Yol polisinə vəsiqə göstərənləri ağır cəza gözləyir - Nazirdən sərt açıqlama

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub. O, DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərini bağlamaları barədə onlara ciddi tapşırıq verib. Həmçinin bildirib ki, Yol-Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çilərin cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, həmin əməkdaş dərhal işdən kənarlaşdırılacaq.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı Mədət Quliyevin bu tələbinin təqdirə və alqışalayiq olduğunu deyib: "Keçmiş Milli təhlükəsizlik nazirinin dövründə DYP əməkdaşları nəinki MTN əməkdaşlarının özlərini, hətta onların dost-tanışlarını, yolu keçəndə "salam” verdikləri adamları belə saxlayıb cərimə yaza bilmirdi. O dəqiqə gəlib hay-küy salır, vəsiqələrini göstərib yol polislərini "borclu” çıxarırdılar. Bəzi hallarda isə vəsiqəsi yol polisi tərəfindən alınan MTN işçiləri yalvar-yaxarla vəsiqələrini geri istəyirdilər ki, rəhbərliyin xəbəri olmasın. Görünür, bu cür xəbərlər Mədət Quliyevə çatıb və o da işçiləri qarşısında bu cür tələb qoyub”.
E.Muradlının sözlərinə görə, DTX rəisinin bu addımı digər güc strukturları və mühüm nazirlik rəhbərləri üçün də bir örnək rolunu oynamalıdır: "Nəinki DTX-nin, FHN-in əməkdaşları, hətta Kənd Təsərrüfatı Nazirliyinin adi əməkdaşları belə yol hərəkəti qaydalarına əməl etmədiyi halda polisin göstərişlərinə əhəmiyyət vermir. Sənədlərini təqdim etmək əvəzinə, "mən nazirlikdə işləyirəm” deməklə məsuliyyətdən yayınmağa çalışırlar. Halbuki nazirlikdə işləmək heç kəs üçün əlahiddə hüquqlar müəyyən etmir. Hər kəs qanun qarşısında eyni hüquqa sahibdir. Gərək elə rəhbər şəxs göstəriş versin ki, qanunlara əməl etmək lazımdır?! Nazirlik əməkdaşlarının əksəriyyətinin yol hərəkəti qaydalarından xəbəri yoxdur. Eləsi var ki, dövlət nömrə nişanları ilə fəxr edirlər ki, filan nazirliyin əməkdaşıyam mənim avtomobilimi saxlamaq olmaz. Bu cür düşüncə sahiblərinin fonunda artıq ölkədə təbəqələşmə yaranıb. Ümid edirəm ki, M.Quliyevin bu örnək qərarından sonra digər nazirlik rəhbərləri də öz işçilərinə qanunun bütün tələblərinə əməl etmək barədə göstəriş verəcək. Hesab edirəm ki, DYP işçiləri də bu istiqamətdə işini gücləndirməli və məsələ nəzarətdə saxlanılmalıdır. Əgər DTX əməkdaşlarının yol hərəkəti qaydalarını pozması halları aşkarlanarsa, dərhal həmin avtomobilin sahibi barədə işlədiyi orqana məlumat göndərilməlidir ki, onun barəsində ölçü götürülsün. Belə olan halda, digər vəzifə sahibləri öz "dərs”lərini alacaqlar. O qədər vəzifə sahibləri var ki, özünü yol polisindən üstün hesab edir və qanunun tələblərinə tabe olmur. Yol hərəkəti qaydalarını ancaq xüsusi təyinatlı nəqliyyat vasitələri poza bilər. Qalan bütün hallarda qaydanı pozub, polisə tabe olmamaq yolverilməzdir. Son illər baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətində vəzifəli şəxslər, məmur balaları həyatını itirib, ciddi xəsarətlər alıb. Bunlar nə vaxt dərk edəcəklər ki, yol hərəkəti qaydalarını pozmaqla çox da irəli gedə bilməyəcəklər, əvvəl-axır qəzaya qurban gedəcəklər”.
"Şərq" qəzeti
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO











