Banner

Yolda kim velosiped sürə bilər?

Qaydalar 23 İyun 2015 23:47 Oxunub 8872
Yolda kim velosiped sürə bilər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beynəlxalq və milli qanunvericilik yol hərəkəti qaydaları baxımından velosipedləri iki növə bölür

Ölkəmizdə nəqliyyat vasitəsi kimi velosipedə maraq artmaqdadır. Bu sevindiricidir. Lakin yollarda tək-tük velosipedin peyda olması ilə onlar ətrafında səs-küy də çıxmağa başladı. Səbəb də velosipedçilərlə avtomobil sürücləri və piyadalar arasında yaranan anlaşılmazlıqdır. Amma yol hərəkəti qaydaları sürücü və piyadalar kimi, velosipedçilərin də hərəkətini tənzimləyir. Düzdür, hazırki qanunvericiliyimizdə velosiped hərəkəti ilə bağlı ciddi problemlər var. Bununla belə, velosipedçilər üçün ən ciddi problem ölkəmizdə yol hərəkətinin təşkili işindədir. 

Hər bir halda ölkəmizdə velosipedin nəqliyyat kimi inkişaf perspektivini nəzərə alaraq, göstərdiyim problemlərin hamısını həll etmək lazımdır.

Problemlər əsasən 3 istiqamətdə həll olunmalıdır:

1. Qanunvericilikdəki və yol hərəkətinin təşkilindəki boşluqlar aradan qaldırılmalıdır. Məlumat üçün bildirirəm ki, 2004-cü ildə “Yol hərəkəti haqqında” Konvensiyaya velosipedlə hərəkətə dair ciddi dəyişikliklər edilib. Həmin dəyişikliklər milli qanunvericiliyə gətirilməli, daha sonra küçə və yollarımızda velosiped zolaqları yaradılmalı və digər işlər görülməlidir. 

2. Nəqliyyat vasitəsi kimi velosiped təbliğ edilməli, velosipedin hərəkət qaydaları, onun texniki təchizatı və velosipeddən istifadənin digər məqamları ilə bağlı maarifləndirmə işi aparılmalıdır. 

3. Yol hərəkəti təhlükəsizliyinə nəzarət edən DYP əməkdaşları velosipedlə yolda hərəkətin bütün incəliklərini ətraflı öyrənməli, bunu təbliğ etməli, həmin qaydalardan kənara çıxan velosipedçilərin məsuliyyətə cəlb edilməsini həyata keçirməlidirlər. 

Bununla belə, hazırki qanunvericilikdə velosipedlərin yollarda hərəkətinə dair bəzi məqamları velosiped həvəskarlarının diqqətinə çatdırmaq istəyirəm.

Əvvəlcə velosipedçi qismində yol hərəkətində iştirak edə bilən şəxslərə dair tələbləri nəzərdən keçirək. 

Beynəlxalq və milli qanunvericilik yol hərəkəti qaydaları baxımından velosipedləri iki növə bölür: 1) mühərriksiz velosipedlər; 2) mühərrikli velosipedlər (mopedlər). Mühərrikli velosiped (və ya moped) mühərrikinin iş həcmi 50 kubsantimetr-dən (yaxud mühərrikinin gücü 4 kilovatt-dan), texniki sürəti isə 50 km/saat-dan az olan nəqliyyat vasitəsidir. Onlar həm pedalla, həm də mühərriklə hərəkət etdirilə bilir.

Ümumi istifadədə olan yollarda mühərriksiz velosipedi idarə etmək üçün minimum 14 yaş, mühərrikli velosipedi idarə etmək üçün isə minimum 16 yaş tələb olunur. Göstərilən yaşa çatmayan uşaqlar ümumi istifadədə olan yolda velosiped sürə bilməzlər.

Mühərrikli və ya mühərriksiz olmasından asılı olmayaraq, velosiped idarə etmək üçün hər hansı vəsiqə tələb olunmur. 

Qanunvericilikdə maraqlı məsələlərdən biri velosipedçinin dəbilqədən istifadə etməsinin məcburi olub-olmamasıdır. Bununla bağlı milli qanunvericiliyimizin mövqeyi anlaşımazdır. “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsində həm mühərrikli, həm də mühərriksiz velosiped sürücüləri üçün «motodəbilqədən istifadə qaydaları» ümumi şəkildə xatırlansa da, velosipedçinin və ya moped idarə edən şəxsin ondan hansı hallarda istifadə etməsinə dair bu Qanunda heç bir müddəa yoxdur. «Yol hərəkəti haqqında» Konvensiyanı tamamlayan Avropa Sazişinə Əlavənin 20-ci bəndi isə müəyyən edir ki, motosikletlərin və asma mühərrikli velosipedlərin (yəni mopedlə-rin) sürücüləri və sərnişinləri üçün qoruyucu dəbilqələrdən istifadə məcburidir. Deməli, mühərrik-siz velosipedin sürücüsünün dəbilqədən istifadəsi məcburi deyil. Hesab edirəm ki, velosipedçinin dəbilqədən istifadə məsələsi məhz bu Sazişə uyğun tənzimlənməlidir. Yəni mühərriksiz velosipeddə dəbilqədən istifadə məcburi olmamalı, mühərrikli velosipeddə isə məcburi olmalıdır. Lakin velosipedçinin təhlükəsizlik mülahizələrinə əsasən öz istəyi ilə dəbilqədən istifadəsi təqdirəlayiqdir. Məlumat üçün bildirirəm ki, dünyanın əksər ölkələrində mühərriksiz velosipedi sürən üçün dəbilqədən istifadə məcburi deyil

Maraqlı məsələlərdən biri də sərxoş vəziyyətdə velosiped sürməyin mümkün olub-olmamasıdır. Bu məsələdə də qanunvericiliyimizin mövqeyi qüsurludur. “Yol hərəkəti haqqında” Qanunda yalnız mexaniki nəqliyyat vasitəsi sürücülərinin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi qadağan olunur. Velosipedçilər üçün belə qadağa yoxdur. Ona görə də İnzibati Xətalar Məcəlləsində yolda sərxoş vəziyyətdə velosiped sürmək özlüyündə xəta sayılmır və buna görə cərimə nəzərdə tutulmur. Amma İXM-in 153.5-ci maddəsinə əsasən, velosipedçi sərxoş vəziyyətdə yol nişanlarının, svetoforun tələblərini və yol hərəkətinin bir sıra digər qaydalarını pozarsa, ayıq vəziyyətdə olan velosipedçi kimi 40 manat deyil, 70 manat cərimə ediləcək. Deməli, sərxoş velosipedçi faktiki olaraq özünü hüquqi baxımdan çətin duruma qoymuş olur. Bununla belə, velosipedi də sərxoş vəziyyətdə idarə etmək olduqca təhlükəli haldır. Bu səbəbdən yaxın gələcəkdə sərxoş vəziyyətdə velosiped sürmək də qadağan edilməli, velosipedçinin sərxoşluğunun müayinəsi və bunun rəsmiləşdirilməsi qaydaları da aydın şəkildə təsbitini tapmalıdır.

Bu mövzuda növbəti yazımda velosipedlə yolda hərəkətin qaydalarının əsas məqamlarını təhlil etməyə çalıcağam.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh