Banner

Taksi sürücüləri narahatdır: "Yeni qaydaların tətbiqi bizi işsiz qoyacaq” – VİDEO + FOTO

Qaydalar 8 Dekabr 2015 18:45 Oxunub 3160
Taksi sürücüləri narahatdır: "Yeni qaydaların tətbiqi bizi işsiz qoyacaq” – VİDEO + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ola bilər ki, müəyyən şərtlər olsun, lakin həmin şərtlər müəyyənləşməyib”

Paytaxtda taksi xidməti göstərən sürücülər narahatdır. Onlar bildirirlər ki, taksi ximəti ilə bağlı tətbiq olunacaq yeni qaydalar onları işsiz qoyacaq. 

Belə ki, son günlər ili köhnə olan avtomobillərin paytaxt ərazisində taksi xidməti göstərməsinə qadağa qoyulması, taksilərin hamısının vahid şəkildə olaması barədə qaydaların qəbul olunması haqqında iddialar sürücülərin narahatlığına səbəb olub. 

Avtosfer.az xəbər verir ki, bu barədə musavat-a şikayətlərini danışan sürücülər bildirib ki, bu qaydalar onların onsuz da az olan qazancını əllərindən alacaq.

DYP-dən onlara bildirilib ki, prezidentin 31 avqust 2015-ci il tarixli fərmanı ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinə taksi avtomobilləri üçün vahid standart hazırlayıb, təsdiq etmək tapşırılıb. Hazırda həmin standartın hazırlanması yekunlaşmaqdadır və yəqin ki, yaxın gələcəkdə standartlar təsdiqlənəcək. 

Bu standartlarda taksilər üçün xeyli yeniliklərin olacağı gözlənilir. Belə yeniliklər sırasında taksi kimi istifadə edilən minik avtomobillərinin vahid rəngdə olması, maksimal yol verilən istismar müddəti (avtomobilin maksimal yaşı), vahid rəng qrafikası, taksometr və başqa bu kimi zəruri avadanlıqlarla təchizatı nəzərdə tutula bilər.

Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri isə bu qaydaların tətbiq edilməsini arzulamır. Sürücü Aslan Kərimov deyir ki, yeni tətbiq olunacaq qaydalar onları  işsiz qoyacaq: “Son zamanlar demək olar ki, taksi fəaliyyətində iş yoxdur, tələbat azalıb. Deyilənə görə, 5 illik lisenziya olmalıdır. 110-150 manat civarında ödəniş etməliyik. Bundan əlavə hər 3 ayda bir dəfə texniki baxış olmalıdır, ayda 20 manat... Əvvəl nəqliyyat müfəttişlərinə 64 manat verib, rahat işləyirdik, pis-yaxşı dolanırdıq. Gündəlik qazancımız dolanışığımıza güclə yetir, qaldı ki, lisenziya pulu verək".

Taksometr və zəruri avadanlıqlara gəlincə isə, sürücü bildirdi ki, bu sistemlə işləmək taksi xidmətlərinin bahalaşmasına və sürücülərin büdcəsinə mənfi təsir göstərəcək: "Avadanlıqlar barəsində xəbərimiz yoxdur, həmin avadanlıqlarla işləyə də bilmərik. Müştəri gəlib, 4 manatlıq yolu 3 manata aparmağımızı istəyir, razılaşırıq. Lakin taksometrlə işləyəndə məcbur qalıb, müştərini aparmayacağıq. Aparsaq belə, yazılan kilometraj sürücülərə sərf etməyəcək".

Sürücülər yeni quraşdırılacaq avadanlıqların həddindən artıq baha olduğunu bildirdilər: "Bildiyimizə görə, həmin avadanlıqlar 1000-1250 manat arasındadır. "ELİT" ticarət mərkəzinin yanında satışı həyata keçirilir. Eşitdiymizə görə, yeni qaydalara əsasən avtomobilin istehsal tarixi 2000-ci ildən yuxarı olmalıdır. Taksi sürücülərinin çoxunun avtomobili isə 2000-ci ildən aşağıdır. Biz məcburuq ki, köhnə avtomobilimizi satıb, yenisini alaq. Buna isə bizim imkanımız çatmır".

Adının çəkilməsini istəməyən sürücü bildirdi ki, onun avtomobili 1998-ci ilin istehsalıdır və illərdir ki, "Dərngül bazarı"da taksi xidməti göstərir: "Avtomobilimin dəyəri 5000 min manat civarındadır. Onu satıb, yenisini almaq mümkün deyil. Əgər bu yayılan şayiələr düz çıxarsa, vəziyyətimiz çətin olacaq. Bir çıxış yolumuz var, kreditlə almaq. Bu isə taksi xidməti üçün sərfəli deyil". 

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev musavat.com-a açıqlama verib. O qanunvericilikdə bu kimi halların olmadığını bildirib: "Sərnişindaşıma və yaxud yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyaların verilməsi məsələsi var. Ola bilər ki, lisenziya şərtlərində həmin şərtlər qeyd olunsun və ya nəqliyyat vasitəsinin istismar ili nəzərə alınsın. Amma mövcud qanunvericilikdə nəqliyyat vasitələrinin buraxılış lisenziyaları, onların istismarı barəsində heç bir yenilik, heç bir təlimat verilməyib. Qanunvericilikdə belə hallar nəzərdə tutulmayıb. Ola bilər ki, müəyyən şərtlər olsun, lakin həmin şərtlər müəyyənləşməyib”.

 
 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh