Banner

Yol təhlükəsizliyi ilə bağlı tədbirlərə dair hazırlıq işləri gedir

Qaydalar 13 Oktyabr 2016 03:01 Oxunub 1770
Yol təhlükəsizliyi ilə bağlı tədbirlərə dair hazırlıq işləri gedir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi uğurla davam edir. Baş nazirin müavini Əli Həsənovun sədrlik etdiyi Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Baş Dövlət Yol Polisi İdarəsi, Təhsil Nazirliyi, o cümlədən Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının fəal iştirakı və tövsiyəsi ilə icra olunan layihənin məqsədi Bakı şəhərinin bir sıra orta təhsil müəssisələrinə yaxın ərazi və yollarda yol təhlükəsizliyi prinsiplərinə uyğun davranış qaydalarının təkmilləşdirilməsindən ibarətdir. Məhz bu məqsədlə layihə icra edildiyi müddətdə Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Sabunçu, Səbail, Suraxanı, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonlarının ərazilərində fəaliyyət göstərən  hədəf məktəblər (hər rayon üzrə bir məktəb olmaq şərtilə) seçildi, həmin məktəblərin yol təhlükəsizliyi pasportunun sxematik versiyaları yaradıldı və bu əsasda məktəblilər arasında paylanılması üçün (hər məktəbə 400 ədəd olmaq şərtilə) 4000 ədəd buklet nəşr edildi. Bununla yanaşı layihənin bu mərhələsində təhsil müəssisələri üçün bu kimi pasportların yaradılması üçün metodik tövsiyə işlənib hazırlandı və çap edildi (ümumi tirajı 400 ədəd). 

Yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyasının keçirilməsi layihənin növbəti mərhələsində yerinə yetiriləcək əsas vəzifələrdəndir. Belə ki, 13 oktyabr 2016-cı il tarixindən etibarən “Mütləq keç sən keçiddən, uzaq ol təhlükədən!” devizi altında məlumat aylığına start verilir. Bu müddət ərzində “Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” adlı məlumat sessiyaları keçiriləcək, görüşlər və müzakirələr təşkil olunacaq. Məlumat sessiyaları layihənin hədəf məktəbləri olan Binəqədi rayon 276 saylı, Xətai rayon 58 saylı, Xəzər rayon 149 saylı, Sabunçu rayon 252 saylı, Səbail rayon 203 saylı, Suraxanı rayon 87 saylı, Nərimanov rayon 258 saylı, Nəsimi rayon 8 saylı, Nizami rayon 214 saylı və Yasamal rayon 175 saylı tam orta məktəb və məktəb-liseylərdə keçiriləcək. Sessiyalar zamanı xüsusi diqqət yol təhlükəsizliyi pasportunun sxematik versiyasının və metodik tövsiyyənin təqdimatına yönələcək. 

Layihənin hədəf rayonlarında maarifləndirmə kampaniyasının miqyasının genişləndirilməsi bu rayonların ərazilərində fəaliyyət göstərən digər təhsil müəssisələrinin nümayəndələrinin də keçiriləcək məlumat sessiyalarına dəvət olunmasını tələb edir. Belə ki, sessiyalarda həmin nümayəndələrə onların mənsub olduqları təhsil müəssisələri üçün yol təhlükəsizliyi pasportunun yaradılması ilə bağlı məlumat veriləcək ki, bu da layihənin kəmiyyət göstəricilərinin keyfiyyət səviyyəsinin artırılmasına və məktəb ətrafı ərazilərdə təhlükəsiz yollar mühitinin effektiv şəkildə yaradılmasına səbəb olacaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh