Son 5 ildə yol qəzalarının sayı azalıb - RƏSMİ

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2021-2025-ci illər üzrə yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı ümumilikdə azalan dinamika nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.
2021-ci ilin yanvar–sentyabr aylarında 1 171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2022-ci ilin eyni dövründə bu göstərici 7,5% və ya 88 hadisə artaraq 1 259-a yüksəlib və son beş ilin ən yüksək nəticəsini təşkil edib.
Sonrakı illərdə isə yanvar–sentyabr ayları üzrə ardıcıl azalma müşahidə olunur. 2023-cü ilin ilk doqquz ayında yol-nəqliyyat hadisələrinin sayı 1 204 olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4% və ya 55 hadisə azalma deməkdir.
2024-cü ilin yanvar–sentyabr aylarında göstərici daha kəskin enərək 1 031 hadisəyə düşüb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 173 hadisə azalma deməkdir.
2025-ci ilin yanvar–sentyabr ayları üzrə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,2% və ya 126 hadisə azalma deməkdir. Rəqəmlər göstərir ki, son illərdə yol təhlükəsizliyi istiqamətində atılan addımlar və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində ölkədə yol-nəqliyyat hadisələrinin sayı davamlı şəkildə azalır.
.png)
Cari ilin yanvar–sentyabr aylarında ölkədə baş verən yol-nəqliyyat hadisələrinin strukturunda əsas payı nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verən qəzalar təşkil edib. Belə ki, qeyd olunan dövrdə hadisələrin 39,1%-i sürücü–piyada toqquşmalarının payına düşüb. Bu göstərici piyadaların yol hərəkətində ən həssas qrup olaraq qalmasını və piyada təhlükəsizliyi üzrə görülən tədbirlərin hələ də kifayət qədər effektiv nəticə vermədiyini göstərir.
Eyni zamanda, yol-nəqliyyat hadisələrinin 38,8%-i bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən toqquşmalarla bağlı olub. Bu, intensiv hərəkətli magistral və şəhərdaxili yollarda sürət həddinə əməl edilməməsi, diqqətsiz zolaq dəyişmələri və düzgün məsafə saxlanılmaması kimi ehtiyatsız davranışların nəticəsi kimi qiymətləndirilir.
Yalnız bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalar isə ümumi strukturun daha kiçik hissəsini - 22,1%-ni təşkil edib.
.png)
2021-ci ilin yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələri nəticəsində yaralananların sayı 1 043 nəfər təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 5,4% və ya 56 nəfər artaraq 1 099 nəfərə yüksəlib və son illərin maksimum səviyyəsinə çatıb. Növbəti illərdə isə ardıcıl azalma müşahidə olunub. 2023-cü ildə yaralananların sayı 1 034 nəfərə enib ki, bu da əvvəlki illə müqayisədə 5,9% və ya 65 nəfər azalma deməkdir. 2024-cü ilin yanvar–sentyabr aylarında göstərici daha da azalaraq 914 nəfərə düşüb, bu isə 11,6% və ya 120 nəfər azalma deməkdir. 2025-ci ilin müvafiq dövründə yaralananların sayı 757 nəfər təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 17,2% və ya 157 nəfər, 2021-ci illə müqayisədə isə ümumilikdə 27,4% və ya 286 nəfər azalma deməkdir.
Həlak olanların dinamikası isə müəyyən fərqlər göstərir. 2021-ci ilin yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələri nəticəsində 504 nəfər həlak olub. 2022-ci ildə bu göstərici 18,8% və ya 95 nəfər artaraq 599 nəfərə, 2023-cü ildə isə əlavə 4,7% və ya 28 nəfər artımla 627 nəfərə yüksəlib. Növbəti illərdə azalma qeydə alınıb: 2024-cü ilin yanvar–sentyabr aylarında həlak olanların sayı 17,1% və ya 107 nəfər azalaraq 520 nəfərə düşüb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 507 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5% və ya 13 nəfər azalma deməkdir.
Ümumilikdə rəqəmlər göstərir ki, son beş ilin yanvar–sentyabr ayları üzrə yol-nəqliyyat hadisələrində yaralananların sayında ciddi azalma müşahidə olunsa da, ölüm hallarının səviyyəsi hələ də yüksək olaraq qalır. Ölüm riskinin azaldılması üçün sürət rejiminə nəzarətin gücləndirilməsi, yolların işıqlandırılması, piyada intizamının artırılması və digər təhlükəsizlik tədbirlərinin davam etdirilməsi zəruridir.
.png)
Hər üç ölkənin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarında yayımlanan məlumatlara əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarına dair göstəricilərin müqayisəsi Cənubi Qafqaz ölkələri arasında yol-nəqliyyat hadisələrinin sayında ciddi fərqlərin mövcud olduğunu göstərir. Hesabat dövründə Azərbaycanda 1 264 yol-nəqliyyat hadisəsi qeydə alındığı halda, Gürcüstanda bu göstərici 4 480, Ermənistanda isə 3 547 olub.
Rəqəmlər göstərir ki, Gürcüstanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı Azərbaycan üzrə göstəricini təxminən 3,5 dəfə və ya 3 216 hadisə, Ermənistanda qeydə alınanlar isə 2,8 dəfə və ya 2 283 hadisə üstələyir.
.png)














