Sükan arxasında telefondan istifadə etmək qadağandır – Bəs planşet? - Qanunda boşluq var - VİDEO

Qaydalar 8 Dekabr 2022 09:00 Oxunub 3786
Sükan arxasında telefondan istifadə etmək qadağandır – Bəs planşet? - Qanunda boşluq var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil idarə edən zaman mobil telefondan yox, planşetdən istifadə edən sürücü cərimələnib. Həmin sürücü planşetlə danışaraq qayda pozuntusu etmədiyini iddia edir və qanunda yalnız telefonla danışıldığı təqdirdə qayda pozuntusu sayıldığını vurğulayıb.
İnzibati Xətalar Məcəlləsinin 342.6-cı bəndində qeyd olunur ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə tətbiq olunur.
Qanunda planşet söhbəti olmadığı üçün narazı sürücünü haqlı saymaq olar. Amma nəzərə almaq lazımdır ki, planşetə internetə çıxış imkanı yaradaraq ondan telefon funksiyası kimi istifadə olunursa o halda da məsuliyyət yarana bilər. Sadəcə olaraq Milli Məclis qanunvericilikdə dəyişiklik etmiş olsa, məsələ kökündən həll edilər. Lakin digər sürücülər də planşet məsələsinin qayda pozuntusu olduğunu qeyd ediblər.
Hər halda, telefon ya planşet, hər iki qurğu rabitə vasitəsidir. Görünür, sürücülər də qanunda boşluqlar tapıb ondan istifadə etməyə çalışırlar. Bəs bu hal davamlı olaraq baş verəcəkmi, yoxsa, hər hansı tədbir görüləcək?
Avtosfer.az olaraq sualımızı hüquqşünas, deputat Vüqar İskəndərova ünvanladıq. O, bildirdi ki, "Yol hərəkəti haqqında" qanunda mobil telefondan istifadə ilə bağlı cərimə qanun kimi qəbul olunandan orada konkret olaraq bu fikrin yazılması ona görə idi ki, planşet və digər elektron qurğuların istifadəsi ilə bağlı problem yox idi. Sonradan texnoloji imkanlar artdıqca artıq planşetlər, digər cihazlardan da telefon kimi danışıq üçün istifadə fürsəti yaranıb: “Hələlik söz olaraq qanuna salınmasa da avtomobildə sürücünün fikri yayındıra bilən hər hansı bir texnoloji qurğulardan istifadə etməsi doğru deyil, yolverilməzdir. Çünki əsasən, mobil telefondan istifadənin qadağan olunması, cərimə üçün səbəb yaratması sürücünün fikirinin yayınmağı və onun həmin anda ehtiyatsız davranış sərgiləyə biləcəyinə görə həmin məsələ qanunda öz əksini tapıb. Planşetlə də hazırda sim kartlardan istifadə edib telefon kimi danışıb, zənglər edilir. Ona görə də, avtomobil idarə edərkən planşetdən istifadə etmək olmaz. Digər məsələ gələcəkdə "Yol hərəkəti haqqında" Qanunda hər hansı bir yeni layihələr gələrsə, biz Milli Məclisdə, komitə iclaslarında, işçi qayda da ola bilsin, bu məsələni qaldıraq.
Konkret sürücünün diqqətini yayındıracaq bütün texniki cihazların istifadəsi, qadağan olunması ilə bağlı məsələ gələcəkdə qanuna salına bilər və bunun üçün biz də çalışarıq təşəbbüs göstərək”.


Vəkil Araz Nurməmmədov bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə görə, şəxsin nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman telefondan istifadə edilməsi halında 50 manat cərimə nəzərdə tutulur. Həmin videoda da şəxs iddia edir ki, onun əlində telefon olmayıb. Təbii, bu, qanunvericilikdə olan boşluqdur. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində telefon, eynifunksiyalı və ya oxşar funksiyalı digər texniki vasitələr sözü işlənməsi daha məqsədəuyğundur. Çünki burada telefon, planşet, notbuk və ya smart saatlar ola bilər, hansı ki, onların da telefon kimi istifadəsi mümkündür. Yəni, bunlar hamısı sürücünün hərəkətdə olduğu zaman onun hərəkətinə maneçilik törədən vasitələrdir. Telefon da o nöqteyi-nəzərdən qanunvericilikdə qadağan olunub. Ona görə də, hesab edirəm ki, həmin maddədə telefon və eyni funksiyalı digər texniki vasitələr sözü əlavə olunsa, artıq bu problem aradan qalxmış olar”.

Nəzrin Sailqızı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh