Xaricdən sürücülük vəsiqəsi alıb Azərbaycana gələnlərin nəzərinə - DYP hansı hallarda cərimə yaza bilər?

Son vaxtlar xarici ölkələrdən sürücülük vəsiqəsi alaraq Azərbaycanda avtomobil idarə edən vətəndaşlar tərəfindən narazlıq ifadə olunur. Onların bir neçəsinin Avtosfer.az saytına müraciətindən belə aydın oldu ki, Azərbaycana qonaq qismində gəlib 3 aydan artıq qalmadan burada xarici sürücülük vəsiqəsiylə avtomobil idarə edərkən çətinlik çəkirlər. Yol polisi onları aşkar etdikdə ölkədə olduğu müddətdən bir ay keçdiyi halı aşkar olunarsa cərimə yazacağını bildirir. Bəs gəlin görək, qanunvericilikdə bu barədə nə deyilir?
Yol hərəkəti haqqında qanunun 35-1-ci maddəsində konkret olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi barədə hər şey aydın izah olunub. Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunda müəyyən edilmiş qaydada dəyişdirməlidir. Yəni, bir ay ötmədən vəsiqəni dəyişib milli sürücülük vəsiqəsi almaq lazımdır.
Qanunda daha sonra qeyd olunur ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
Yeri gəlmişkən, qanunda nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
Qanunda yazılanlardan belə aydın olur ki, yalnız Azərbaycan vətəndaşları başqa ölkədə aldıqları vəsiqə ilə Azərbaycanda bir ay avtomobil idarə edə bilərlər. Bir ay sonra ASAN xidmətə müraciət edərək milli sürücülük vəsiqəsi almaq lazımdır. Əcnəbilər isə Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdüyü gündən bir ay müddətində xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər. Ola bilər ki, əcnəbi Azərbaycana istirahətə gəlib və 90 gün müddətində ölkəmizdə qalmaq imkanı var. Bu zaman onun xarici vəqisəni dəyişdirməsinə ehtiyac yoxdur. Digər tərəfdən, xeyli soydaşımız var ki, onlar da başqa dövlətlərin, xüsusən də Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın vətəndaşlığını qəbul ediblər. Onlar Azərbaycana qonaq qismində gəldikdə, yəni daimi və ya müvəqqəti qeydiyyata düşmədikdə həmin ölkələrdən aldıqları sürücülük vəsiqəsini dəyişdirməyə heç bir ehtiyac yoxdur.
Gələk məsələnin əsas hissəsinə. Xaricdən alınmış sürücülük vəsiqəsini Azərbaycanda dəyişib milli sürücülük vəsiqəsi almadıqda nə baş verə bilər? Heç nə. Çünki bu əmələ görə İnzibati Xətalar Məcəlləsində konkret cəza nəzərdə tutulmayıb. İXM-nin 332.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs avtomobil idarə edərsə 100 manat cərimə nəzərdə tutulur. Lakin nəzərə almaq lazımdır ki, xarici ölkələrdən sürücülük vəsiqəsi almış, amma Azərbaycanda onu milli sürücülük vəsiqəsi ilə əvəz etməyən şəxs sürücülük hüququ olmayan şəxs sayıla bilməz. Məntiqlə yanaşsaq, bəli, onun Azərbaycanda avtomobil idarə etmək hüququ yoxdur. Amma Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq qaydalara uyğun hansısa ölkədə vəsiqə alıbsa, onu sürücülük hüququ olmayan şəxs kimi cərimələmək indiki halda düzgün deyil. O halda İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə etmək daha doğru yanaşma olardı. Hazırda isə xarici sürücülük vəsiqəsini milli sürücülük vəsiqəsi ilə əvəz etməməyə görə cərimə məsələsi açıq qalıb.
Elməddin Muradlı
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










