Bakıda kefi istəyən formada maşın sürüb qayda pozan sürücüləri siz də tanıyın - VİDEO
Yol-hərəkəti qaydalarına riayət edən sürücülərlə yanaşı, öz “qayda”larını işə salaraq avtomobil idarə edənlər də kifayət qədərdir. Bu tip sürücülər başqa avtomobillərə təhlükə yaratsa belə özlərinə xoş olan, sərf edən üsulla qayda pozuntularını törətməkdən yan keçmir. Hətta onların arasında qayda pozmasına baxmayaraq səhvini dərk etməyən, qarşı tərəfdən üzr istəməyənlər də var. Bir sözlə belə sürücülər hamı üçün keçərli olan qaydaları görməzdən gəlir və istəklərinə uyğun avtomobil sürürlər. Qəzaların baş vermə səbəbi də çox vaxt qeyd etdiyimiz sürücülərin payına düşür.
Paytaxtın müxtəlif küçələrində öz qaydalarıyla hərəkət edən sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Görüntülərdən biri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, taksi faəliyyəti ilə məşğul olan 99-ON-824 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil qəflətən hərəkətini saxlayıb. Bu zaman ondan arxada irəliləyən 99-EY-428 dövlət nömrə nişanlı “KIA” markalı maşına təhlükə yaşadıb. Həmçinin digər görüntüdə 77-GO-193 dövlət nömrə nişanlı avtomobil yolu dönərkən anidən manevr edib və qarşıdan gələn maşına qəza şəraiti yaradıb.
Kobud qayda pozan sürücülərdən biri də Səbail rayonu Teymur Elçin küçəsində görüntülənib. Videodan göründüyü kimi, sürücü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Digər görüntü isə paytaxtın Mehdi Hüseyn küçəsində baş verib. Belə ki, sıxlığa düşməmək üçün sürücü əks yolla hərəkət edərək qəza riski yaradıb.
Parlament prospekti 20 nömrəli məktəblə üzbəüz yolda isə taksi fəaliyyətiylə məşğul olan “Mercedes” və “KIA” markalı avtomobillər yolun ikinci zolağını zəbt ediblər. Belə ki, nəqliyyat vasitələri üçün iki zolaqlı hərəkət imkanı olsa da, qəza işıqlarını yandıran bu sürücülər avtomobillərin hərəkətinə çətinlik yaradıblar.
Nərmin