Banner

Yol qəzası zamanı sürücülər nə etməlidir?

Qaydalar 24 Dekabr 2015 10:16 Oxunub 10306
Yol qəzası zamanı sürücülər nə etməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məsələ "Yol hərəkəti haqqında" qanunla tənzimlənir

Hər birimiz yol-nəqliyyat hadisələri, qəzalar, bu zaman ölüm və xəsarət alma faktları ilə ya özümüz rastlaşmışıq, ya da ən azından belə hadisələlərlə bağlı məlumatları oxumuşuq. Məlum olub ki, yol qəzaları zamanı bəzən ölüm halları hadisə zamanı xəsarət almış adama yerində ilkin tibbi yardımın göstərilməməsi və ya həmin yardımın düzgün göstərilməməsi nəticəsində baş verir. Xüsusilə də yol-nəqliyyat hadisələrinin əsas hissəsini piyadaların avtomobillər tərəfindən vurulması təşkil etməsini nəzərə alsaq, həmin anda ilk növbədə, xəsarət alan şəxsə sürücünün kömək etməli olduğunu söyləmək olar. Bəs sürücü yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsə münasibətdə hansı vəzifələri icra etməlidir? Bununla əlaqədar hüquqşünas-ekspert Asif Abdullayev bildirib ki, əvvəla həm piyadalar, həm də sürücülər mümkün qədər diqqətli və qanun çərçivəsində hərəkət etməlidilər ki, yol-nəqliyyat hadisələri baş verməsin.


Hadisə baş verdiyi zaman istər piyadaların, istərsə də sürücülərin vəzifələrinə gəlincə, bu məsələ "Yol hərəkəti haqqında" qanunla tənzimlənir: "Qanunun 37-ci maddəsinin IV hissəsinə əsasən, yol-nəqliyyat hadisəsi baş verdikdə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Qanunda, həmçinin sürücünün öz şəxsiyyəti barədə müvafiq orqana məlumat vermək vəzifəsi də nəzərdə tutulub".

Ekspertin sözlərinə görə, hadisə baş verdikdə sürücünün ilk və əsas vəzifələrindən biri, zərərçəkən şəxsə tibbi yardım göstərilməsini təşkil etmək üçün bütün zəruri addımların atılmasından ibarətdir: "Sürücünün növbəti vəzifəsi isə özü barədə məlumat verməkdir. Sürücü öz şəxsiyyəti barədə xəsarət alan şəxsə bu və ya digər yolla məlumat verməli və yaxud digər vasitələrlə özünü bəlli etməlidir".

Xatırladaq ki, sürücülərə qarşı qoyulan tələblərdən biri də avtomobildə tibb çantasının olmasıdır. Bəs ilk tibbi yardım göstərilməsində istifadə edilməsi nəzərdə tutulan bu çantada nələrin olması vacibdir?
Səhiyyə Nazirliyi 2008-ci ildə avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibini əmrlə təsdiq edib. Əmrə əsasən, tibb çantasında bu dərman və ləvazimatlar mütləq olmalıdır:

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:

- Analgin 0,5 №10 (yaxud əvəzedici)  - 1 qutu

- Portativ hipotermik (soyuducu) paket - Konteyner - 1 ədəd 

- Natrium sulfasil məhlulu - 1 tubik  

- Aspirin - 1 qutu

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:

- Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut - 1 ədəd 

- Steril bint 10x5 - 1 ədəd 

- Qeyri-steril bint 10x5 - 1 ədəd 

- Qeyri-steril bint 5x5 - 1 ədəd 

- Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə  MAQ atravmatik sarğısı - 1 ədəd 

- Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 - 8 ədəd  

- Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli "Koleteks QEM" steril salfetləri yaxud statin (toz halında) 1,0q - 3 dəst  

- Spirtdə 5 faizli yodun yaxud 1 %-li brillant abısının məhlulu (zelyonka) - 1 flakon 

- 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr - 1 ədəd 

- Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən - 1 ədəd 

- Pambıq 50 q  - 1 bağ 

3. Ürək ağrılarına qarşı vəsaitlər:

- Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) - 1 qutu 

- Validol (tabletka yaxud kapsula) - 1 qutu 

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

- Süni nəfəs vermək üçün alət - "Ağız-qurğu-ağız" - 1 ədəd

5. Bayılmaya qarşı vasitə:

- Ammiak məhlulu (naşatır spirti) - 1 flakon 

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

- Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 - 1 qutu 

7. Stres hallarına qarşı vəsaitlər:

- Korvalol - 1 flakon 

8. Küt uclu qayçı - 1 ədəd 

9. Təlimat - 1 ədəd 

10. Plastmass futlyar - 1 ədəd 

Qeyd edək ki, siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək, komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz. Bundan əlavə, çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.


milli.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh