Reklam

Plyonka ilə bağlı bu qadağa olmayacaq- Hüquqşünasdan izah

Qaydalar 24 Fevral 2021 15:30 Oxunub 16740
Plyonka ilə bağlı bu qadağa olmayacaq- Hüquqşünasdan izah
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Yol hərəkəti haqqında” Qanuna (YHQ) edilən dəyişikliklərdən biri də nəqliyyat vasitələrinin ban şüşələrinə plyonka və pərdə çəkilməsi ilə bağlıdır. Yol hərəkəti təhlükəsizliyi üçün ən sonuncu məsələ olsa da, bu dəyişikliklə bəzi sürücülərin həmişə marağına səbəb olan pərdə və plyonka söhbətinə aydınlıq gətirilməsinə cəhd olunur. 
YHQ-nin 1 saylı Əlavəsinin 7-ci hissəsinə 3 dəyişiklik edilir. 
Birinci dəyişiklik sırf texniki xarakterlidir: avtomobillərin ban şüşələrinə çəkilə bilən  örtüklər sırasına pərdə və plyonka ilə yanaşı jalüz də əlavə olunur. Əslində buna ehtiyac yoxdur, çünki jalüzün pərdənin bir növü olduğu məlumdur. Həm də bizim "jalüz" adlandırdığımız həmin örtüyü, deyəsən, bizdən başqa heç kim belə adlandırmır: əksər əcnəbi dillərdə ona elə "pərdə" və ya "pərdəcik" deyirlər.
Digər dəyişikliklər 7-ci hissənin 3-cü bəndinin “Qeyd”i ilə bağlıdır.
“Qeyd”in birinci cümləsi ləğv edilir. Orada deyilir ki, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər.  Bəzi şəxslər bu cümlənin ləğv edilməsini əsas götürərək düşünə bilərlər ki, bundan sonra avtomobillərin alın şüşəsinin yuxarı hissəsinə günəş şüalarından qorunmaq üçün plyonka çəkilməsi qadağan ediləcək. Lakin bu belə deyil. 
Birincisi ona görə ki, hazırda istehsal olunan avtomobillərin əksəriyyətində artıq zavodda alın şüşənin yuxarı hissəsi sürücünün gözlərini günəş şüasından qorunmaq məqsədilə tündləşdirilmiş olur və əlavə hər hansı plyonkaya ehtiyac qalmır.
Belə tündləşdirmə olmayan alın şüşələrində isə sonradan plyonka çəkilməsi məsələsi problem olmayacaq. Bunu “Qeyd”ə edilən digər dəyişiklik həll edəcək. Ən maraqlısı da elə həmin dəyişiklikdir...
“Qeyd”in üçüncü cümləsinin bu redaksiyada verilməsi təklif olunur: Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin yeni qaydada yəqin ki, yuxarı hissəsi tündləşdirilməmiş alın şüşələrinin yuxarı hissəsinə günəş şüalarından qorumaq məqsədilə məhdud ölçüdə plyonka çəkilməsini də nəzərdə tutulacaq.
Əslində belə yanaşma bir qədər maraqlıdır. Əvvəlllər də dəfələrlə qeyd etdiyimiz kimi, hazırda dünyada nəqliyyat vasitələrinin ban şüşələri ilə bağlı vahid beynəlxalq standart kimi BMT Avropa İqtisadi Komissiyasının 43 saylı qaydaları  mövcuddur. Yaxşı olar ki, həmin qaydalar elə olduğu məzmunda ana dilimizə tərcümə edilərək milli standart kimi təsdiq edilsin. Düşünürəm ki, YHQ-yə edilən dəyişiklik əslində bu normayaratma (standart yaratma) mexanizmi işə salmağa yönəlib. Onsuz da müvaffiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən edəcəyi qaydalar  həmin 43 saylı qaydalar əsasında hazırlanacaq. Maraqlı məqam odur ki, hazırda ölkəmizdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildiyindən dövlət standartlarının hansı orqan tərəfindən təsdiq edilməs ilə bağlı açıq qalan məsələlər var. Hər bir halda qanun qəbul edildikdən və Prezident fərmanı ilə müvaffiq icra hakimiyyəti orqanına (quruma) aydınlıq gətirildikdən sonra çox şeylər bəlli olacaq.
Məlumat üçün bildirim ki, BMT Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün hər hansı şəffaflıq məhdudiyyəti nəzərdə tutulmur (yəni həmin şüşələrə istənilən pərdə və plyonka çəkilə bilər).
Xatırlatmaq istərdim ki, ölkəmiz 12 fevral 2002-ci il, tarixli, 261-IIQ saylı Qanunla BMT-nin 1958-ci il 20 mart tarixli Müqaviləsinə qoşulmuş və BMT Avropa İqtisadi Komissiyasının avtomobillərlə bağlı müxtəlif texniki standartlardan ibarət olan qaydalarını milli standart kimi tanımaq və tətbiq etmək öhdəliyi götürmüşdür. Ləngitmədən həmin qaydaları tam olaraq ana dilimizə çevirmək və milli standartlar kimi tanıyaraq tətbiq etmək lazımdır.

Ərşad Hüseynov,
Hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh