Tikintisi başa çatmayan binadan yalnız bu qaydada mənzil alınacaq

Qaydalar 9 Dekabr 2017 08:57 Oxunub 1826
Tikintisi başa çatmayan binadan yalnız bu qaydada mənzil alınacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq

Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməyəcək. Bu, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bu zaman ödəmələr müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, bu Məcəlləyə əlavə edilmiş 770-1-ci maddədə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Başqa sözlə, layihənin 770-1-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər:  

770-1.1.1. Bu Məcəllənin 144-1.4-cü (Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır) maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilibsə,

770-1.1.2. Daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılıbsa,

770-1.2. Bu məcəllədə müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir.

770-1.3. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:

 

770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi,

770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.3. dam səthlərinin və navalçalarının (novların) qurulması işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 8 faizi,

770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.5. su xətlərinin çəkilməsi başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra-mqavilə məbləğinin 3 faizi,

770-1.3.7. pəncələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.8. daxili suvaq işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 6 faizi,

770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra-müqavilə məbləğinin 3 faizi,

770-1.3.10. fasad işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi,

770-1.3.11 su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra-müqavilə məbləğinin 9 faizi,

770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra-müqavilə məbləğinin 5 faizi.

770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh