Banner

Qanunsuz parklamadan yazanlara mükafat verildi - FOTOLAR

Qaydalar 18 Mart 2016 16:37 Oxunub 2062
Qanunsuz parklamadan yazanlara mükafat verildi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Ən azı 600 sürücü yerindəcə inzibati qaydada məsuliyyətə cəlb edilib"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadinform” İnformasiya Agentliyinin Bakı şəhər Dovlət Yol Polisi İdarəsinin dəstəyi ilə jurnalistlər arasında keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. Avtosfer.az xəbər verir ki, tədbirdə “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev, Bakı şəhər Dovlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev, müxtəlif KİV nümayəndələri və digər qonaqlar çıxış edib. 

Tədbirdə çıxış edən Azadinform İA-nın baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, müsabiqə  təmsil etdiyi agentliyin və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı tərəfindən keçirilib. O bildirib ki, yanlış parklama ən çox rast gəlinən qayda pozuntusudur: “Müsabiqəyə fevralın 16-da start verilib. KİV nümayəndəyələri qanunsuz parklama, yollarda üzləşdiyimiz problemlər, onların həllin yolları ilə bağlı yazılar təqdim edib. Bakı bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, ona görə də hesab edirəm ki, bu problemi işıqlandırılması vacibdir”. 

Baş redaktor deyib ki, müsabiqəyə təqdim edilən yazılar kifayət qədər çox olub: “Lakin, dəfələrlə elan etməyimizə baxmayaraq yazılarda problemlər var idi. Müsabiqəni elan edəndə bəyan etmişdik ki, yazı təqdim edən jurnalistlər özlərindən əvvəlkiləri izləsinlər, ekspertlərin dindirilməsində təkrarçılığa yol verilməsin.

N.Niftiyev əlavə edib ki, təqdim edilən fotolara gəlincə, yeni fotolardan yox, daha çox internetdəki fotolardan istifadə edilmişdi. Lakin müsabiqədə iştirakçıların özləri tərəfindən hazırlanmış fotolar tələb olunurdu. O vurğulayıb ki,  yazıların qiymətləndirilməsi 10 ballıq sistemlə nəzərdə tutulmuşdu: “Birinci yer üçün 1 nəfərə 450, ikinci yer üçün 1 nəfərə 300, üçüncü yer üçün isə 3 nəfərə 150 AZN mükafat ayrılıb”.

N.Niftiyev sonda onu da bildirib ki, növbəti  ay bu mövzu ilə bağlı foto və video müsabiqəsinin nəticələri elan olunacaq. 

Daha sonra çıxış edən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakıda yaranan süni sıxlıq problemlərindən biri paytaxtın inzibatı ərazilərinə düşən küçə və prospektlər üzrə qeyri-qanuni parklamalardır: “Doğrudur, yol polisi olaraq gündəlik əməkdaşlarımız dislokasiya üzrə təhkim edilən ərazidə sənədləşdirmə işi aparır. Ən azı 600 sürücü yerindəcə inzibati qaydada məsuliyyətə cəlb edilib. Eyni zamanda evakuator avtomobili ilə həmin nəqliyyat vasitələri qəti mühafizə olununa dayanacaqlara daşınır. Təxminən evakuator avtomobillərinin köməyi ilə gün ərzində 50-yə yaxın avtomobil müxtəlif mühafizə olunan avtomobillərə daşınır. Tərtib edilmiş inzibati protokolları araşdırarkən hətta, şahid oluruq ki, taksi fəaliyyəti ilə məşğul olan sürücüləreyni xətanı, eyni yerdə müxtəlif vaxtlarda da təkrarən törədir. Dayanma-durma ilə əlaqədar sürücü var ki, 6 dəfə protokol tərtib edilib. Hər halda yol polisi tərəfindən keçirilən bu tədbirlərdə müsbət göstəricilər əldə edilib. Bunu ən azından siz hərəkət iştirakçısı paytaxtın mərkəzi küçələri boyunca hərəkət eydikdə şahidi olursunuz. Ancaq, bu məsələnin daha da ictimailəşməsi, insanların şüuruna təsir edəcək dərəcədə tədbirlərin keçirilməsi, eyni zamanda hər bir hərəkət iştirakçısının, xüsusilə sükan arxasında olan sürücünün şüuruna birmənalı yerləşdirmək ki, Bakıda dayanmanı, durmanı qadağan edən yol nişanı varsa, heç bir bəhanə gətirilmədən həmin nişanın təsir zonasında dayanmaq olmaz”. 

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev qeyd edib ki, ictimaiyyətin və KİV-lərin bu tədbirlərə qoşulması bizi polis əməkdaşı olaraq çox sevindirdi: “Biz də hesab edirik ki, artıq həm təbliğat işlərinin aparılmasında, həm təsirli tədbirlərin görülməsində KİV-in rolu böyükdür. Ən azından KİV nümayəndələrinin köməyi ilə daha geniş tədbirlərin keçirilməsi mümkündür. Məhz bu baxımdan “Azadinform” İA və NOPARKING.AZ portalı ilə birləşərək fevralın 17-dən etibarən müsabiqənin keçirilməsi barədə elan verilib və bu gün artıq elanın nəticələri sizin iştirakınızla bilinəcək. Bu kimi tədbirlərin mütəmadi keçirilməsi mütləq olmalıdır”.

Çıxışlar başa çatdıqdan sonra müsabiqədə qalib gəlmiş iştirakçılara pul mükafatları və diplomlar təqdim olunub. Birinci yerin sahibinə 450, ikinci yerin sahibinə 300 və üçüncü yerin sahiblərinə 150 manat pul mükafatı verilib. Qeyd etmək lazımdır ki, müsabiqənin 3-cü yerə 3 nəfər layiq görülüb.

Qaliblərə həmçinin təşkilatçıların təşəbbüsü ilə "Likon" mobil şirkətindən pulsuz bonus danışıq dəqiqələri, "Azərsun" Holdinq Şirkətlər Qrupu tərəfindən isə Novruz hədiyyə paketləri təqdim edilib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh