Azər Maqsudovun törətdiyi qəzada ölən alimin həyat yoldaşı ifadə verdi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Avtosfer.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində növbəti iclas keçirilib.
İclasda bildirilib ki, cinayət işi hakim Anar Rzayevin icraatında idi. Anar Rzayev Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunduğu üçün iş hakim Teymur Həsənovun icraatına verilib. Məhkəmə istintaqının olduğu yerdən davam etdirilməsinə etiraz olmayıb. Proses olduğu yerdən davam etdirilib.
Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi Sevda Acaloğlu (Arif Acaloğlunun həyat yoldaşı- red.) ifadə verib.
O bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağını gözləyir: “Mən hadisə baş verən anı göstərən 9 müxtəlif videoya dəfələrlə, ürək ağrısı ilə baxmışam. Yoldaşım yolu keçəndə l və ll zolaqda hərəkət edən sürücülər idarə etdiyi avtomobilləri tam şəkildə saxlayır, lll zolaqda hərəkət edən sürücü sürətini azaldır. Lakin həmin avtomobilin arxasında hərəkət edən avtomobil manevr edərək lV zolağa keçir və yoldaşımı vurur. Yolu xəstə, qoca, əqli qüsurlu şəxs keçə bilər. Bunu düşünmək lazımdır. Bu hadisə bizə ailəlikcə psixoloji zərbə vurub. Biz maddi cəhətdən psixoloji yardım ala bilmədik. Oğlum xaricdə təhsil alır. O, təhsil ala-ala işləməyə məcburdur. Qızım imkansızlıqdan magistr təhsilini yarıda qoydu. Bu, bizə zərbədir. Mən sona qədər mübarizə aparacam. Ədalət gözləyirəm. Maddi və mənəvi tələb irəli sürürəm”.
Təqsirləndirilən şəxsin vəkili ekspertizanın yenidən aparılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmənin qərarına əsasən, vəsatət açıq saxlanılıb.
Proses dekabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, zərərçəkən tərəf 200 min manat təzminat tələbi irəli sürüb.
Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
(apa)