Banner

Sabunçuda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası - FOTO

Qaydalar 31 Oktyabr 2016 13:56 Oxunub 1789
Sabunçuda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi işi davam etdirilir

Sabunçu rayonu 252 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Suraxanı rayon təhsil müəssisələrinin və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etdi. 

Giriş sözü ilə tədbiri açıq elan edən 252 №-li məktəbin direktoru Xədicə Eminova qonaqları və tədbir iştirakçılarını salamladı və təşkil olunan məlumat sessiyasının məqsəd və vəzifələri barədə danışdı. Tədbirin aktual bir mövzuya həsr olunduğunu qeyd edən X.Eminova vurğuladı ki, yol hərəkəti qaydalarına əməl edilməsi hər bir insanın daxilində olan ən mükəmməl nəzarət və cəza sistemi hesab edilən vicdanla tənzimlənməlidir.    

Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yol təhlükəsizliyi mövzusunda mütəmadi əsaslarla keçirilən bu kimi tədbirlər yol-nəqliyyat hadisələrinin sayının azalmasına səbəb olur. V.Əsədov çıxışında bildirdi ki, yol təhlükəsizliyinin təmin olunması baxımından məktəbətrafı ərazilərdə bir sıra nöqsanlar büruzə verməkdədir ki, dayanma-durma qaydalarının pozulması onlardan biridir. Bu kimi nöqsanların aradan qaldırılmasında hər bir vətəndaş fəal iştirak etməli və özünün mədəni davranışı ilə yol hərəkəti qaydalarını pozan şəxslər üçün örnək olmalıdır.

46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova məktəb ətrafında müşahidə edilən nöqsanlara münasibət bildirdi və vurğuladı ki, bu kimi inzibati xətalar  əksər hallarda valideynlər tərəfindən törədilir. Şübhəsiz ki, bəzi qayda pozuntuları obyektiv səbəblər üzündən baş verir. Amma bəzi hallarda bu kimi xətalar məhz subyektiv səbəblərə görə törədilir. Həmin subyektiv səbəblərin aradan qaldırılması isə yol təhlükəsizliyi probleminə münasibətin dəyişməsi nəticəsində mümkün ola bilər ki, bu da hər bir şəxsin vətəndaş mövqeyindən irəli gəlməlidir. 

Suraxanı rayonu ərazində yol təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən və əksər Suraxanı uşaqlarının “Canlı svetofor” adlandırdıqları Xalid Musayev gördüyü işlər barədə danışdı və qeyd etdi ki, hər bir vətəndaş əlindən gələni etməlidir ki, baş verən yol qəzalarının və həmin qəzalarda həlak olan insanların sayı azalsın. 

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov tədbirin mahiyyəti barədə danışdı və bildirdi ki, hər bir valideyn maraqlıdır ki, onun uşağı məktəbə təhlükəsiz şəkildə getsin və yollardakı təhlükələrdən uzaq şəraitdə evinə qayıtsın. Bunun üçün hər şeydən vacib həmin məktəblərin ətrafında olan yollarda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmasıdır. Bununla yanaşı yol hərəkəti iştirakçısı olan həmin valideyn və uşaqlar da yol hərəkəti qaydalarına uyğun hərəkət etməlidirlər. Yol təhlükəsizliyi pasportu həm də bu kimi davranışların formalaşmasına səbəb olan sənəddir ki, bu və ya həmin sənədin ayrı-ayrı elementləri da məhz təhsil müəssisələri tərəfindən hər bir məktəb üçün ayrıca olaraq tərtib edilməlidir.

128 №-li məktəbin direktoru Cavanşir Əliyev, 96 №-li məktəbin tərbiyə işləri üzrə direktor müavini Valeh Ağakişiyev, 188 №-li məktəbin direktoru Sabir Mahmudov və digər çıxışçılar məktəblər üçün yol təhlükəsizliyi mövzusunda keçirilən təbliğat və təşviqat işinin vacibliyini qeyd etdilər və tədbir təşkilatçılarının təşəbbüsünü yüksək qiymətləndirdilər. Çıxışçılar xüsusilə vurğuladılar ki, onların təmsil etdikləri məktəblərə yaxın yollarda təhlükəsizlik tədbirlərinin davamlı şəkildə keçirilməli və hər bir məktəb icması bu prosesdə fəal olmalıdır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh