Velosiped yolda necə hərəkət etməlidir? - QAYDALAR
Əvvəlki yazımda ümumi istifadədə olan yollarda velosiped idarə edən şəxs üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə toxunmuşdum. Velosipedlərdən istifadə ilə bağlı digər mühüm məsələ yolda velosipedlə hərəkətin qaydalarıdır.Bu qaydalar da həm “Yol hərəkəti haqqında” Qanunda, həm də beynəlxalq qanunvericilikdə təsbit olunub.Bu zaman velosipedin də nəqliyyat vasitəsi olması, lakin avtomobildən əhəmiyyətli dərəcədə fərqlənməsi, habelə müəyyən hallarda piyadalar üçün təhlükələr doğura biləcəyi nəzərə alınıb.
Qanunun 46-cı maddəsində deyilir: Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağın-da, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyni ilə hərəkətinə icazə verilir. Velosiped və moped sürücülərinə velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək qadağandır. Deməli:
1. Velosiped və moped yollarda xüsusi velosiped zolaqları və ya velosiped yolları ilə hərəkət etməlidir;
2. Əgər belə zolaq və ya xüsusi yol yoxdursa, onların yolun hərəkət hissəsi ilə, yəni avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqla hərəkətinə yol verilir. Amma bu zaman velosipedin texniki imkanları və velosipedçinin təhlükəsizliyi nəzərə alınmaqla müəyyən olunur ki, velosiped yalnız yolun ən sağdakı hərəkət zolağının ən sağ kənarı ilə hərəkət edə bilər.Başqa sözlə, yolda eyni istiqamətdə bir və ya bir neçə hərəkət zolağı olmasından asılı olmayaraq, velosipedi yalnız yolun ən sağ kənarı ilə - bordürün yanı ilə sürmək olar.Özü də bu zaman velosipedçilər yalnız bir cərgədə hərəkət edə bilərlər, yəni yolun sağ kənarı ilə də iki velosipedin yanaşı hərəkəti qadağandır.
Beləliklə, velosipedin ikinci zolaqda, eləcə də birinci zolağın sol tərəfində hərəkəti qadağandır.
Velosiped və moped ümumi nəqliyyat axını ilə eyni istiqamətdə (yəni hər bir halda getdiyi yolun sağ tərəfində) hərəkət etməlidir. Hətta birtərəfli yolların sol tərəfi ilə də velosipedlərin hərəkəti qadağandır.
Velosipedlərin səki ilə hərəkəti birmənalı olaraq qadağandır.Səki yalnız piyadalar üçündür.Buna görə də səkidə velosiped sürülməsindən söhbət gedə bilməz.Yolun hərəkət hissəsində velosiped sürmək mümkün olmadıqda velosipedçi velosipeddən düşərək piyadaya çevrilməklə səki ilə velosipedi itələyərək (əlinə götürərərk) hərəkət edə bilər, lakin bu halda da velosipedçi öz velosipedi ilə piyadalara mane olmamalıdır.
Yaşayış məntəqəsindən kənar yollarda yol çiynində velosipedlərin hərəkəti piyadalara maneə olmamaq şərti ilə mümkündür.
Avtomagistralda və 5.3“Avtomobillər üçün yol” nişanı ilə işarələnmiş yolda (belə yolun istənilən yerində, o cümlədən yol çiynində) velosipedlə hərəkət birmənalı qadağandır.
Velosipedlə yolun ən sağdakı zolağından növbəti zolaqlarda hərəkət qadağan edildiyindən eyni istiqamətdə iki və daha çox hərəkət zolağı olan yollarda velosipedlə sola və geriyə dönmək də qadağandır.Belə yolda sola və ya geriyə dönmək istəyən velosipedçi velosipeddən düşərək piyadaya çevrilməli, daha sonra piyada kimi qaydalara riayət etməklə piyada keçidində və ya yolayrıcında yolun əks tərəfinə keçməli, orada yenidən velosipedə minərək hərəkətini sola və ya geriyə davam etdirməlidir.
Velosiped və moped sürənlər bilməlidirlər ki, yol hərəkəti qaydalarının ümumi şəkildə nəqliy-yat vasitələrinə aid edilən bütün tələbləri (bəzi qaydalarda konkret növ nəqliyyat vasitələrinə aid istisnalarla) velosiped və mopedlərə də aiddir. Ona görə də velosipedin və mopedin sürücüləri nəqliyyat vasitəsi ilə manevr etmənin, dayanma və durmanın bütün qaydalarına, nizamlayıcının və svetoforun siqnallarına, yol nişanları və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər. Məsələn, velosiped və mopedin də birtərəfli hərəkət təşkil olunmuş yolda hərəkət istiqamətinin əksinə hərəkət etməsi, 3.1 «Giriş qadağandır», 3.2 «Hərəkət qadağandır» nişanlarının qüvvədə olduğu yol sahəsinə daxil olması, 3.20 «Ötmək qadağandır» nişanının təsir sahəsində ötmə manevri etməsi qadağandır və s. Yalnız o nişanların velosipedçilərə aidiyyəti yoxdur ki, onların velosipedlərə aid olmadığı qanunvericilikdə birbaşa göstərilsin və ya nişanın mahiyyətində irəli gəlsin. Xüsusi qeyd etmək istəyirəm ki, məcburi hərəkət istiqaməti nişanları velosipedlə hərəkətə də aiddir.Ona görə də məsələn, 4.1.1 nişanı yolayrıcında yalnız düzünə hərəkətə icazə verirsə, belə yolayrıcında velosipedçi də sağa, sola və ya geriyə dönərək hərəkət edə bilməz.
Velosipedlə yolda hərəkətin əsas elementlərindən biri istifadə olunan velosipedin qanunvericilikdə nəzərdə tutulan qaydada təchiz edilməsidir.Bunun incəliklərini növbəti yazıda izah etməyə çalışacağam.
Ərşad Hüseynov,
hüquqşünas