SSRİ-də avtomobil və təyyarə qəzası olmurdu? - FOTO
Hər dəfə istər Azərbaycan, istərsə də dünyada böyük aviasiya və avtomobil qəzaları olduqda yaşlı nəslin dilindən bu sözləri eşidirik: sovetin vaxtında qəza olmurdu, ölüm-itim yox idi. Bəs bu stereotip nə dərəcədə doğrudur?
Suala cavab vermək üçün ilk növbədə stereotipin necə formalaşmasını bilmək zəruridir. Axı dünyanın ən böyük aviaparkına, ən böyük quru, dəniz və dəmir yolları şəbəkəsinə malik olan ölkədə qəzasız necə keçinmək olardı? Həm də nəzərə alaq ki, aeroport və avtomobil yollarının keyfiyyətinə görə Sovet İttifaqı “çürümüş kapitalizm”in hökm sürdüyü ölkələrdən qat-qat geridə idi.
Avtosfer.az xəbər verir ki, stereotipin kökünü mətbuatda, daha doğrusu mətbuatın iş prinsipində axtarmaq lazımdır. Bir qədər geriyə, 20-ci əsrin əvvəllərinə qayıdaq.
Sosialist inqilabından sonra yeni hökumətin ilk işi mətbuatı “burjuaziyadan azad etmək” oldu. Bunun da yolu senzuranın tətbiqi idi. Sonradan sistem daha da təkmilləşdi. Bu işə nəzarət edən qurum QLAVLİT (Mətbuatda Dövlət və Hərbi Sirlərin qorunması üzrə Baş İdarə) illər keçdikcə səlahiyyətlərini böyütdü. 70-ci illərdə ölkənin vəziyyəti pisə doğru getdikcə, senzura da sərtləşməyə başladı.
İndi gələk qəzalara. QLAVLİT-in siyahsına, daha doğru məxfi sənədinə görə aviasiya, dəmir yolu, avtomobil nəqliyyatında insan tələfatı ilə nəticələnən qəzalar barədə məlumat müvafiq nazirliyin icazəsi ilə çap edilə, televiziya və radio ilə yayıla bilərdi. Müvafiq nazirliklər isə bu icazəni bir qayda olaraq vermirdi. Ya da çox təhrif olunmuş şəkildə verirdi.
Gizlədilməsi mümkün olmayan çox böyük tələfatla nəticələnən qəzalar barədə isə məlumat bir neçə gün sonra, 2-3 cümlə ilə ictimaiyyətə çatdırılırdı. Məsələn, 11 avqust 1979-cu ildə baş verən dünya aviasiya tarixində ən böyük qəzalardan biri barədə TASS yalnız 3 gün sonra məlumat yaydı. Əgər Özbəkistanın məşhur “Paxtakor” futbol klubunun heyəti həlak olmasaydı, yəqin ki sovet xalqı bundan ümumiyyətlə xəbər tutmayacaqdı. Sözügedən qəzada Ukrayna səmasında “Aeroflot”a məxsus 2 TU-134 təyyarəsinin 9000 metr yüksıklikdə toqquşması nəticəsində 188 nəfər həlak olmuşdu. SSRİ-nin mövcud olduğu dövrdə 5 minədək irili xırdalı aviasiya insidenti olsa da, sovet vətəndaşları bunun cəmi bir neçəsi barədə məlumat ala bilib.
Bəli, hörmətli oxucu, “SSRİ-də qəza olmurdu” stereotipinin səbəbini aviasiyanın mükəmməlliyində deyil, azad mətbuatın yoxluğunda axtarmaq daha doğru olar.
QLAVLİT-in bəzi gülməli qadağaları barədə: SSRİ-də avtomobil şinlərinin, boyalarının, mühərriklərin istehsalına dair statistika vermək qadağan idi. Burada dövlət sirri hesab ediləcək nə ola bilər?
QLAVLİT-in ömrü Sovet İttifaqından daha uzun oldu. 25 oktyabr 1991-ci ildə SSRİ-də bu struktur ləğv edilsə də, ləğvetmə qısa çəkdi. Müstəqillik qazanan Orta Asiya və Qafqaz respublikalarının yeni rəhbərlərinin ilk işi QLAVLİT-i başqa adla bərpa etmək oldu.
Azərbaycanda bu bədnam strukturun fəaliyyətinə Heydər Əliyev son qoydu.
Vüqar Yaşaroğlu