Yol polisi uşaqları qəzadan qorumaq üçün valideynlərə çağırış etdi - FOTOLAR
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ), "Hed Academi Azerbaijan" şirkəti və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan maarifləndirmə tədbir keçirilib. Avtosfer.az-ın məlumatına görə, “Ana qucağına yox, uşaq oturacağına güvən!” adlı layihənin məqsədi insanları avtomobillərdə uşaq oturacağının əhəmiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaq olub.
Tədbir giriş sözü ilə açan "Park Bulvarın" mətbuat xidmətinin rəhəbəri Günay Malikqızı bildirib ki, müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir: "Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında 46 saylı Məkdəbdənkənar Tərbiyə İşi Mərkəzinin də böyük rolu var. Bu tip tədbirlərin keçirilməsi uşaqların hüquqularının müdafiəsi ilə yanaşı onların və valideynlərin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Azərbaycanda uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirən G.Malikqızı təşkilatçılara - "Hed Academi Azerbaijan" şirkəti və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə təşəkkür edib.
Tədbirdə çıxış edən "Hed Academi Azerbaijan"ın PR meneceri İbrahım Mirzəyev deyib ki, layihə çərçivəsində şirkətin beynəlxalq sertifikatlı təlimçiləri uşaq oturacaqları, onların əhəmiyyəti, mahiyyəti ilə bağlı ictimaiyyətə məlumat verəcək və uşaq oturacağının düzgün istifadə qaydalarını nümayiş etdirəcəklər.
Onun sözlərinə görə, uşaq oturacaqlarının istifadə edilməməsi qəza anında avtomobildə olan uşaqların ağır xəsarət alma ehtimalını dəfələrlə artırır. Nəticədə hər gün dünyada baş verən qəzalarda çox sayda uşaq ölür: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hətta yol hərəkəti qaydalarına ciddi əməl olunduğu Qərbi Avropa ölkələrində avtomobil qəzaları zamanı hər 100 uşaqdan 3-ü həyatını itirir. Bəzən valideyinlər bu oturacaqları əldə etsələr belə, onlardan düzgün istifadə edə bilmirlər. Lakin avtomobil üçün uşaq oturacağını alarkən onun modelinə, uşağın oturacağa oturma və bağlanma formasına dair bir sıra məqamlara diqqət yetirmək vacibdir".
İ.Mirzəyev vurğulayıb ki, uşaq oturacağını alarkən, onun uşağın yaşı, boyu və çəkisinə uyğun olmasına diqqət edilməli, uşaq oturacağı avtomobilin arxa oturacağının ortasında yan hava yastıqlarından uzaqda yerləşdirilməlidir: "Əks halda hətta təhlükəsizlik kəmərini bağlamaq belə fayda verməyə və bu, hətta ölümlə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, uşaq oturacağı qəzalarda riski yüzdə 75 faiz azaldır. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə boyu 150 sm-dan, çəkisi 36 kq-da aşağı olan uşaqlar avtomobilin ön oturacağında əyləşməməlidir".
Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Mahir Abbaszadə uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar hər bir xalqın gələcəyidir. O bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir: "Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub".
Daha sonra tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, uşaqları qorumaq hər bir valideynin borcudur: "Uşaqlar bizim gələcəyimizdir. Ona görə də, biz onlara daim diqqət və qayğı ilə yanaşmalıyıq. Uşaqlara təlim-tərbiyənin, nizam-intizamın aşılanması ilk olaraq ailədən, daha sonra isə məktəb və təhsil müəssələrindən başlayır. Bu baxımdan keçirilən tədbirlər zamanı təkcə uşaqlar deyil, onların valideynləri də marifləndirilir. Diqqətə çatdırmaq üçün deyim ki, 12 yaşadək uşaqların arxa oturacaqda xüsusi kreslosda daşınmaması qanunla məsuliyyət yaratmasa da, valideynlər onların həyatını düşünməli və buna üstünlük verməlidirlər".
Tədbirdə çıxış edən "Digesta" hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər: "Uşağın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbədə uşağın yaşamaq, bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur. Avtomobillərdə uşaqlar üçün oturacaqların quraşdırılması və digər təhlükəsizlik qaydalarına riayət olunması onların yaşamaq hüquqularının təmin edilməsinin bir hissəsidir. Burada məsuliyyət ilk növbədə valideynlərin və müəllimlərin üzərinə düşür".
Tədbir uşaqların ifasında yol hərəkəti qaydaları haqqında maraqlı səhnəciklərin nümayişi ilə davam edib.
Elmin