Yol polis bu görüntülərə görə sürücü və sərnişini cərimələdi - VİDEO
Paytaxtın Nobel prospektində 90 SC 014 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, videoda avtomobildə olan sərnişinin bədənini yarıya qədər avtomobildən çıxardığı əksini tapıb. Təhlükəli manevrlər edən sürücü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb. Sürücü və sərnişin İdarəyə dəvət olunub və barələrində inzibati qaydada protokol tərtib edilib. Həm sürücü, həm də sərnişin müvafiq olaraq cərimələnib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan və yol hərəkəti qaydalarına zidd olan bütün hadisələr nəzarətə götürür, dərhal müvafiq olaraq tədbirlər görülür. Bu görüntülərdə də təhlükəli hərəkətlərin olduğu aşkarlanıb, yol polisi həm sürücünü, həm də özünü fotoqraf kimi təqdim edən sərnişin Azər Abdullayevi İdarəyə dəvət edib. Onlarla profilaktiki söhbətlər aparılıb. Bu cür əməllərin ağır fəsadlara səbəb olduğu onların diqqətinə çatdırıb. Yoı polisi sürücü və sərnişinləri bu cür əməllərdən çəkinməyə çağırır.