Banner

İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə çatıb, 7 ailə köçürülüb

Qəzalar 7 İyun 2016 12:01 Oxunub 1398
İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə çatıb, 7 ailə köçürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd sakinlərinə başqa ərazidən həyətyanı sahələr üçün torpağın verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ediləcək

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində torpaq sürüşməsi davam edir. Son iki gündə sürüşmə daha da aktivləşərək böyük ərazini əhatə edib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hazırda  ərazidə təhlükəli vəziyyət yaranıb, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında iri çatlar əmələ gəlib, deformasiyaya uğrayan evlər yaşayış üçün yararsız hala düşüb. İyunun 6-7-də kənddə 7 ailənin üzvləri mənzillərdən təhlükəsiz əraziyə köçürülüb. Onlar kənddə müvəqqəti olaraq qohumlarının evlərində yerləşiblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev apa-nın yerli bürosuna bildirib ki, Basqal-Sulut yolunun 10-cu kilometrliyində baş verən sürüşmə prosesi hələ də aktiv fazadadır. İndiyədək Sərsurə kəndində 44 fərdi yaşayış evindən 7-də təhlükəli vəziyyət yaranıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirdikdən sonra sakinlərin köçürülməsinə qərar verilib. Kənddəki digər evlərdə də xırda çatlar müşahidə edilir. Hazırda sürüşmə davam edərək ümumilikdə 50 hektardan çox ərazini əhatə edir. Hadisə ilə bağlı İsmayıllı rayon Fövqəladə hallar komissiyası tərəfindən Nazirlər Kabinetinə məlumat verilib. Məlumata görə, Sərsurə kəndinin ərazisində yaşayış evləri və həyətyanı sahələr olan torpaqların hamısı sürüşmə zonasındadır. Ona görə də kənd sakinlərinə başqa ərazidən həyətyanı sahələr üçün torpağın verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət ediləcək. Rövşən Ağayevin sözlərinə görə torpaq sürüşməsi zamanı İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolu bağlanıb, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib, ərazidə uzunluğu 3 kilometr, eni 120-140 metr olan sürüşmə sahəsi yaranıb: “Dərhal əraziyə “Azəravtoyol” Səhmdar Cəmiyyətinin 7 saylı Yol idarəsinin  ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq sürüşmə ərazisindən kənarda 5 kilometr uzunluğunda alternativ yol çəkilib. Əhalinin və avtomobillərin hərəkəti bərpa edilib. Sürüşmə zamanı elektrik dirəklərinin yıxılması səbəbindən kəndlərə elektrik verilişi dayanmışdı. Elektrik dirəkləri və naqillər tez bir zamanda bərpa edilərək əhali enerji ilə təmin olunub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh