Zaqatalada 3 məktəblini avtomobil vurub, ikisi hadisə yerində ölüb, cinayət işi açılıb - FOTO - VİDEO
Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.
Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.
***
15:16
Zaqatalada baş verən ağır yol qəzasında ölən məktəblilərin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, qəza zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan apa-ya bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
***
14.23
Zaqatalada üç məktəblini avtomobil vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakini olan üç məktəblini vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Uşaqların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Xəsarət alan uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.