Yollarda sürücülərin yolunu kəsən, qəza şəraiti yaradan dilənçilər - FOTO
Son zamanlar paytaxt yollarında dilənçilərin artması müşahidə edilir. Xüsusilə avtomobil yollarının hərəkət hissəsində sərbəst gəzən və ya işıqforların altında gözləyən şəxslərin yaxınlaşaraq pul istəməsi artıq insanların canını boğazına yığıb. Günün pik saatlarında tıxacın yaratdığı gərginlik bir tərəfdən, nəqliyyat vasitələrinin aralarında gəzərək qəza şəraiti yaradan dilənçilər də bir yandan əsəbləri tarıma çəkir.
Daha da dəhşətlisi isə yaxınlaşıb pul istəyən dilənçiyə “yoxdur” demək xüsusi igidlik tələb edir. Çünki müasir dilənçilər pul vermədiyin təqdirdə ən yaxşı halda sənə söyüş söyərək, avtomobilin şüşəsinə bir yumruq vurub gedirlər. Bu isə qayda pozuntusu olmaqla yanaşı, sürücünün diqqətini də yayındırır. Yaşıl işıqda yolun ortasında gəzən dilənçi yol-nəqliyyat hadisəsinə səbəb olsa, məsuliyyəti kim daşıyacaq? Bu şəxslərlə hansı formada və necə mübarizə aparmaq lazımdır?
Bu qaraçılar Azərbaycana, əsasən, hansı ərazilərdən daxil olurlar? Belə problemlərlə rastlaşan vətəndaşlar Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti”nə müraciət etməlidirlər. Lakin aydın məsələdir ki, şikayətçi aidiyyəti üzrə müvafiq polis bölməsinə yaxınlaşaraq yazılı surətdə izahat verməlidir. Bu da kifayət qədər vaxt itkisi olduğundan sürücülər bu şikayətin arxasınca düşmürlər. Bəs sırf bu şikayətlərin onlayn formada edilməsi mümkün ola bilərmi?
Paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir. Bəs onların yenidən geri qayıtması çoxmu çətindir? Təbii ki, polis əməkdaşları buna nəzarət edə bilməzlər, fiziki olaraq mümkün deyil. Amma bu tədbirlərin çıxış yolu olmadığı da aydın görünür.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov mövzu ilə əlaqədar Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, avaralıq və dilənçiliyə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir. Naryad qrupları tərəfindən tüfeyli və dilənçi həyat tərzi keçirən şəxslərin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi və qeydiyyatda olduqları ünvanlara göndərilməsi təmin edilir:
“Görülən işlərin nəticəsi olaraq, cari ilin doqquz ayı ərzində polis orqanları tərəfindən keçirilən tədbirlər zamanı avaralıq və dilənçilik halları ilə bağlı inzibati protokollar tərtib edilib. Əsasən, respublikanın böyük şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdə və eləcə də Abşeronda müşahidə olunan dilənçilik halları həmin şəxslərin sosial mənsubiyyəti ilə əlaqəlidir, başqa sözlə, dilənçilik onların həyat tərzidir. Tədbirlərlə saxlanılan şəxslərin aidiyyəti dövlət qurumları ilə birgə məşğulluğa cəlb edilməsi istiqamətində işlər görülsə də, onlar bundan imtina edirlər. Bu işdə təkcə dövlət qurumları yox, həm də ictimaiyyət yaxından iştirak etməlidir, yəni hər əl açıb dilənənə pul verdikdə onların sayını artırmış oluruq. Bunu nəzərə alaraq, tək ölkəmizdə olan təcrübə yox, həm də başqa ölkələrin təcrübəsi sübut edir ki, dilənçilik cəmiyyətin sosial rifahı ilə əlaqəli deyil, onların həyat tərzidir.
Cəmiyyəti dilənçiliyi peşə kimi həyat tərzinə çevirmiş insanların profilaktikası işinə dəstək verməyə çağırırıq. Vətəndaşlar təkcə bu hal deyil, həmçinin falçılıq, küçə ticarəti və ən təhlükəlisi - dilənmək adı ilə müxtəlif ünvanları dolaşan şəxslərin oğurluq və digər təhlükəli əməllərinə qarşı da ayıq-sayıq olmalıdırlar”.
Bəs avtomobil yollarında işıqforun tələblərini pozan, yolun hərəkət istiqamətində sərbəst gəzərək qəza şəraiti yaradan, tüfeyli həyat tərzi keçirən, dilənçiliklə məşğul olan şəxslər hərəkət iştirakçısı sayılmırlarmı? Bu normaları pozduqları zaman Dövlət Yol Polisi (DYP) əməkdaşlarının bu istiqamətdə tədbir görmək səlahiyyəti yoxdurmu?
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bununla bağlı bildirib ki, yolun hərəkət hissələrində mütəmadi olaraq dilənçilik edən, nəqliyyat vasitələrinin intensiv hərəkətinə mane olan şəxs və ya şəxslərlə bağlı aidiyyəti üzrə tədbirlər görülür:
“Sözügedən şəxslər ərazidə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə də çətinlik yaradırlar. Həmçinin, tüfeyli həyat tərzi keçirən, avaralıqla məşğul olan şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən vaxtaşırı olaraq Daxili İşlər Nazirliyinin müvafiq xidməti qarşısında vəsatət qaldırılır”.
Belə başa düşülür ki, dilənçilər, avaralıqla məşğul olan şəxslər yolun hərəkət hissəsində olsalar da, qaydaları pozsalar da, onlar hərəkət iştirakçısı hesab edilmirlər və piyadalar üçün nəzərdə tutulan müvafiq protokollar onlara şamil edilmir.
Eləcə də, dilənçilik edən, avaralıqla məşğul olan şəxslərin bir qisminin nə sənədi, nə də yaşamağa yeri var. Təəssüf ki, bu gün insanların bu problemi “xırda məsələ” adlandırıb şikayət etməməsi çox ağır fəsadlara gətirib çıxarır. Rəsmi şikayət üçün prosedur qaydası bir qədər uzun olduğundan dilənçilərlə qarşılaşan, hətta dilənçilər tərəfindən təhqirlərə məruz qalan insanlar dəyərli zamanlarını ayırıb aidiyyəti üzrə bölmələrə gedərək rəsmi qaydada şikayət ərizəsi də yazmaq istəmirlər. Necə deyərlər, tək əldən səs çıxmaz. Cəmiyyəti bu problemdən xilas etmək istəyiriksə, yerli qurumların hər biri öz üzərinə düşən öhdəliyi yerinə yetirməli və birgə fəaliyyət göstərməlidir. Yoxsa yollarda dilənçilik, avaralıq edənləri hələ çox görməli olacağıq...