Banner

Yollarda “hərəkət edən bombalar”: Maye qazla işləyən maşınların istismar qaydalarına dəyişiklik ediləcək?

Qaydalar 16 Yanvar 2025 20:06 Oxunub 350
Yollarda “hərəkət edən bombalar”:  Maye qazla işləyən maşınların istismar qaydalarına dəyişiklik ediləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər dünyada ekoloji və iqtisadi baxımdan sərfəli hesab edilən maye qazla (LPG) işləyən avtomobillərin sayı artmaqdadır. Bununla yanaşı, bəzi inkişaf etmiş ölkələrdə təhlükəsizlik məqsədilə bu tip nəqliyyat vasitələrinin parklanması ilə bağlı xüsusi qaydalar tətbiq olunur. Belə ki, LPG-lə işləyən avtomobillərin yeraltı dayanacaqlara buraxılmaması və açıq havada, digər maşınlardan müəyyən məsafədə saxlanılması kimi tələblər mövcuddur.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda bu sahədə xüsusi qanunvericilik qaydaları hələ tətbiq olunmur. Bu vəziyyət təhlükəsizlik baxımından hansısa risk yaradırmı və gələcəkdə bu istiqamətdə yeni tənzimləmələr gözlənilirmi?

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasov məsələ ilə bağlı Avtosfer.az-a bildirib ki, qazla işləyən avtomobillərin anidən alışması mümkündür:

 “Bu əsasən avtomobildə qaz sızması olduqda və hər hansı bir qığılcımın təsiri nəticəsində baş verə bilər. Lakin əgər qaz sistemi saz vəziyyətdədirsə və mütəmadi olaraq yoxlanılırsa, belə halların baş verməsi ehtimalı çox aşağıdır.

Partlayışın baş verməsi üçün sistemdə nasazlıq olmalıdır. Buna görə də qazla işləyən avtomobillərin texniki vəziyyətinə daim nəzarət edilməlidir.

Bundan əlavə, qaz sızmasının yaratdığı təhlükə səbəbindən qazla işləyən avtomobillərin zirzəmi tipli dayanacaqlarda saxlanmasına icazə verilmir. Çünki qaz həmin ərazidə toplanaraq ciddi partlayışa və bina üçün böyük təhlükəyə səbəb ola bilər”.

Sabiq deputat İltizam Yusifov saytımıza açıqlamasında mövzuya daha detallı toxunaraq bildirib ki, qaz müxtəlif formalarda yanacaq kimi istifadə olunur:

“Əsas növləri LNG (Liquefied Natural Gas) – mayeləşdirilmiş təbii qaz, LPG (Liquefied Petroleum Gas) – mayeləşdirilmiş neft qazı (propan və butan qarışığı) və CNG (Compressed Natural Gas) – sıxılmış təbii qazdır. LPG və CNG avtomobillərdə yanacaq kimi geniş istifadə olunur. Dünyada və Azərbaycanda LPG (maye propan) daha çox yayılıb. Son illərdə ekoloji məsələlər və atmosfer tullantılarının azaldılması ilə əlaqədar CNG-nin istifadəsi də artmaqdadır. Azərbaycanda SOCAR və Azpetrol kimi şirkətlər sıxılmış təbii qaz doldurma məntəqələrinin sayını artırmış və bu sahədə inkişaf müşahidə olunur. Maye və təbii qaz ekoloji baxımdan təmiz yanacaqlar hesab olunur, çünki onların tullantıları benzindən 20-50% daha azdır. Qiymət baxımından da sərfəlidirlər. Digər bir üstünlük isə qazın oktan ədədinin 100-dən yuxarı olmasıdır ki, bu da avtomobil mühərriklərinin daha səmərəli işləməsinə səbəb olur. Lakin texniki baxımdan qazın "quru" olması mühərrikin daha tez sıradan çıxmasına gətirib çıxara bilər”.

 

Deputat qeyd edib ki, təhlükəsizlik baxımından avtomobillərdə quraşdırılan qaz qurğuları sertifikatlı olmalı, ölkədə qəbul edilmiş standartlara uyğun quraşdırılmalı və yalnız xüsusi lisenziyaya malik təşkilatlar tərəfindən həyata keçirilməlidir.

“Bundan əlavə, qurğular müvafiq icra qurumları tərəfindən qeydiyyata alınmalıdır. Bütün normalara və təhlükəsizlik qaydalarına riayət edildikdə qaz qurğularının təhlükəsiz olduğu söylənilə bilər. Yanacaq kimi istifadə olunan qazların temperaturdan asılı olaraq həcmi və təzyiqi dəyişir. Bu amil xüsusilə nəzərə alınmalıdır. Digər vacib məqam isə qazla işləyən avtomobillərin qapalı və yeraltı dayanacaqlarda park edilməsi məsələsidir. Müasir dövrdə belə dayanacaqlar tikinti normalarına uyğun layihələndirilir və tikilir, bu səbəbdən onların havalandırma sistemlərinin mövcudluğu vacib şərtlərdən biridir”.

 

İltizam Yusifov sonda əlavə edib ki, Burada əsas məsələ ondan ibarətdir ki, biz avtomobilin LPG, yoxsa CNG ilə işlədiyini ayırd edə bilmirik.

“LPG (maye propan) adi havadan daha ağırdır, ona görə də qapalı yerlərdə sızma baş verdikdə qaz aşağı hissədə yığılır və havalandırma sistemi onu tam xaric edə bilmir. CNG isə adi havadan daha yüngüldür və sızma zamanı havalandırma sistemi ilə asanlıqla çıxarıla bilir. Bu səbəbdən LPG ilə işləyən avtomobillərin qapalı dayanacaqlarda olması daha böyük təhlükə yaradır. Statistika göstərir ki, Azərbaycanda minik avtomobillərinin 0.7%-i, avtobusların 0.6%-i, yük avtomobillərinin isə 1.7%-i maye və ya sıxılmış qazla işləyir. Bu digər ölkələrlə müqayisədə çox az göstəricidir. Qazla işləyən nəqliyyat vasitələrinin əksəriyyəti xidmət, kommersiya və taksi sahələrində istifadə olunur. Şəxsi avtomobillərdə isə bu yanacaq növündən demək olar ki, istifadə edilmir.

Hazırda bu məsələyə dair xüsusi bir qanunvericilik qadağasına ehtiyac duyulmur, çünki elektrik və hibrid avtomobillərə olan tələbat daha sürətlə artır. Lakin müvafiq icra qurumları qazla işləyən avtomobillərlə bağlı normativlər və qaydalar müəyyən etməli, təhlükəsizlik standartlarına ciddi nəzarət aparılmalıdır. Ümumiyyətlə, bu tip avtomobillərin qapalı məkanlarda park edilməsi qəbuledilməz hesab edilir. Azərbaycanda bu tip hallara çox nadir rast gəlinir, lakin qapalı yerlərdə havalandırma sistemlərinin işlək olub-olmaması da daim nəzarətdə saxlanılmalıdır. Bu səbəbdən qazla işləyən avtomobillərin qapalı məkanlarda park edilməsi tövsiyə olunmur”.

Millət vəkili Arzuxan Əlizadə Avtosfer.az-a müsahibəsində maye qaz ilə işləyən avtomobillərin təhlükəsizliyi kifayət qədər ciddi yanaşılmalı olan məsələlərdən biri olduğunu bildirib:

“Xüsusilə maye qazla işləyən avtomobillərin parklanmasına diqqət yetirilməlidir. Xarici ölkələrdə maye qaz ilə işləyən avtomobillərin açıq havada və digər avtomobillərdən kənarda park edilməsi ilə bağlı müəyyən tələblər mövcuddur. Lakin Azərbaycanda hələ bu barədə qanunvericilikdə konkret tələblər əks olunmur. Gələcəkdə bu sahədə qanunvericilikdə xüsusi tələblərin nəzərdə tutulması mümkündür. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda maye qaz ilə işləyən avtomobillərin ümumi nəqliyyat vasitələri arasında faiz nisbətinin çox aşağı olmasıdır. Lakin digər bir vacib məqam ondan ibarətdir ki, bir çox avtomobillərə kustar üsulla maye qaz balonları quraşdırılır və təyinatı dəyişdirilərək sıxılmış maye qazla işləyən nəqliyyat vasitəsinə çevrilir. Bu ciddi fəsadlar yarada bilər, xüsusilə də belə avtomobillərin yaşayış binalarının zirzəmi qarajlarında və ya digər avtomobillərlə birgə park edilməsi böyük təhlükə mənbəyi ola bilər. Ümumiyyətlə, kustar üsulla sıxılmış maye qaz sistemlərinin avtomobillərə quraşdırılması həm avtomobilin sahibini, həm də ətrafdakı insanları risk altına qoyur”.

Millət vəkili qeyd edib ki, Azərbaycana gətirilən bəzi avtobuslar, metan qazı ilə işləyir və onların qaz çəni avtobusun üzərində yerləşdirildiyi üçün təhlükə səviyyəsi daha aşağıdır.

“Eyni zamanda, yük avtomobillərində qaz balonları alt hissəyə quraşdırılır ki, bu da qazın birbaşa havaya yayılmasını təmin edərək təhlükəni azaldır. Lakin kustar üsulla hazırlanmış qaz sistemləri daha çox avtomobilin yük yerində yerləşdirilir ki, bu da ciddi fəsadlar yarada bilər. Belə hallarda hər hansı qaz sızması avtomobilin salonuna daxil ola bilər. Avtomobilin içərisində işıq yandırılması, dönmə işarəsinin aktivləşdirilməsi və ya digər elektrik cərəyanı yarada biləcək istənilən hərəkət böyük partlayışa səbəb ola bilər. Bu, həm avtomobildə olanlar, həm də yaxınlıqda park edilmiş digər avtomobillər və insanlar üçün ciddi təhlükə mənbəyidir.

Buna görə də qanunvericilikdə kustar üsulla qaz balonlarının quraşdırılmasına qadağa qoyulmalıdır. Çünki bu sistemlərin təhlükəsizliyinə heç bir təminat yoxdur. Ən azı qaz sistemlərinin quraşdırılması üçün rəsmi sertifikat və müvafiq dövlət qurumlarından icazə tələb olunmalıdır”.

Arzuxan Əlizadə sonda vurğulayıb ki, gələcəkdə bu sahədə qanunvericilikdə ciddi tələblər və qadağalar nəzərdə tutula bilər. Bu məsələ cəmiyyətin təhlükəsizliyi baxımından xüsusi diqqət mərkəzində saxlanmalıdır”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov quruma göndərdiyimiz sorğuya cavab olaraq bildirdi ki, hazırda bu məsələ müzakirə mövsuzu deyil.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

ŞƏRH YAZ
Ad

E-mail

Şərh