək ki, yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir. Belə ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır ki, mobil tətbiq üzərindən yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik".
Qurumdan həmçinin bildirilib ki, bu günə olan statistikaya əsasən, 160 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 15 min nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib.
"Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Parklanmanın düzgün idarəedilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərair yaradır. Eyni zamanda nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə imkan yaradır", - AYNA-dan bildirilib.
Agentlikdən həmçinin bildirilib ki, Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib. AYNA tərəfindən marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb. Avtobusların hərəkətində faziləsizlik təmin edilir: "Sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb. Marşrut xətlərinə nəqliyyat vasitələri əlavə olunandan sonra avtobusların daşıma imkanlarına görə yüklənmə göstəricisi hazırda 40-50% təşkil edir. Sıxlıq artan marşrutlara avtobuslar əlavə edilir. Ümumiyyətlə təhlillər göstərir ki, hazırda Bakıda mövcud olan 180 marşrutdan yalnız 20-sində pik saatlarda sıxlıq müşahidə edilir. Bu marşrutlara da avtobuslar əlavə olunmaqdadır.
Daşıma imkanlarının artırılması istiqamətində Agentlik tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilir. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərinə yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir". (Qafqazinfo)