Reklam

“Sığorta şirkətləri dilənçiliklə məşğuldurlar” - EKSPERT

Qaydalar 3 Avqust 2022 21:05 Oxunub 4002
“Sığorta şirkətləri dilənçiliklə məşğuldurlar” - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib.

 

Qaydalara əsasən, yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkən müqavilə bağladığı sığortaçıya birbaşa müraciət edəcək. Eləcə də risk amilləri üzrə yeni əmsallar müəyyən edilib, bonus-malus sisteminə dəyişikliklər edilib. Qeyd edək ki, yol-nəqliyyat hadisələri ilə bağlı sürücülər adətən sığota şirkətlərinin zəif fəaliyyətindən şikayətlənirlər. 

 

Yeni qaydalar xidmət keyfiyyətinin yüksəldilməsinə necə təsir edəcək?

 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, yeni qaydalar icbari sığorta ilə bağlı bu bir yenilikdir, ancaq sürücü buna nə dərəcədə sevinəcək, nə qədər faydası olacağı ikinci, üçüncü dərəcəli məsələdir:

 

 

“Sürücünü maraqlandıran sığorta ödənişini hansı şirkətin verməsi deyil, vaxtında və rahat şəkildə ödənişi təmin etməkdir. Sığortanı haradan almaqla sürücü üçün heç nə dəyişmir. Sadəcə yenilik kimi ediblər, görək nə dəyişəcək. Onsuzda sığorta şirkətləri bu gün sürücüyə, zərərçəkənə mümkün qədər az ödəniş eləmək üçün hər varianta əl atırlar. Belə olan halda sığorta haqqında yaxşı nəsə deməyə adamın dili gəlmir. Azərbaycanda sığorta sistemi bizim arzuladığımız səviyyədə deyil.

 

İnsanları incitməkdən başqa heç bir iş görmürlər. Bu gün nümunə üçün xoş heç nə yoxdur ki, onu sığorta şirkətlərinin etdiyini deyək. Azərbaycan qanunvericiliyində “İcbari sığortalar haqqında” Qanunda xüsusi bir müddəa var ki, sığorta şirkətləri illik gəlirlərinin bir faizini təbliğat-təşviqat işinə həsr etməlidirlər. Burada söhbət ondan getmir ki, sırf yol-hərəkəti qaydaları təbliğ olunmalıdır. Yanğın təhlükəsizliyi, təbii fəlakət kimi mövzularda da sığorta hadisəsi varsa, təbliğat vasitəsilə vətəndaşlara başa salmalıdırlar ki, gələcəkdə sığorta hadisəsi azalsın. Ancaq bunlar təbliğat işinə pul xərcləmək əvəzinə yalnız zərərçəkənin “boğazından kəsməklə” məşğuldurlar. Bizim hesablamamıza görə, həmin məbləğ 1milyon manat həcmindədir. Həmin məbləğ əsasında hansısa sığorta şirkəti tərəfindən bir sosial çarx təqdim olunubmu? 

 

Mən hələ rast gəlməmişəm. Yol polisinin nümayəndəsi də dedi ki, “şəxsən bizə də müraciət etməyiblər”. Özləri dəftər, qələm, bukleti bir çantaya qoyurlar və orta, ali məktəblərdə, yaxud hansısa bir tədbirdə paylaşırlar, adını da qoyurlar təbliğat apardıq. Yaxud da sosial şəbəkə hesablarında nəsə bir şəkil paylaşırlar, hesab edirlər ki, bu təbliğatdır”.

 

Dünya səviyyəsində sığorta şirkətlərinin təbliğatının təsiri nədir?

 

Ekspert deyir ki, məsələn, mütəmadi olaraq nəqliyyat hadisəsi baş verirsə, sığorta şirkətləri aidiyyəti qurumlar qarşısında məsələ qaldırırlar:

 

“Dirəniş göstərirlər ki, həmin problem həll edilsin. Deyirlər ki, məsələn, hansısa qüsura görə, qəza baş verir, biz ödəniş edirik, onu aradan qaldırmaq lazımdır. Qanunvericilik səviyyəsinə təsir göstərəcək gücdədirlər. Ancaq bizdə sığorta şirkətləri bu gün qəpik-quruş dalınca qaçmaqla, konkret olaraq dilənçiliklə məşğuldurlar. Avtomobilin ön fənərinin qiyməti 230 manatdır, deyrlər “gəlin bunu 170 manat yazaq, ölüxanada 170 manata var”. 

Sənə kim ixtiyar verib ki, “ölüxanadan”, işlənmiş ehtiyat hissəsləri satılan yerdən nəsə alıb verəsən? Qaydalarda belə hal yoxdur. Yəni bu dərəcədə özbaşınalıq edirlər. Mərkəzi Bank bunun qarşısını ala bilmir. Ümid edirik ki, nə vaxtsa buna diqqət yetirəcəklər və sığorta şirkətlərinə “dur” deyən olacaq.

 

Mən elə bir insan görməmişəm desin ki, sığorta şirkəti mənim maşınımı normal şəkildə qiymətləndirdi, təmir etdi, razıyam. Deyirlər ki, 3 min manat xərci vardı, 2000-1500 manat verdilər. Hər dəfə bir problem olur. Süründürməçilik, bürokratik əngəllər aradan qalxmalıdır. Yeni qaydaların tətbiqinin müsbət bir tərəfi yoxdur. Əsas odur ki, yol-nəqliyyat hadisəsi baş verəndə sizin sığorta şirkətiniz gəldi pulu ödədi və sonra da digər şirkətdən də həmin pulu aldı. Siz öz pulunuzu normal ala bilirsiz? Problem burdadır və qiymətləndirmə ilə bağlı problemləri həll etmək lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh