Banner

Yolun ortasına basdırılan armatur sürücünü ağır qəzaya saldı – Günahkar tapılacaqmı? - VİDEO

Qəzalar 29 Dekabr 2025 15:11 Oxunub 476
Yolun ortasına basdırılan armatur sürücünü ağır qəzaya saldı – Günahkar tapılacaqmı? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində avtomobillərin hərəkəti zamanı müxtəlif maneələrlə qarşılaşdığı və nəticədə nəqliyyat vasitələrinə zərər dəydiyi ilə bağlı görüntülər paylaşılıb. Günün qaranlıq vaxtı sürücülər yerə basdırılan armaturları vaxtında görə bilmir və bu da yol-nəqliyyat hadisələrinə səbəb olur. 

Bəs bu vəziyyətdə aidiyyəti qurumlar yollarda təhlükəsizliyi necə təmin edir?

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında təəssüflə bildirib ki, yollarımızda bu cür xoşagəlməz hallar, neqativlər tez-tez üzə çıxır: “Deməzdim ki, hansısa dövlət orqanı gedib ora armatur basdırıb, dəmir parçası qoyub.

Amma hansısa məsuliyyətsiz vətəndaş bunu edə bilər. İnanıram ki, kimsə məqsədli şəkildə sürücülərə zərər vurmaq üçün belə bir addım ata bilər. Hər bir halda, vətəndaş yaxşı olar ki, polisə müraciət etsin. Kamera vasitəsilə aşkar etmək mümkündür ki, orada bu işi kim görüb, armaturu ora kim basdırıb və həmin şəxs mütləq tapılıb cəzalandırılmalıdır.

Burada söhbət insan həyatından gedir. Sən bu qədər məsuliyyətsiz hərəkətinlə başqalarına maddi ziyan vurursan, bunun daha ağır fəsadları ola bilərdi. Yenə də hadisə yalnız maddi zərərlə ötüşübsə, buna şükür etmək olar.

Amma hər bir halda düşünürəm ki, bu məsələ mütləq polisin nəzarətində olmalıdır. Daxili işlər orqanları bu hərəkəti edən hər kimdirsə, onu tapıb cəzalandırmalıdır. Bu mütləq baş verməlidir, əks halda belə hərəkətlər trend şəklində yayılır. Bəzi vətəndaşlar elə bilirlər ki, yolda istədikləri oyunu çıxara, nə istəsələr edə bilərlər. Bu, belə deyil. Yol hər bir vətəndaş üçün, hər bir istifadəçi üçün təhlükəsiz və rahat olmalıdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən də mütləq nəzarət həyata keçirilməlidir: “Yol hərəkətinin təhlükəsizliyinə, hərəkətin təşkilinə cavabdeh qurumlar bu məsələyə diqqət yetirməlidirlər. Yolda kiməsə ziyan dəyibsə, bunun səbəbi araşdırılmalıdır. Əgər araşdırılmırsa, deməli, qurumlar da məsuliyyətsiz davranırlar”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh